“Anamızı ağlatdıqdan sonra o medalı verdilər” – Əziz Sancar

Baxış sayı: 139

Bir medala qovuşmaq üçün bəlkə də elmi fəaliyyətlə məşğul olduğu bu neçə il ərzində heç o qədər yorulmamışdı. Düşdüyü o qaça-qaça görə mükafat aldığına az qala peşman ola. Necə deyərlər, gerçəkdən Nobeli “burnundan gətiriblər”.
 
Qəhrəmanımız 2015-ci ilin kimya üzrə Nobel mükafatçısı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Türkiyənin tanınmış alimi Aziz Sancardır.
Əziz Sancar Nobel mükafatının təqdim edildiyi günə kimi dəhşətli dərəcədə yorğunluq yaşadığından şikayət edir. Deyir ki, Nobeli almaq  üçün düz bir həftə ora-bura qaçmalısan və sonda ona qovuşursan. Nə olsun ki, qovuşdu?! İndi min bir yolu qət edib qovuşduğu o medal Atatürklə eyni qəbirdə yatır.
Bunlar haqqında sonra danışarıq. Amma əvvəlcə, Əziz Sancarla harada görüşdüyümüzü qısaca qeyd edim.
İyunun 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kimya üzrə Nobel mükafatçısı ilə səmimi görüş keçirildi. Əziz Sancarla görüş keçiriləcəyini duyan hər kəs bura axışmışdı. Bizi maraqlandıran suallar çox idi. Sağ olsun, professor özü hər kəsi maraqlandıra biləcək sualları bir-bir cavablandırdı.
İlk olaraq görüşdə UNEC-in rektoru, professor Ədalət Muradov çıxış etdi və Əziz Sancarın UNEC-də iştirakını universitetin tarixində ən əlamətdar gün kimi qiymətləndirdi. 
 
- Bugünkü qonağın yeri daha doğma, əzizdir. Əziz Sancar bu qələbəsi ilə bütün dünyaya sübut etdi ki, türk dünyasının içindən də belə alimlər çıxa bilər və bu, heç kimdə təəccüb doğurmamalıdır.
Əziz Sancar: “İndiyə qədər yalnız Allah bilirdi, indi mən də bilirəm”
Keçək səmimi görüşün əsas qəhrəmanı olan Əziz Sancarın maraqlı xatirələrinə.
Ə.Sancar deyir ki, “Sən nə vaxt Nobel alacaqsan?” sualını eşitməkdən bezibmiş və nəhayət, bu sualdan canı qurtarıb.
- Nobel alacağım, nə vaxt alacağım barədə heç vaxt düşünmürdüm. Nobel almamışdan üç gün əvvəl bir jurnalist dostumla qarşılaşdım. Mənə sual verdi ki, nə vaxt Nobel alacaqsan? Həmişə eyni sualı soruşurdu. Ona dedim ki, sən bu sualı mənə bir də versən, səni danışdırmayacağam. Çünki Nobel alsam, bunu hər kəs biləcək.
Alim deyir ki, elm zaman alır və elmlə məşğul olmaq istəyən hər kəs bunu nəzərə almalıdır:
- Nobel almazdan əvvəl universitetdə elmi işlərim üzərində işləyirdim. Bir türk qadın oğlu ilə universitetə məndən məsləhət almağa gəlmişdilər. Oğlan bizim universitetdə oxumaq istəyirdi. Üzərində çalışdığım bir neçə elmi araşdırma barədə onlara məlumat verdim. Oğlan təəccüblə dedi ki, elə bu qədər?! (Gülür)
Dedim ki, oğlum, mən bu işə 40 ilimi həsr etmişəm. Əgər elmlə məşğul olmaq istəyirsənsə, bunu nəzər almalısan. Elm zaman alır və bir-iki günlə olmaz. Bundan sonra oğlan bizim universitetə gəlmədi, başqa yerə getdi. (Gülür)

Aziz Sancar Nobel mükafatı aldığı barədə xəbəri ona necə çatdırdıqlarını da bizimlə bölüşdü. Sözündən belə anladım ki, amerikan əsilli olan xanımı az qala bütün işləri korlayacaqmış, Nobel əldən gedəcəkmiş.
- Mükafatı aldığım gün səhər saat 05.00 radələrində İsveçdən evə zəng gəldi. Həyat yoldaşım telefonun dəstəyini götürdü. Ondan məni soruşublar. O da cavab verib ki, Aziz Sancar yatıb, cavab verə bilməyəcək, nə deyəcəksinizsə, mənə deyin. Aralarında mübahisə düşüb. Hətta dalaşıblar da. İsveçdən zəng edən şəxs də deyib ki, Aziz Sancara deyəcəklərimi sizə söyləyə bilmərəm, bircə ona çatdırın ki, Stokholmdan zəng edib onu axtarırlar. Stokholm adını eşidən kimi xanım tez məni oyatdı və onlarla danışdım. Amma yuxulu olduğum üçün nələr dediyimi hələ də xatırlamıram. Yaxşı ki, işləri korlamamışam. (Gülür) Dedilər ki, bəs məlumatı rəsmi elan edəcəyik, sənin də yarım saatın var, yarım saata hazırlaş, mətbuat nümayəndələri gələcək. Hazırlaşıb laboratoriyama getdim və jurnalist axını başladı.

 Həmin gün ilk dəfə mətbuatda gedən müsahibəsində çıxmış fotosunu ekranda göstərir. Çox həyəcanlı və xoşbəxt imiş.
 “...O gün türk dünyasını təmsil edirdim və Allaha şükür ki, türk dünyasını pis vəziyyətdə qoymadım”.
 Professor deyir ki, Nobel alma mərasiminin ən önəmli hissəsi Nobel dərsi verməkdir və düz 20 gün o qisim üçün hazırlaşıb:
 - Bir elm adamı üçün Nobel alma mərasiminin ən önəmli hissəsi Nobel dərsi verməkdir. Yəni Nobelə layiq olduğunu göstərmək üçün Nobel dərsi verməli və çıxış etməlisən. 20 gün bu dərs üçün hazırlaşdım. Çox həyəcanlı və stressli idim. Bütün türk dünyasını təmsil edirdim və içimdə türk dünyasını pis vəziyyətdə qoymaq qorxusu var idi. Allah güc verdi, yaxşı çıxış etdim. Həyatımda ən xoşbəxt olduğum an idi. Çünki o zaman məni yetişdirən anaya, ataya və türk dünyasına borcumu ödədiyimi hiss etdim və xoşbəxt oldum.
 Nobel mükafatçısı elan olduqdan sonra Qazaxıstandan tutmuş bir çox müsəlman ölkələrindən mənə təbrik gəldi.
 Azərbaycanın Vaşinqtondakı səfirliyində mənə çox diqqət ayırdılar. Dəvət edib, təbrik etdilər.
Əziz Sancar deyir ki, Nobel mükafatını təqdim edənə kimi düz bir həftə onları gəzdiriblər. Özü də mükafatçılar əsasən 60-70 yaşlı qocalar olur. İndi təsəvvür edin, onların mükafatın təqdim edilmə mərasimdəki halını... Gözünüzün önündə canlandırdınız? Lap yaxşı. İndi isə professoru dinləyək.
- Mükafatı almaq üçün İsveç kralı ilə görüşməli idik, amma o vaxta kimi düz bir həftə bizi gəzdirirlər. Nobel həftəsi olur. Konsertlər, partilər, universitetlər, məktəblər və sonda kralın görüşünə gedib medalı təhvil almalı idik. Anamızı ağlatdıqdan sonra ən sonda medalı verəcəkdilər. Gün gəldi və Nobeli almaq üçün kralın otağında gözləyirdik. Mən də yaşlı və yorğun olduğum üçün otaqda yatıb qalmışdım. Çünki çox çalışmışdım. Birtəhər oyandım. Yıxılmadan, ayağım qırılmadan kralın əlini sıxdım və medalı aldım. (Gülür)
 Medalı aldıqdan sonra qızı atasının adını hər yerdə eşitməkdən, görməkdən bezibmiş. Hətta üsyan edərək başqa şəhərə qaçıb, amma...
- Medal həyatımı çox dəyişdi. Hər gün, hər yerdə “Aziz Sancar” deyirdilər. Axırda qızım  bezib Nyu-Yorka getdi. Orda da mənim adımla qarşılaşmışdı, üsyan edirdi ki, “Bu nədir? Hər yerdə Aziz Sancar”. Bu kişidən canımı qurtara  bilmirəm”.
Hə, indi isə gələk o min bir əziyyətlə əldə edilən medala. Yuxarıda qeyd etdik axı ki, indi qəbirdədir. İnanmaya bilərsiniz, bir az da lağlağı kimi səslənə bilər, amma həqiqət budur. Necə olduğunu alimin öz dilindən eşidin.
- Nobeli aldığımın ikinci günü medalı Atatürkün Anıt Qəbirinə göndərdim. Çünki Atatürkün hesabına Nobeli almışdım. Beləliklə Atatürk və Türkiyə Cümhuriyyəti qarşısında borcumu ödədim.
Aziz Sancarın gənclərə məsləhəti:
- İslam dünyasında elmlə məşğul olmaq, elmin mədəniyyətini inkişaf etdirmək ənənə olmalıdır.
- Oxumaqla yanaşı, düşünmək üçün də özünüzə vaxt ayırın.
- Çox vaxt və əziyyət tələb etsə də analitik, kreativ düşünmə bacarığı əldə edin.
- Yaxşı karyera əldə etmək üçün uzun müddət işləməli olduğunuzu və bunun davamlı proses olduğunu bilin.
- Sizə kömək edəcək yaxşı məsləhətçi və müəllimlər tapın.
- Təhsil almaq və tədqiqat aparmaq üçün xaricə gedin. Ancaq sonra mütləq ölkənizə qayıdın.
- Üzərində çalışacağınız mövzu müəyyən edin. Tələb olunan qədər öyrənin.
 Uğurlu elm adamında üç təməl xüsusiyyət olmalıdır:
 - Biliyə əsaslanan yaradıcılıq;
 - Ciddi çalışmaq;
 - Uğursuzluq qarşısında dirənmək.
 
Nobel mükafatçısı uğurun formulunu izah edir:
 - Savad, inadkarlıq və çalışqanlıq lazımdır.
 - Çox çalışın, ətrafınızda mövzunuzla əlaqəli hadisələri izləyin, ən müasir texnologiyanı öyrənərək öz işinizə tətbiq edin. Mənim uğurumun addımları bunlardır.
 - Özünüzdən razı olmayın. Razı olmaq ancaq Allaha yaraşır. Əlinizdən gəldiyi qədər təvazökar olun.
 - Elm könül, fədakarlıq, maraq, məmləkətinə, insanına xidmət işidir. Yəni elmə pul qazanmaq üçün gəlməyin.
- Heç vaxt elmdə ümidsizliyə qapılmayın. Siz yaxşı tədqiqat aparsanız, əvvəl-axır mükafatınızı alacaqsınız.
 - Gündəlik siyasət, dedi-qodu ilə məşğul olmayın.
 - Vətən sevgisini öyrənin.
 Və unutmayın ki, insanın ailəsi, insanlıq və ölkəsinə xidmət Nobeldən də vacibdir. .