​ANAMA nə qədər ərazini minalardan təmizləyib?

Baxış sayı:
4552

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) fevral ayı ərzində 8 milyon 870 min 514 kvadratmetr ərazini minalardan təmizləyib.
ANAMA-dan bildiriblər ki, əməliyyatlar nəticəsində 1437 partlamamış hərbi sursat (PHS) və tank əleyhinə bir mina aşkarlanaraq zərərsizləşdirilib.
Ay ərzində minatəmizləmə prosesinə 490 nəfərlik əməliyyat və 136 nəfərlik inzibati heyətlər, 6 mexaniki minatəmizləmə maşını, 40 minaaxtaran it cəlb olunub.
İndiyədək ümumilikdə 513 milyon 640 min 781 kvadratmetr ərazi təmizlənib. Əməliyyat nəticəsində 792 min 609 mina və PHS tapılaraq zərərsizləşdirilib.
Fevralda Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən 9, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 12 və DİN-in Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Şöbəsindən 1 müraciət daxil olub. Bu müraciətlər əsasında 14 min 425 kvadratmetr ərazi təmizlənib, 995 PHS və tank əleyhinə bir mina aşkar olunub. Həmin sursat yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Fevralda ANAMA tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Füzuli, Gəncə, Şəmkir, Tərtər, Xızı, Sumqayıt və Bakı şəhərində həyata keçirilib.
Ümumiyyətlə, ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.