​Ana bu dəfə oğlunu da işə salıb: dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması...

Dələduzluqda təqsirləndirilən ana və oğulun məhkəməsi başlayıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Qədəm Tanrıverdiyeva və onun oğlu Nadir Tanrıverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 19-a təyin edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs Qədəm Tanrıverdiyeva əvvəllər də dələduzluqda ittiham olunub və həbs edilib. Qədəm Tanrıverdiyeva 2014-cü ildə dələduzluq etdiyi üçün həbs edilib və o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Qədəm Tanrıverdiyevanın əməli sübuta yetirilməyib və barəsində bəraət hökmü çıxarılıb. Həbsdən çıxan Qədəm Tanrıverdiyeva növbəti dəfə dələduzluq ittihamı ilə həbs edilib.
Bu dəfə isə məlum olub ki, dələduzluq işində oğlu Nadirin də əli var. Ana və oğul Abşeron və Sumqayıtda bir qrup vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədiblər. Onlar zərərçəkmişlərin şikayəti əsasında həbs ediliblər.
Qədəm Tanrıverdiyeva və Nadir Tanrıverdiyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci ( bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər./musavat.com /