“AMRAH BANK”-ın BAĞLANMASI SİFARİŞLİDİR” – “Bir nəfərin barmaq işarəsilə bu boyda bankı bağlamaq…”

Baxış sayı:
1634

“Amrah Bank”-ın hüquqşünası Mehdi Mehdiyev: “Elman Rüstəmov böyük səhv edir… Gəlsinlər sübut edim ki, kim müflisdir, kim müflis deyil”
 
Aprelin 28-də Mərkəzi Bankın fəaliyyətini dayandırmağa qərar verdiyi 4 bankdan, sonradan isə lisenziyası ləğv olunan 2 bankdan biri olan “Amrah Bank”-ın hüquqşünası Mehdi Mehdiyev media təmsilçilərinə maraqlı açıqlamalar verib.
 
Bankın ofisində çoxsaylı əməkdaşla birgə “Amrah Bank”-ın bağlanmasına etiraz edən hüquqşünas Mərkəzi Bankın qərarının qərəzli olduğunu deyib: ““Amrah Bank”-ın bağlanması kifayət qədər qərəzlidir. “Amrah Bank”-ın bağlanmasına heç bir ehtiyac yox idi.”
 
Hüquqşünas qeyd edib ki, bankın heç bir ciddi problemi olmayıb və “Amrah Bank” depozitləri qaytarmaq iqtidarında olub: “Biz əhalinin banka qoyduğu depozitləri qaytarırdıq. Bizə vaxt qoyaydılar ki, iki həftəərzində depozitləri qaytarın. Niyə etmədilər? İki həftəyə depozitlərin hamısını verəcəkdik. Siz bankı heç bir səbəb olmadan bağlayırsınız və sonra insanları, narazı kütləni yönəldirsiniz “Amrahbank”-ın üzərinə. İndiyə qədər kim “Amrahbank”-dan şikayət etmişdi ki, onun depoziti qaytarılmayıb? Belə şey olmamışdı… “
 
Ardınca bankın hüquqşünası iddia edib ki, “Amrahbank”-ın bağlanması sifariş əsasında baş verib və hətta Mərkəzi Bank rəhbərliyini bu məsələ ilə bağlı teledebata çağırıb: ““Amrahbank”-ın bağlanması sifarişlidir. Sifarişin haradan gəldiyini mən deyə bilmərəm. Sadəcə, bir faktı deyə bilərəm ki, ”Amrahbank” stabil işləyən bank idi və o, Azərbaycanın ən qocaman bankı olub. Bu bankın tarixi 26 ildir. Bir nəfərin barmaq işarəsilə bu boyda bankı bağlamaq düzgün deyildi. “Amrahbank” özünü müflis elan etməyib. Elman Rüstəmov böyük səhv edir. Mərkəzi Bankın rəhbərliyini teledebata çağırıram. Gəlsinlər sübut edim ki, kim müflisdir, kim müflis deyil. Onda ortaya bir şey çıxacaq – nəyə görə bəzi banklara pandemiya dövründə 60-80 milyon pul ayırırsınız, “Amrahbank”ı isə bağlayırsınız?”.
 
Hüquqşünas bildirib ki, “Amrahbank”ın heç Mərkəzi Bankın pul ayırmasına da ehtiyacı olmayıb. Sadəcə, bankın işləməsinə imkan verilməliydi. Xüsusilə indiki pandemiya və karantin dövründə 700-dən çox bank əməkdaşının işsiz qaldığını vurğulayan Mehdi Mehdiyev Mərkəzi Bankın bu addımının insanlarda ciddi narazılıq yaratdığını vurğulayıb: “ Pandemiya dövründə deyilmişdi ki, iş yerləri itirilə bilməz… Bu qədər insanı bir parça çörəyə möhtac qoymaq olmaz. Bunların hərəsi bir ailənin başçısıdır, bu qədər ailəni çörəksiz qoyursunuz. Bu qədər insanı tapdalamaq olmaz…”
 
Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsinin ötən gün qəbul etdiyi qərarla “Atabank” və “Amrah Bank” ASC-lər müflis elan edilib və onların iflas prosedurlarına başlanılıb./azpolitika.info