“Amnesty International”dan Con Boltona Azərbaycanla bağlı ÇAĞIRIŞ

Baxış sayı:
3337

Oktyabrın 22-də ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton ümumi təhlükəsizlik narahatlıqlarını müzakirə etmək üçün Azərbaycana səfər edəcək. Səfərdən öncə insan haqları təşkilatı Amnesty International USA Milli Təhlükəsizlik Şurasına məktub göndərib. Məktubda təşkilat cənab Boltonu Azərbaycan rəsmilərindən müstəqil ədliyyəyə qarşı kampaniyalarına son qoymalarını, insan haqları müdafiəçilərini azadlığa buraxmalarını tələb etməyə, Azərbaycan höküməti ilə insan haqları məsələsində danışıqlar aparmağa çağırır.
 
Azərbaycan rəsmiləri mütəmadi olaraq ifadə azadlığını pozur, tənqidçiləri isə həbs edir
Təşkilat Dövlət Departamentinin 2017-ci il Azərbaycanda İnsan Hüquqlarının Durumu ilə bağlı hesabatına istinadən, Azərbaycanda qanunsuz qətl, işgəncə, pis və həyat üçün təhlükəli həbs şəraiti, müstəqil məhkəmələrin olmaması, siyasi məhbus, jurnalistlərə fiziki hücum halları kimi bir çox insan hüquqları pozuntularının olduğunu qeyd edib.
 
Amnesty International məktubda bildirir ki, Azərbaycan rəsmiləri mütəmadi olaraq ifadə azadlığını pozur, tənqidçiləri isə həbs edir. "Hökümət bütün əsas media orqanlarına nəzarət edir və insanhaqları müdafiəçilərini təqib etmək üçün zorakılığa əl atır", onlar bildirir.
 
Azərbaycanda qanunsuz qətl, işgəncə, pis və həyat üçün təhlükəli həbs şəraiti, müstəqil məhkəmələrin olmaması, siyasi məhbus, jurnalistlərə fiziki hücum halları kimi bir çox insan hüquqları pozuntuları mövcuddur
Məktubda Azərbaycan hökümətinə təzyiqin müsbət nəticələr verdiyi qeyd olunur. “Azərbaycan höküməti 2017-ci ildə jurnalist Mehman Əliyevi həbs edəndən sonra, Dövlət Departamenti onun həbsini ciddi şəkildə qınadı və nəticədə Azərbaycan rəsmiləri cənab Əliyevi azadlığa buraxıb, onun üzərindəki ittihamları qaldırdı” – deyə təşkilat bildirir.
 
Daha sonra məktubda cənab Boltonun Azərbaycan rəsmiləri ilə müzakirə etməsi tövsiyyə olunan məsələlər sadalanır.
 
- 2017-ci ilin may ayında Tbilisidən qaçırılaraq Azərbaycan gətirilib, daha sonra isə həbs olunan Əfqan Muxtarlının “dərhal və qeydsiz-şərtsiz azadlığa buraxılması”
- Vəkillik fəaliyyətindən kənarlaşdırılan insan haqları vəkillərinin hüquqlarının bərpası
- 2006-ci ildə Azərbaycanda insan haqlarına hörməti artırmaq məqsədilə başladılan, Obama adminstrasiyası zamanı isə rəsmi Bakının tələbi ilə dayandırılan Demokratiya və İnsan Haqları Dialoqunun bərpası