​“Amnesty International” Türkiyədə çevriliş cəhdində ittiham edildi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatını ölkədə yeni dövlət çevrilişinin hazırlanmasında ittiham edib və bunu bildirərkən kəşfiyyat məlumatlarına istinad edib.
Bundan öncə “Amnesty International” ötən cümə axşamı günü həbs edilmiş Türkiyə üzrə direktoru İdil Əsərin və təşkilatın digər fəallarının azad edilməsini tələb etmişdi.
G20 sammitinin yekunları üzrə mətbuat konfransında jurnalistlərdən biri Ərdoğana xatırladıb ki, 1997-ci ildə o vaxtkı Türkiyə hökuməti onu həbs edəndə məhz “Amnesty International” indiki prezidentin müdafiəsinə qalxmışdı. O zaman Ərdoğan 4 ay müddətinə həbs edilmişdi, indi isə ondan hüquq müdafiə təşkilatının həbs edilmiş fəallarının azadlığa buraxılması tələb olunur.
“Məni ona görə həbs etmişdilər ki. şeir oxumuşdum. Onları niyə saxlayıblar – həbs etməyiblər, hələlik saxlayıblar? Kəşfiyyat materiallarına görə, onlar Böyükadada hoteldə toplaşaraq, dövlət çevrilişi cəhdinin hansısa davamını müzakirə edəcəklərmiş. Buna görə də, polisimiz onları saxlayıb. İndi onların işinə məhkəmə baxacaq və istintaqın hansı nəticəyə gələcəyini mən bilmirəm”, - Ərdoğan bildirib.