“Amerikanın Suriyadan çəkilməsi mümkün deyil" - POLİTOLOQ

Baxış sayı:
4756

Qabil Hüseynli: “ABŞ Yaxın Şərqdən çəkilsə, terrorçu qruplaşmalar yaranacaq”

“Pentqaqon Suriyaya yeni qoşun hissələri göndərəcək”

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Kouts Suriyadakı Amerika hərbi qüvvələri barəsində qərar verildiyini və bu qərarın yaxın zamanda açıqlanacağını bildirib.
Məlumata görə, prezident Donald Tramp İŞİD terror təşkilatının Suriyadan tamamilə təmizlənməsinə əmin olmaq istəyir.
Halbuki, bir neçə gün öncə, Tramp “Suriyadan çıxmaq, hərbçilərimizi vətənə qaytarmaq istəyirəm. Müdafiə Naziri ilə danışacağam, Suriyada mövcudluğumuz bizə baha başa gəlir” - demişdi.
ABŞ prezidenti Donald Tramp Ağ Evdəki çıxışında bu məsələ ilə bağlı belə qeyd etmişdi: “Suriyadan çıxmaq planı üzərində çalışırıq. Suriyada olmağımızın əsas səbəbi İŞİD-dən xilas olmaq idi və həmin vəzifə tamamilə yerinə yetirilib. İndi çox qısa bir müddət içərisində başqa ölkələrlə razılaşdırılmış şəkildə qərarımızı verəcəyik. Səudiyyə Ərəbistanı bizim Suriyada qalmağımızı istəyirsə, bunun pulunu ödəməlidir. İŞİD-ə qarşı çox uğurla mübarizə apardıq, lakin artıq zaman yetişib. Evə qayıtmaq lazımdır. Biz də bu məsələ ilə bağlı ciddi düşünürük”.
Xəbəri verən mənbələr Trampın Suriyanın yenidən inşası prosesi üçün Səudiyyə Ərəbistanından 4 milyard dollarlıq vəsait tələb etdiyini və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz ilə son telefon danışığı zamanı səudiyyəli kralın bu təklifə “bəli” dediyini də bildiriblər.
ABŞ ilə Səudiyyə rəhbərliyi bu barədə rəsmi açıqlama verməsələr də, Ağ Evdəki mənbələr “4 milyard dollarlıq vəsait məsələsində razılaşma əldə edilib” xəbərini veriblər.

“Amerka Suriyaya yeni qoşun hissələri yeridəcək”

Suriyadakı Amerika hərbi qüvvələri barəsində açıqlanacaq qərarla bağlı keçmiş dövlət müşaviri, politoltoq Qabil Hüseynli “Hürriyyət”ə xatırladıb ki, bundan əvvəl prezident Tramp Suriyadan qoşunların çıxarılacağı haqqında açıqlamışdı: “Ondan sonra Konqres az qaldı ayağa dura, prezidenti “top atəşinə tutdular”. Sonradan belə fikir səsləndirdi ki, bu, bir zarafat imiş, əksinə, Amerika Suriyaya yeni qoşun hissələri göndərəcək. Yəni oradan çıxmaq fikri yoxdur. Eyni zamanda bundan əvvəl də İraqa göndərilən Amerika qoşunlarının sayı artmışdı. Belə görünür ki, Türkiyə, İran və Rusiya rəhbərlərinin görüşlərindən sonra NATO başda olmaqla ABŞ daha da həyacanlanıb və Yaxın Şərqdəki strateji maraqlarını qorumaq üçün Suriyaya yeni qoşun hissələri yeridəcək. Artıq bu qoşunların daşınmasına da başlanılıb. Bir də uzun müddətdir ki, Suriyada qalan qüvvələri dəyişəcəklər. Yəni hər 6 aydan bir onlar qüvvələri dəyişirlər. Yəni hərbçilər 6 ay qulluq etdikdən sonra geriyə qayıdır, yerinə yeniləri gəlir”.

“Amerikanın Suriyadan çəkilməsi heç cür mümkün deyil”

Q.Hüseynli hesab edir ki, veriləcək qərarın Tramın açıqlaması ilə üst-üstə düşməsi ehtimalı yoxdur: “Amerikanın Suriyadan çəkilməsi heç cür mümkün deyil. Yaxın Şərq həmişə Amerikanın təsir dairəsində olub. Amerika qoşunları bir dəfə İraqdan çəkildi, İŞİD yarandı və Yaxın Şərq qarışdı. Bu dəfə də çəkilsə, Allah bilir həm İŞİD, həm yeni-yeni terrorçu qruplaşmaları yaranacaq, bölgəni də Avropanı da və digər bölgələri də qorumaq o qədər asan olmayacaq. Amerika qoşunlarını geri çəksə, İranın Aralıq dənizinə çıxması üçün yeni perspektivlər açıla bilər ki, bu da Amerikanın hədəfində olan İran üçün göydəndüşmə bir şey ola bilər. Tramp siyasi, hərbi cəhətdən hazırlıqlı olmaya bilər, amma NATO komandasında məsələləri kifayət qədər bilən adam az deyil”.

“İŞİD-i Səudiyyə Ərəbistanı, Səddam Hüseynin generalları yaratmışdı”

“Bəs, bəzi politoloqlar İŞİD-i Amerikanın yaratdığını iddia edirdilər. İŞİD-i Amerika yaratmayıb” sualına Q. Hüseynli belə cavab verdi: “Hər kəllədən bir söz çıxır, hərə bir cür yozdu. İŞİDİ-i Amerika yaratmamışdı, amma İŞİD-in yaranmasında Amerikanın yol verdiyi səhvlərdən danışmaq olar. Obamanın dövründə Amerikanın İraqdan 200 minlik qoşunlarını çıxarması, Səddam Hüseynin generallarına, tərəfdarlarına imkan verdi ki, İŞİD-i yaratmağa başlasınlar. Bu prosesin maliyyə qayanağını isə Səudiyyə Ərəbistanı təşkil edirdi. İŞİD-i bir növ Səudiyyə Ərəbistanı, sonra isə Səddam Hüseynin generalları yaratdı. Amerika İŞİD-i yaratmışdısa, niyə onunla mübarizə aparırdı və yaxud İŞİD-i yaratmışdısa, onu niyə istqamətləndirə bilmirdi? Bunlar yanlış fərziyyələrdir. İŞİD qatı İslamçı dövlətlərin yaratdığı bir qüvvədir. İslamı bayraq edərək, həm də nüfuzdan salaraq yaradılmış İslama çox ziyan vuran bir təşkilat idi, qalıqları hələ də qalır”.

“Amerikanın Suriyadan çıxması Səudiyyə Ərəbistanı üçün təhlükəli bir şeydir”

“Səudiyyə Ərəbistanı Amerikanın niyə Suriyada qalmasını istəyir” sualına gəlincə, politoloq dedi ki, Səudiyyə Ərəbistanı Amerikadan 300 milyard dollarlıq silah alırdı: “Görünür,Tramp qəpiyi qəpikdən sıyrışdırmaq istəyir, milyardlar başqa yerə gedir. Suriyaya xərclədiyi maliyyə vəsaitini başqasından almaq istəyir. Zənnimcə, bu addımlar Səudiyyə Ərəbistanını güncə sıxışdırmaq üçün olan bir addımdır. Yəqin ki, bir şey qopardacaqlar. Səudiyyə Ərəbistanın İrana qarşı mübarizə aparır. Çünki İranın bölgədə möhkəmlənməsini istəmir. Ona görə də Amerikanın Suriyadan çıxması Səudiyyə Ərəbistanı üçün qorxulu, təhlükəli bir şeydir. Mən güman edirəm ki, bu, Amerika rəhbərliyində Səudiyyə Ərəbistanından pul qopartmaq üçün qurulmuş bir “oyun”dur. Yəni Suriyada Amerika ordusunun xərclərini Səudiyyə Ərəbistanı verəcək də. Suriyanın inşasına Rusiya da, İran da, Türkiyə də deyir, kömək edəcəyik, imkanları olmasa da, deyirlər də. Yazıq bir xalqın başında eksperiment aparırlar”.

Şamo EMİN