Amerikalıların yarısı Trampın impiçmentinə tərəfdardır

"The İndependent" yazır ki, Public Policy Polling (PPP) firmasının keçirdiyi son rəy sorğusuna görə, amerikalıların yarısı prezident Donald Trump-ın impiçmentini dəstəkləyir.
 
Bu PPP-ın indiyədək apardığı rəy sorğularında impiçment tərəfdarlarının rekord faizidir.
Oktyabrın son günündə keçirilmiş rəy sorğusunda iştirak edənlərin 49 faizi impiçmenti dəstəklədiyini bildirib. Adamların yalnız 41 faizi buna qarşı çıxır.
Ümumiyyətlə isə oktyabr impiçment tərəfdarlarının dalbadal artdığı 6-cı ay olub. Bu ay ərzində prezidentin populyarlığı 7 faiz düşüb.
"The Independent" yazır ki, oktyabr ayı Trump üçün ən çətin aylardan biri olub. Xüsusi prokuror Robert Mueller onun iki keçmiş kampaniya üzvünə qarşı ittiham irəli sürüb.
PPP-nin hesabatı açıqlananda Mueller-in sanksiyaları barədə xəbərlər olsa da, onları hələ açıqlamamışdılar.
Barələrində cinayət işlərinə başlanan iki şəxs keçmiş kampaniya rəhbəri Paul Manafort və xüsusi müşavir George Papadopoulos-dur.
Cənab Trump ittihamları da "saxta xəbərlər" kimi rədd edib və diqqəti əvəzində Hillary Clinton-un Rusiya ilə münasibətlərinə keçirməyə çalışıb.
Lakin seçicilərin böyük əksəriyyəti Rusiya ilə bağlı ittihamların əsaslı olduğuna inanır və Mueller-in Trump-ı araşdırmasını dəstəkləyir.
Prezidentin vergi islahatları da elektorat arasında geniş dəstək tapmayıb. Seçicilərin yalnız 29 faizi respublikaçıların vergi təşəbbüsünü dəstəkləyir.
Trump-ın Obamacare adlanan sistemi ləğv etdirməsini isə hətta onun öz tərəfdarları arasında yalnız 60 faiz dəstəkləyir.
Əslində Trump-ın respublikaçılar arasındakı dəstəyi tənəzzülə uğrayıb. O, sentyabr ayında 2020-ci ilin nominasiyası üçün 34 xalla irəlidəydi, lakin indi bu fərq 21-ə düşüb.
Bu arada bir milyonadək amerikalı milyarder Tom Steyerin başladığı petisiyaya qoşulub. Petisiyada Trump-ın dərhal impiçment edilməsi tələb olunur.
Cənab Steyer TIME jurnalına deyib ki, "Trump Amerikanın sağlamlığına və salamatlığına birbaşa təhlükə təşkil edir".