Amerikalı politoloqdan Qarabağ AÇIQLAMASI - “Əgər Azərbaycan irimiqyaslı bir hücuma başlasa…”

Baxış sayı:
8083

Son aylarda xeyli gərginləşən Azərbaycan-Ermənistan münasibətləri və kəskinləşən Dağlıq Qarabağ problemi ilə əlaqədar ABŞ dövlət katibinin sabiq müşaviri, politoloq Pol A. Qobl Eurasia Diary-ə eksklüziv açıqlamalar verib. Muxalifet.az xəbər verir ki, Ermənistan Baş Nazirinin BMT kürsüsündən səsləndirdiyi iddialara münasibət bildirən P.Qobl bu iddiaları “tarixi yenidən yazmaq cəhdi” kimi qiymətləndirib. “Ermənistanın Baş Naziri yanılır. Azərbaycan Dağlıq Qarabağla birgə müstəqil oldu. Başqa cür demək isə tarixi yenidən yazmaq deməkdir. Lakin Dağlıq Qarabağ və İrəvandakı ermənilər buna alternativ ssenarini bəyənirlər”. Sabiq müşavir son bir ayda Azərbaycan-Ermənistan sərhəddində ölüm hallarının artması, Rusiya Xarici İşlər nazirinin “Qarabağda müharibəyə imkan verməyəcəyik” açıqlaması və Rusiyanın hazırda Dağlıq Qarabağ münaqişəsi barədə mövqeyini belə izah edib: “Moskva gələcək qırğınların qarşısını almaqda maraqlı deyil. Lakin münaqişənin bu səpkidə davam etməsi onun maraqlarına uyğundur. Rəsmi Moskva sıra ilə tərəfləri cəsarətləndirir. Bu isə Cənubi Qafqazda klassik “parçala və hökm sür” siyasətinin bir parçasıdır”. Sabiq amerikalı müşavir həmçinin Azərbaycan və Ermənistanın danışıqlar yolu ilə problemin həll edəcəyinə inanmadığını bəyan edib: “Tərəflərin mövqeləri bir-birindən çox uzaqdır. Ona görə də problemin diplomatik həllinə inanmıram. Ermənistan Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnu təkid edir. Azərbaycansa dövlətinin ərazi bütövlüyünü təmin etməyə çalışır. Muxtariyyatın radikal forması kimi “Aland modeli” ola bilsin ki ən yaxşı ideyadır. Amma mən ermənilərin buna razılaşacağını düşünmürəm”. “Hazırki danışıqların hər hansısa bir mənası varmı?” sualına, P. Qobl belə cavab verib: “Danışıqlar davam edir ona görə ki, beynəlxalq ictimaiyyət bunu istəyir. Hər iki hökumət özlərini sülhə hazır kimi göstərməklə qazanc əldə edir. Amma eyni zamanda, onlar həm də öz mövqelərini müdafiə edirlər. Yalnız danışıqların davam etdirilməsilə hər iki dövlət nəyəsə nail ola bilər”. “Əgər Azərbaycan irimiqyaslı bir hücuma başlasa Moskva Ermənistan tərəfdən münaqişəyə müdaxilə edəcək. Və Qərb dövlətləri də atəşkəs tələb edəcək. Əgər Bakı bunları qəbul etməsə Rusiya Azərbaycanda ciddi siyasi dəyişikliklər edə bilər”-deyə Pol Qobl əlavə edib.