Amerikalı analitik Azərbaycana qarşı dezinformasiya hücumuna görə Kremldən şübhələnir

Son vaxtlar internetdə guya qanuni və nüfuzlu xəbər saytlarının məqaləsi kimi yerləşdirilən fırıldaqçı məqalələrin arxasında Kreml dayana bilər.Virtualaz.org xəbər verir ki, bu barədə “The Guardian” qəzeti ekspertlərə istinadən yazır.
 
Son vaxtlar belə məqalələr internetdə yeni təbliğat vasitəsi kimi istifadə olunur. Ekspertlər bu yolla dezinformasiyanın yayılması cəhdlərindən narahatlıq ifadə edirlər. “Hesab edilir ki, bu il ərzində guya “Əl-Cəzirə”, “The Atlantic”, “Le Soir” və “Guardian” kimi nüfuzlu nəşrlərin məqaləsi kimi internetdə yayılan saxta xəbərlərin arxasında Kreml tərəfdarları dayanır”-qəzet yazır.
Həmin saxta məqalələrin yaradıcıları ilk baxışdan qanuni və nüfuzlu KİV-lərin saytlarına çox bənzəyən saytlar yaradırlar, bu zaman domen adları da həmin KİV-lərin saytlarının domen adlarına çox bənzəyir. Bu saxta məqalələr daha sonra rus dilinə tərcümə olunaraq sosial şəbəkələr və digər veb-saytlar vasitəsilə sürətlə yayılır.
Xatırladaq ki, Azərbaycan da bu yaxınlarda belə dezinformasiya hücumunun hədəfi olub. İsrailin nüfuzlu “Haaretz” qəzetinin domen adını ilk baxışdan heç cür nəzərə çarpmayan cüzi fərqlə “kopyalayan” fırıldaqçılar yeni veb-sayt qurublar və həmin saytda guya “Haaretz”in məqaləsi kimi Azərbaycan prezidenti və ailə üzvləri barədə dezinformasiyalar yerləşdiriblər. Rəsmi Bakı və İsrail səfirliyi bu dezinformasiyaya artıq münasibət bildirib. Saxta məqalə qısa müddətdə rus dilində bəzi rus-erməni mənbələrində yayılmışdı və təxminən bir sutkaya yaxın internet məkanında qalmışdı.
 

 
“The Guardian” xatırladır ki, bu ilin fevralında Belçikanın “Le Soir” qəzeti adından da bu cür saxta məqalə dərc edilib, həmin məqalədə deyilirdi ki, Fransa prezidentliyinə namizəd Emmanuel Makronun seçki kampaniyasını Səudiyyə Ərəbistanı maliyyələşdirir. Hansı ki, həmin vaxt Rusiya Fransada namizədlərdən Fransua Fiona açıq dəstək verirdi və Makrona qarşı qara piar aparırdı.
Yaxud iyul ayında “Əl-Cəzirə”nin saytına çox bənzəyən sayt açan fırıdaqçılar orada belə məqalə yerləşdiriblər ki, guya Səudiyyə Rusiya informasiya agentliklərinin əməkdaşlarını tənqidi məqalələlərin yazılmaması üçün pulla ələ alıb. Qəzet Azərbaycan prezidentinin barəsində iyulda “Haaretz”in adından dərc edilmiş saxta məqaləni də yada salır. Ötən həftə isə “Guardian”ın adından belə saxta məqalə dərc edilib. “Guardian” sözündə i hərfini türk əlifbasının “i” hərfi ilə əvəz edən dezinformatorlar yeni sayt yaradaraq orada Britaniyanın Mi-6 kəşfiyyat agentliyinin direktorunun adından saxta ifadələr yerləşdiriblər. Guya Mi-6 rəhbəri bildirib ki, Gürcüstanda “qızılgül inqilabı” Amerika və Britaniya xüsusi xidmət orqanları tərəfindən Rusiyaya qarşı destablizasiya məqsədi ilə təşkil edilmişdi.
ABŞ-ın “Atlantic Counsil” mərkəzinin baş elmi əməkdaşı və dezinformasiyaların yayılması sahəsində ekspert Ben Nimmo bildirib ki, bu cür saxta məqalələr hətta onların saxta olduğu ifşa ediləndən sonra belə öz təsirlərini göstərməkdə davam edir. Ekspertin sözlərinə görə, belə məqalələrdə ingilis dili mükəmməl olmasa da olar, əgər hədəf rusdilli auditoriyadırsa.

 
Nimmo bildirib ki, ilk dəfə bu ilin əvvəllərində “Le Soir” qəzetinin adından saxta məqalə ilə qarşılaşanda həmin məqalədə ingilis dilinin qrammatik qaydalarının pozulması hallarını aşkar etmişdilər. Xüsusən də ruslara xas olaraq “the” artikli işlədilmirdi. Və “Le Soir”in saytına çox bənzəyən və domen adı ilk baxışdan fərqlənməyən sayt yaradılmışdı.
“Bu məqalələri hazırlayanların ingilisdilli olmadıqları görünür, lakin ola bilsin ingilis dilində danışanlar onların ilkin hədəfləri olmayıb. Məqalələr rus dilinə tərcümə edilib yayıldığına görə mən şübhələnirəm ki, hədəf rusdilli auditoriyadır. Bu saxta məqalələrin arxasında kimlərin dayandığını sübut etmək çətindir, lakin çox böyük ehtimalla bunu Kremlin tərəfdarları edirlər”-ekspert deyib.
Nimmo xatırladıb ki, hətta məqalələrin saxta olduğu üzə çıxandan sonra Rusiya KİV-ləri onları tirajlayıb. Məsələn, “Haaretz” qəzetində dərc edilmiş həmin məqalə tezliklə rus-erməni saytlarında yayılıb.
Xarici KİV-lərin adından saxta məqalələr hazırlayıb yaymaq və daha sonra onlardan təbliğat məqsədi ilə istifadə etmək Rusiyanın əvvəllər də istifadə etdiyi texnika olub. Belə məqalələri qanuni KİV-lərin saytlarına çox bənzəyən ayrıca saytlarda yerləşdirmək isə təzə taktikadır və buna qarşı mübarizə aparmaq çətindir. Hazırda ən münasib yol belə saxta məqalələrin mümkün qədər tez aşkarlanması və onların internetdən silinməsidir.