Amerikada “Tramp və Rusiya hərbi kəşfiyyatı” qalmaqalı davam edir - KONQRES DAHA BİR QAPALI MÜZAKİRƏ PLANLAŞDIRIR

Baxış sayı:
2125

Ötən cümə günü Amerikanın eyni vaxtda bir sıra aparıcı nəşrlərinin Rusiya kəşfiyyatı tərəfindən Əfqanıstanda ABŞ hərbçilərinin öldürüldüyü üçün Talibana mükafatların ödənilməsi ilə bağlı yaydığı materiallardan qaynaqlanan informasiya fırtınası davam edir. Artıq bəllidir ki, Donald Tramp bu qovğadan asanlıqla çıxa bilməyəcək.

Virtualaz.org-un əməkdaşı Leonid Şvets xatırladır ki, Amerika və İngiltərə kəşfiyyatındakı, eyni zamanda Əfqanıstanda fəaliyyət göstərən xüsusi əməliyyat qüvvələrindəki mənbələrə görə, Talibanın müttəfiq koalisiya qüvvələrinə hücum üçün Rusiya hərbi kəşfiyyatından pul aldığı iddia edilir. İddiaya görə, mart ayında Prezident Tramp xüsusi xidmət orqanlarının müvafiq hesabatı ilə tanış olub, lakin ondan heç bir reaksiya gəlməyib. Bu azmış kimi, o, Rusiyanı Ukraynaya hücumdan sonra qovulduğu G8-ə qaytarmağı təklif edib. Bütün bunlar həm demokratlar, həm də özünün respublikaçılar düşərgəsinin nümayəndələri tərəfindən Prezidentə qarşı tənqid dalğasının güclənməsinə səbəb oldu.

Ağ Ev əvvəlcə yayımlanan məlumatları saxta adlandırdı, sonra kəşfiyyat məlumatlarının səhv olduğunu və buna görə Prezidentin diqqətinə layiq olmadığını iddia edərək silindiyini bəyan etdi.

Əgər Tramp son dərəcə vacib kəşfiyyat məlumatları haqda bilməyibsə, ziddiyyətli olsa belə, bu necə ola bilər? Yox əgər, onlar barədə bilibsə, niyə heç bir reaksiya verilməyib?

Lakin informasiya dalğası azalmaq bilmirdi. Dərc olunan növbəti materiallardan məlum oldu ki, Donald Tramp, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (“QRU”) Talibanla maliyyə əlaqələri ilə bağlı hələ fevral ayının 27-də bir kəşfiyyat hesabatı alıb. Amma görünür, hesabat açıqlanmayıb, sadəcə Prezidentə çap olunmuş şəkildə çatdırılıb, Tramp isə, Ağ Ev rəsmilərinə görə, sənədləri oxumağı sevmir. Lakin Associated Press belə kəşfiyyat məlumatlarının Prezidentə hələ 2019-cu ilin mart ayında çatdırıldığını yazmaqla, sanki yanan ocağın üstünə benzin tökdü.

Ağ Ev buna cavab verdi, “Tramp hər şeyi oxuyur və hər şeyi bilir, ancaq bu kəşfiyyat məlumatları təsdiq tələb edir”.

Sonra “New York Times”da yeni bir məqalə çıxdı, orada bir neçə məlumatlı məmur məsələnin təfərrüatlarını Rusiya pulu ilə izah etdi. ABŞ kəşfiyyatına görə, “QRU” tərəfindən nəzarət edilən hesabdan Talibanla əlaqəli bir şəxsin hesabına külli miqdarda pul köçürülməsi barədə məlumatlar ələ keçirilmişdi. Bu vəsaitlər əfqanlar tərəfindən, ümumiyyətlə hazırda Rusiyada olan bir vasitəçidən alınmışdı. Məlumatlar pulun alınması və köçürülməsi sxemində iştirak edən Əfqanıstan təhlükəsizlik xidməti tərəfindən tutulan iş adamları vasitəsilə təsdiqlənmişdi. Beləliklə, kəşfiyyat məlumatlarının dürüstlüyü ilə bağlı da hər şeyin qaydasında olduğu ortaya çıxır.

Ağ Ev, Konqresdə Respublikaçılar və Demokratlar partiyalarından olan bəzi nümayəndələr üçün kəşfiyyat tərəfindən alınan məlumatları şərh etməyə çalışmaq üçün xüsusi qapalı brifinqlər təşkil etdi. Lakin Rusiya hərbi kəşfiyyatı və Taliban əməkdaşlığı ilə bağlı əldə olunan məlumatları qiymətləndirməyə qadir olan kəşfiyyat orqanlarının nümayəndələri iştirak etmədiyi üçün həmin görüşlər heç kəsi qane etmədi. İndi digər bir brifinq planlaşdırılır - Konqresin yuxarı dairələri- hər iki palatanın spikerləri, Senatın kəşfiyyat komitələrinin və aşağı palatasının rəhbərləri, bir sözlə, dövlət sirlərinə ən yüksək səviyyədə girişi olan şəxslər üçün.

Əsas suallar hələ də cavabsız qalır: əgər Tramp son dərəcə vacib kəşfiyyat məlumatları haqda bilməyibsə, ziddiyyətli olsa belə, bu necə ola bilər? Yox əgər, onlar barədə bilibsə, niyə heç bir reaksiya verilməyib? Necə ola bilər ki, Amerika əsgərlərinə qəsdən və pullu hücumlara görə heç kim cəzalanmasın? Bu vəziyyət dövlət başçısının ən sevimli "Gəlin Amerikanı yenidən böyük edək!" şüarına nə dərəcədə uyğundur?

L.Şvets bildirir ki, bütün bu sualların Donald Trampa dəfələrlə veriləcəyinə şübhə yoxdur, Amerika həqiqətən həssas zərbələri buraxmağa öyrəşməyib və bununla da barışmaq niyyətində deyil.