“Amerika “tələ” qururdu, Türkiyə vurdu dağıtdı” - Zərdüşt ƏLİZADƏ

Baxış sayı:
1595

“Amerika növbəti “tələ” quranda yenə Türkiyə vurub, dağıdacaq”

ABŞ Suriyanın şimalında 30 minlik PKK/PYD ordusu yaratması planı ilə bağlı geri addım atıb. ABŞ Dövlət katibi Reks Tillerson bəyan edib ki, Suriyanın şimalında Sərhəd Təhlükəsizlik Qüvvələri adlı bir ordu yaradılmayacaq.
Türkiyənin sərt reaksiyasına səbəb olan sərhəd qüvvələri məsələsinin tamamilə yanlış formada təsvir edildiyini bildirən Tillerson mövzu ilə bağlı rəsmi Ankaraya bir açıqlama borclu olduqlarını deyib.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan etmişdi. Onun əsasını PYD terror təşkilatı təşkil etməli, missiyası isə Suriyanın Türkiyə və İraqla olan sərhədlərinin mühafizəsi olmalı idi.
 
“Türkiyə Amerikanın çox mühüm müttəfiqidir”
 
Suriyanın şimalında ABŞ-ın ordu qurmaq planı ilə bağlı geri addım atmsını şərh edən politoloq Zərdüşt Əlizadə Muxalifet.az-a bildirdi ki, Amerikanın qarşısında Türkiyə dövləti durur: “Türkiyə Amerikanın çox mühüm müttəfiqidir. NATO daxilində Amerikadan sonra ən böyük quru ordusu olan dövlət Türkiyədir. Eyni zamanda Türkiyə Qərb dəyərlərini bölüşərək öz dövlət maraqlarını qorumaq üçün lazım olan qətiyyəti nümayiş etdirir”.
 
“Kıbrıs məsələsində Amerika “cınqırını” çıxarda bilmədi”
 
Politoloq xatırlatdı ki, Kıbrısda 70-ci illərin ortasında yunan millətçiləri türkləri qırmağa başlayanda onda  Amerika dövlət katibinin köməkçisi gəlmişdi: “O zaman da baş nazir Bülənt Ecevit idi. Amerika dövlət katibinin köməkçisi Türkiyə hökumətinə gəlib demişdi ki, Amerika qəti şəkildə məsləhət görür ki, siz bu işlərə qarışmayasınız. Bülənt Ecevit demişdi ki, “baş üstə”. O, çıxan kimi əmr vermişdi ki, hava qoşunları, paraşütçülər və dəniz donanması Kıbrısa girsin.  Amerika sonra gördü ki, Türkiyə Kıbrısın şimalını işğal edib və türk əhalisini qırğından xilas ediblər. Amerika səsini çıxarda bilmədi”.
 
“Türkiyə sübut etdi ki, ərazi bütövlüyünü qorumğa qadir olan qoşunu var”
 
“İndi də Amerika Türkiyəni parçalamaq üçün formalaşmaqda olan kürd dövlətinin mühüm ünsürlərindən biri olacaq 30 minlik kürd sərhəd qoşunlarını formalaşdırırdı. Türkiyə şifahi şəkildə öz müttəfiqi Amerikaya dedi ki, “bunu eləmə”, görəndə ki, yox, Amerika edir, dedi “yaxşı” və mehmetcikləri Suriyaya kürd qoşunlarını qırmğa  göndərdi. Amerika da bundan nəticə çıxartdı, tez geriyə addım atdı, dedi ki, bizim elə niyyətimiz yoxdur. Yox idi, çox gözəl, olmayan niyyətləriniz təbrik edirik. Yəni Türkiyə bir daha sübut etdi ki, öz dövlət maraqlarını, ərazi bütövlüyünü qorumğa qadir olan həm rəhbəri, həm qoşunu var, həm də xalqı rəhbərin dalında dağ kimi dayanıb”,-deyə politoloq vurğuladı.
 
“Siyasi oyunun axırı yoxdur”
 
“ABŞ-ın geriyə addımı bir “oyun” ola bilərmi ki, sonradan bu planı davam etdirsin” sualına Əlizadə belə cavab verdi: “Siz mənim yadıma məşhur politoloqun kəlamını saldınız ki, “biz axmaqlıq edib 20 yanvarda gedib KQB-nin qurduğu “tələ”yə girməsəydik, onda KQB başqa bir “tələ” quracaqdı. Sən bu “tələ”yə girmə, o birisinə də girmə. İndi Amerika “tələ” qururdu, Türkiyə vurdu, dağıtdı. Amerika növbəti “tələ” quranda yenə Türkiyə vurub dağıdacaq. Bu siyasi oyundur. Siyasi oyunun axırı yoxdur. Yəni sən addım atırsan, o başqa gediş edir. Ya sən oyundan çıxıb təslim olmalısan, ya da sən öz qətiyyətini, ağlını ortaya qoymalısan. Türkyə də bunu edir”.
 
“Türkiyə dövləti, ordusu qətiyyət nümayiş etdirir”
 
“Növəti mərhələdə Türkiyə Amerikanın planlarının qarşını almağa gücü çatarmı” dedikdə isə Əlizadə əlbəttə, çatar, dedi: “Kbrısda çatdı. Çox məsələlərdə çatdı, burada da çatacaq. Türkiyə dövləti, ordusu hər dəfə öz dövlət mənafeləri məsələsi gələndə və bir təhlükə törəyəndə qətiyyət nümayiş etdirir”.
 
Şamo EMİN, Muxalifet.az