Amerika qəhrəman oğlunu dəfn etdi - FOTO

Baxış sayı:
7279

ABŞ-ın tanınmış nüfuzlu senatoru, Vyetnam müharibəsi veteranı, iki dəfə prezidentliyə namizəd olmuş Con Makkeyn bazar günü Merilend ştatının Annapolis şəhərində təhsil aldığı ABŞ Hərbi Dəniz Akademiyasının qəbiristanlığında dəfn edilib.

Con Makkeyn 1958-ci ildə Hərbi Dəniz Akademiyasının məzunu olub.

Muxalifet.az "Amerikanın səsi"nə istinadən bildirir ki, senatorun ailəsinin xahişi ilə vida mərasimi özəl şəkildə keçirilib.

Vaşinqtonun Milli Kafedralında Amerika siyasətinin müxtəlif dairələrini təmsil edən bir sıra hazırkı və keçmiş rəsmi veteran-qanunverici senator Con Makkeynlə vida mərasimə qatılıb. ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Corc Buş söylədikləri nitqdə görkəmli siyasi xadim, senator Con Makkeynin xatirəsini anıblar.

Keçmiş prezident Obama 2008-ci ildə siyasi rəqibi və eyni zamanda dostu olmuş respublikaçı senatorun "daha yaxşı olmaq, daha yaxşı işləmək və millətin banilərinin irsinə daha layiq olmaq" üçün amerikalıları ruhlandırdığını deyib.

Keçmiş prezident Corc Buş isə Makkeynin "şərəfli bir insan olduğunu, hər zaman opponentlərinə hörmətlə davrandığını" bildirib.

Con Makkeyn Corc Buşla 2000-ci il ABŞ prezident seçkilərində rəqabət aparıb ona məğlub olmuşdu.

Milli Kafedralda vida mərasimində Con Makkeynin həyat yoldaşı Sindi Makkeyn, senatorun yeddi övladı və onun 106 yaşlı anası iştirak ediblər.

Con Makkeynin qızı Meqan Makkeyn nitqində ad çəkməsə də, prezident Trampın siyasətini tənqid edib.

"Con Makkeynin Amerikasını möhtəşəm etməyə ehtiyac yoxdur, çünki o həmişə möhtəşəmdir", Meqan Makkeyn bildirib.

Mərasimdə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və keçmiş senator Co Liberman da çıxış edib.

Prezident Donald Tramp senator Con Makkeynin xatirə mərasimlərinə dəvət olunmayıb.

Beyin xərçənginin ağır formasından əziyyət çəkən 81 yaşlı Makkeyn keçən həftənin şənbə günü yaşadığı Arizona ştatında ailə üzvlərinin əhatəsində vəfat edib.