Amerika ordusu Suriyadan çıxmağa tələsmir

Baxış sayı:
14722

Vaşinqton İŞİD tamamilə məhv edilib, kürdlərlə bağlı yekun razılıq olmadan bu ölkəni tərk etmək istəmir

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bildirib ki, Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılması prosesi birdən-birə baş verməyəcək. “Amerikanın Səsi”nin məlumatına görə, C.Cefri deyib ki, rəsmi Vaşinqton müttəfiqlərinin onlarla “kifayət qədər məsləhətləşmədiyi” iddiasını qəbul etmir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılması barədə qərarı 2018-ci il dekabrın 19-da elan edilib. Ancaq bu qərar Amerikanın müttəfiqləri tərəfindən təəccüblə qarşılanıb. Xüsusən də kürdlər bu qərardan məyus olub. ABŞ prezidentinin bu qərarı Vaşinqtonda da sərt etirazlarla qarşılanıb. ABŞ rəsmiləri, senatorlar, hökumət və siyasət adamları bildiriblər ki, qoşunların Suriyanı tərk etməsi kürdləri çətin vəziyyətdə qoyacaq, eyni zamanda İran və Rusiyanın mövqelərini gücləndirəcək. Hətta müdafiə naziri Cim Mattis və nazirliyin baş qərargah rəisi və sözçüsü Trampın ordunu Suriyadan çıxarmaq qərarına etiraz olaraq istefa verib. Yalnız bundan sonra ABŞ prezidenti Suriyadan ordunun çıxarılması prosesinin uzana biləcəyini deyib.

Ötən həftə Münhen Təhlükəsizlik Konfransında danışan Ceyms Ceffri deyib ki, Tramp administrasiyası dekabr ayının ortalarından müttəfiqlərlə qüvvələrin dərhal və sürətlə çıxarılmayacağı ilə bağlı davamlı şəkildə danışıqlar aparıb.

ABŞ ordusunun Suriyadan çıxarılmasına qarşı çıxış edənlərin iki əsas arqumenti var. Birincisi, Amerika ordusunun çıxarılmasından sonra kürdlərin yalnız qalacağı və Türkiyə, İran, eləcə də Suriya dövlətinin onları əzəcəyi ilə bağlı şübhələrdir. İkinci arqument isə İŞİD-in hələ də bölgədə mövcudluğunu qoruyub saxlamasıdır. Qərarın əleyhdarları iddia edir ki, ABŞ ordusu Suriyadan çıxdıqdan sonra İŞİD yenidən fəallaşa, hətta itirdiyi bölgələri geri ala bilər. Bu səbəbdən də son həftələrdə ABŞ ordusu Suriya ərazisində əsasən kürdlərin nəzarət etdiyi bölgələrdəki son İŞİD qalıqlarını məhv etməyə çalışır. 

ABŞ prezidenti Donald Tramp bu günlərdə bəyan edib ki, Suriya ərazisi yaxın zamanda İŞİD-dən 100 faiz təmizlənəcək. ABŞ-ın müdafiə və kəşfiyyat rəsmiləri Suriyada hələ də 1500-ə yaxın İŞİD ekstremistinin qaldığına inansa da, dəyərləndirmədə ehtiyatlıdır. Yeri gəlmişkən, ötən həftə Suriyada ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) Bağuz kəndi ətrafında İŞİD-in son istehkamına hücumlar hazırladığı xəbərləri yayılıb. Hətta İraq mediası bu bölgədə İŞİD lideri Əbubəkr əl-Bağdadinin gizləndiyi barədə xəbərlər yayıb.

Bir zamanlar Suriya və İraqda geniş ərazilərə nəzarət edən İŞİD hazırda Suriyanın şərqindəki Bağuz kəndində bir kv/km əraziyə sıxışdırılıb. Hətta bunun üçün Amerikadan əlavə olaraq 600 hərbçinin Suriyaya gətirildiyi iddia olunur. Bağdadinin tutulması əməliyyatına isə 2011-ci ildə “Əl-Qaidə” lideri Usamə bin Ladenin öldürüldüyü əməliyyatı həyata keçirmiş xüsusi təyinatlıların cəlb olunduğu deyilir. Əgər əməliyyat uğurla nəticələnsə, o zaman Tramp həm İŞİD-ə son qoymuş prezident kimi reytinq qazanacaq, həm də ordunun Suriyadan çıxarılması ilə bağlı tənqidlərdən yaxa qurtaracaq.

Xatırladaq ki, ABŞ hərbi qüvvələrinin Suriyanı tərk edəcəyi ilə bağlı ilk məlumat dekabrın 19-da açıqlanıb. Ağ Evin mətbuat katibi Sara Sanderin yaydığı açıqlamada qeyd olunurdu ki, ümumi sayı 2 min nəfərə yaxın olan ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması prosesi başlayıb. Qeyd edək ki, bununla eyni saatlarda ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabından bildirib ki, ABŞ ordusunun Suriyada qalmasının əsas səbəbi olan İŞİD-ə qarşı mübarizəsi qələbə ilə başa çatıb.

Bir neçə gün əvvəl isə məlum olub ki, ABŞ hərbçilərinin bir hissəsi qeyri-müəyyən müddətə qədər Suriyanın cənubunda qala bilər. Xatırladaq ki, Suriyanın cənubunda İraq və İordaniya sərhədləri yaxınlığında müxaliflərin nəzarətində olan ərazidə ət-Tanaf hərbi bazasında ABŞ ordusu birləşmələri yerləşir.

Ancaq sonrakı günlərdə ABŞ prezidenti bir qədər geri çəkilib və bəyan edib ki, əsgərlər Suriyanı mərhələli olaraq tərk edəcək. Doğrudur, son həftələrdə Suriyanın İraqla sərhəd bölgələrindəki ABŞ bazalarından hərbçilərin İraq ərazisinə köçürüldüyü, yəni qismən təxliyə həyata keçirildiyi haqda xəbərlər yayılıb. Ancaq əlavə qüvvələrin Suriyaya gətirilməsi göstərir ki, proses uzanacaq. Çünki söhbət həm də kürdlərin taleyindən gedir. ABŞ rəsmiləri son illərdə Suriya və İraqda onlarla yaxından əməkdaşlıq edən kürdləri “taleyin ümidinə” buraxmaq istəmir. Bu isə o deməkdir ki, çıxarılma prosesi hələ uzanacaq./musavat