​Amerika məhkəməsindən İrana qarşı ŞOK QƏRAR

Baxış sayı:
5665

ABŞ-ın Nyu-York məhkəməsi İranın 11 sentyabr 2011-ci il terror aktının qurbanlarının qohumlarına milyardlarla dollar ödəməsi barədə qərar çıxarıb.
Muxalifət.az xəbər verir ki, bu haqda məhkəmənin sənədlərinə istinadən “The Hill” nəşri bildirib.
Məhkəmənin qərarına əsasən, İran İslam İnqilabı Keşikçilər Korpusu və İranın Mərkəzi Bankı 1008 nəfərin ölümündə günahkar tanınıb. Qərarda bildirilir ki, bununla əlaqədar olaraq İran hakimiyyəti həlak olanların qohumlarına kompensasiya ödəməlidir.
Kompensasiyanın məbləği qohumluğun dərəcəsindən asılı olaraq dəyişir. Mərhumun ər-arvadına 12,5, valideynləri və uşaqlarına 8,5, qardaş və bacılara isə 4,25 milyon dollar ödənilməlidir.
Terror aktlarının xüsusi araşdırma komissiyası 11 sentyabr terror aktlarında İranın birbaşa iştirakını göstərən sübutları tapmasa da, Nyu-York məhkəməsi qərarın çıxarılması üçün dəlilləri kifayət hesab edib. Tehran guya “Əl-Qaidə” terror qruplaşmasına maddi kömək göstərirdi.
Terror aktlarında həlak olanların qohumları 2004-cü ildə İran hakimiyyətinə qarşı iddia irəli sürüblər.
Nəşr qeyd edir ki, Tehranın Amerika məhkəməsi tərəfindən göstərilmiş məbləği ödəyəcəyi inandırıcı deyil. Bununla belə, məhkəmənin qərarı qurbanların qohumlarına İran vətəndaşları və şirkətlərin hesablarına qarşı iddia qaldırmağa imkan verəcək.