“Amerika ilə Türkiyə qarşı-qarşıya gələ bilər”- Qabil HÜSEYNLİ

Baxış sayı:
3414

“Hərbi əməliyyatların başlaması yerindədir”
 
Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçiriləcək əməliyyatın ilk mərhələsi olaraq PYD  terrorçularına “reaksiya ölçmə atəşi” açıb.
Bildirilir ki, Afrin və ətrafdakı terrorçuların hədəflərinə endirilən zərbələr nəticəsində 30 terrorçü öldürülüb.
Məlumata görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib. Afrin əməliyyatında quru güclərini təşkil edəcək Azad Suriya Ordusunda isə hazırlıqlar tamamlanıb. 20 minə qədər döyüşçü Afrinə girmək üçün əmr gözləyir.
 
“Çox təhlükəli proseslərdir”
 
Suriyanın Afrin bölgəsində əməliyyatların başlaması ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Muxalifet.az-a bildirib ki, çox təhlükəli proseslərdir: “Çünki burada iki NATO ölkəsi, Amerika ilə Türkiyə qarşı-qarşıya gələ bilər. Doğrudur, Amerika tərəfi bəyan edib ki, Afrin bölgəsində onun təlim keçdiyi əsgərlər yoxdur. Amma Amerika əvvəlcədən bəyan etmişdir ki, Türkiyə-Suriya sərhədlərini qoruya biləcək 30 minlik əsgər heyəti hazırlayır və onları da çox müasir silahlarla silahlandırıb”.
 
“Prosesləri beşikdə olarkən boğmaq daha asandır”
 
“İndi hərbi əməliyyatlar başlayıbdır. Türkiyənin başqa yolu da yoxdur. Çünki bunlar gələcəkdə  Türkiyə üçün çox böyük problemlər yarada bilər. Onu hələ yenicə yarandığı bir zamanda, yəni beşikdə olarkən boğmaq daha asandır, nəinki bu proseslər irəliyə doğru getsə. Bu nöqteyi-nəzərdən hərbi əməliyyatların başlaması yerindədir”, - deyə politoloq vurğuladı.
 
“Türkiyə Amerika ilə qarşı-qarşıya gəlmək həvəsində deyil”
 
Q.Hüseynli diqqətə çatdırdı ki, NATO-nun baş katibi ilə Ərdoğanın söhbəti olub: “Amerika generalları ilə də söhbətlər olunub. Yəni Türkiyə birbaşa NATO üzvü olan ölkələrlə və yaxud Amerika ilə qarşı-qarşıya gəlmək həvəsində deyil və çalışacaq ki, bu, baş verməsin. Bu, baş versə, Türkiyə bilir ki, bütün əməliyyatlar sual işarəsi altında qala bilər və eyni zamanda əməliyyatlar beynəlxalq təşkilatlarda müzakirə obyektinə çevrilə bilər. Ona görə də hamımız Allaha yalvarırıq ki, belə bir hadisə baş verməsin. ABŞ qüvvələri ilə Türkiyə qüvvələrinin qarşı-qarşıya gəlməsi ehtimalı zəifdir. Əsas zərbə PKK/YPG qüvvələrinə qarşı çevriləcək. Amerika heyəti ilə də kürd heyətinin fərqləndirilməsi çətin deyil. Türkiyə bunu bacaracaq”.
 
“3 dövlət arasında əldə edilmiş razılaşma özünü doğruldacaq”
 
Politoloq qeyd etdi ki, Rusiya bu məsələdə zahirən sözdə Türkiyəni müdafiə edir: “İran da müdafiə edir. Müdafiə etməyə də borcludurlar. Çünki bu məsələ həm də onların əleyhinə çevrilmiş bir məsələdir. Güman edirəm ki, bu 3 dövlət arasında əldə edilmiş razılaşma özünü doğruldacaq”.
 
“Rusiyada ikibaşlı oyun oynamaq şakərə çevrilmiş bir adətdir”
 
“Rusiyanın Amerika ilə gizlicə sövdələşməsi mümkündürmü” sualına Q. Hüseynli belə cavab verdi: “Ruisyada ikibaşlı “oyun” oynamaq şakərə çevrilmiş bir adətdir.  Amma onu da nəzərə almaq lazımdır ki, Türkiyə burada təkcə öz maraqları üçün deyil, həm də Rusiyanın maraqları uğrunda mübarizə aparır. Yəni onlar belə bir satqınlğa yol versələr, özləri üçün də xeyirli olmayacaq”.
 
Şamo EMİN, Mualifet.az