“Amerika bizi yıxdı, baba...” – İranın “rus bazarı”ndan reportaj

Baxış sayı:
15196

İranın Astara şəhərindəki məşhur “rus bazarı” Azərbaycandan gedən müştərilərlə doludur. Sərhədi keçən kimi üstünüzə şığıyan taksilərdən istənilən birinə minin, 1 manat verin, deyin ki, ağa, sür “rus bazarı”na...

Yəni manatı İran puluna dəyişməyə ehtiyac yoxdur: Azərbaycan manatı və qəpiyi Astaranın hər yerində tədavüldədir. Çox maraqlıdır ki, Azərbaycan tərəfi üstümüzü yoxlayarkən üzərimizdə xarici valyuta olub-olmadığını soruşur, İranda isə belə sorğu-sual olunmur. Amma siz elə manatla gedin, manatla gəlin.

Özlərinin “Sahil bazarı” dediyi bu ticarət mərkəzinin ucu-bucağı yoxdur, gəz ki gəzəsən, ürəyiniz istəyən bütün malları tapa bilərsiniz.

Di gəl ki, hansını Azərbaycana gətirməyə icazə verilirsə, ona diqqət etmək lazımdır. Bu barədə ötən reportajımızda incəliklərinə qədər yazmışıq.

Bazarın yaxınlığında isə yeməkxanalar sağ-sol, hər yerdə var. Yol yorğunluğunuzu yeməkxanaların birində çıxarmaqla bazara alış-verişə gedə bilərsiniz.

Zeytun ləvəngisi, lüləkabab, plov...

Yeməklərə gəlincə, plov və üstündə lüləkababı 3 manatdır. Sizə toyuq ləvəngisindən tutmuş zeytun ləvəngisinə, kartof soyutmasından müxtəlif şorabalara qədər, habelə ayran, “Coca-Cola” və s. içkilər təklif edirlər.

Yeməkxanalar xüsusi komfortu ilə seçilmir, bildiyimiz adi kafelərdir, amma təmizliyinə söz ola bilməz. Əksər yeməkxanalarda Azərbaycandan gələnlərə rast gələcəksiniz. İran astaralıları qonaqları mehriban, istiqanlı qarşılayırlar, “bizdən razı qaldınızmı” deyə, adamın az qala başına dolanırlar.

Bir nüansı da demək lazımdır ki, onlar Türkiyə, Gürcüstanda olduğu kimi duzlu, istiotlu yeməklər hazırlamırlar.

Su qiymətinə geyimlər, xalça, pərdə, yuyucu toz, şampun...

Astaranın “Sahil bazarı”nda həddindən çox ucuzluqdur. Siz Türkiyə istehsalı olan yaxşı ayaqqabını 10 manata ala bilərsiniz, həmin mal bizdə aşağısı 25-30 manatdır.

Eynilə keyfiyyətli şalvarlar, köynəklər də həmin məbləğə satılır. İranın istehsalı olan geyimlər isə nisbətən ucuzdur. Məsələn, 4-5 manata yay köynəyi taparsınız ki, sintetik materialdır.

Burada pərdə və xalça bazarlarında da inanılmaz ucuzluq müşahidə etdik. Məsələn, bizimlə gedən yaxınlardan biri Azərbaycanda 200 manata alacağı pərdəni oradan 95 manata aldı. Xalça da 40-50 manata var ki, bizdə 120-130 manatdır.

Yolunuz “rus bazarı”na düşərsə, uşaq geyimlərindən tutmuş qışda geyməyə kurtkaya qədər ucuz qiymətə tapacaqsınız. Məsələn, orada 40 manata olan kurtkanın Bakıda qiyməti azı 100-110 manatdır.

Biz hələ su qiymətinə olan min bir xırdavatı, cürbəcür məişət əşyalarını, evdə gündəlik istifadə olunan zəruri malları demirik. Ona görə də Astaranın “rus bazarı”nda Azərbaycandan gələnlər üçün əla  fürsət var.

Əksəriyyəti isə alverçilərdir və onlar bəzən gündə iki dəfə İrana gedib-qayıdırlar. Deyirlər ki, bu ticarətlə dolanışıqlarını çıxarırlar.

Neytral zonada - araq, viski, konyak...

Xüsusən də sabun, şampun, yuyucu toz, qabyuyan şampun, dəsmallar, corablar və s. hər şey alıb Azərbaycana daşıyırlar.

Siz təxminən 5 kiloluq paltaryuyan “Persil”i oradan 5 manata ala bilərsiniz. Azərbaycanda isə 12-14 manat arasıdır.

Yeri gəlmişkən, İranda marketdən xurma almayın, çox bahadır. Doğrudur, bizim marketlərdə satılan xurmadan qat-qat fərqlidir, yaxşıdır, amma 1 qutusu 5 manatadır. Siz Astaranın sərhədə yaxın yerlərindən xurma almağa çalışın ki, baha olmasın. 

Bir haşiyəni də qeyd edək ki, İran-Azərbaycan sərhədinin neytral zonasında “Duty free” mağazası fəaliyyət göstərir və siz oradan spirtli içkilər alıb Azərbaycana apara bilərsiniz.

Amma qəti şəkildə təkrar olaraq qeyd edirik ki, yağ, düyü, çay, maşın təkəri, normadan artıq smetan, qaymaq malları Azərbaycana aparmayın, İran gömrüyündən artıq buraxmayacaqlar, alıb tullayacaqlar, pulunuz batacaq.

Bununla belə, qab-qacaq, müxtəlif əşyalar alıb aparmaq mümkündür. Azərbaycanlılar İranın “rus bazarı” hesabına ailələrini saxladıqlarını söyləyirlər. Bakıdan, Lənkərandan, Biləsuvardan və Masallıdan yüzlərlə insan bu bazardan mal aparır.

“Dollar bizi çox sarsıtdı”

Bazarda söhbətləşdiyimiz satıcılar qeyd etdilər ki, əvvəllər vəziyyət daha yaxşıydı. Onların sözlərinə görə, Amerikanın sanksiyaları və dolların qalxması İran iqtisadiyyatına ağır zərbələr vurub.

“Əmrika (Amerika-red) bizi yıxdı, baba... Bu günə şükür, pis yaşamırıq. Bu da ona görədir ki, öz istehsalımız var, yoxsa batardıq. Amma dollar bizi çox sarsıtdı. Təsəvvür elə, 5 min manata olan avtomobili 50 min manata alırsan. Biz indi malımızı əsas Çinə, Hindistana, İraqa satırıq. Dollar qalxmamışdan əvvəl vəziyyətimiz daha əla idi. Bizimlə düşmənçilik eləyirlər.

İranla müharibə aparırlar, baba. Biz vaxt varı idi, bütün dünya ilə müharibə aparırdıq. Səddam o vaxtı bizə hücum elədi, biz vətənimizi qoruduq, şəhidlər verdik. Bu gün onlar anladılar ki, səhv ediblər, İran indi İraqa kömək edir, malını satır, malını alır", - deyə tacir Əli danışır.

Onun sözlərinə görə, iqtisadiyyatın daha da ayağa qalxması üçün sanksiyalar dayanmalıdır.

ABŞ dolları İranda bir il ərzində kəskin bahalaşıb. İranda Azərbaycan manatı da dollara uyğun olaraq qalxır. Azərbaycan vətəndaşı üçün İran bazarı ucuzlaşıb.

Bunun nəticəsidir ki, İrana axın var. İrana tətbiq edilən sanksiyalar özünü göstərir. İran milli valyutasının ucuzlaşması davam edəcək. Əli deyir ki, iki övladı var, universitetdə oxuyurlar: “Onların xərcləri, maşının yağı, detalları var. Bizdə benzin ucuzdur, maşının detalları bahadır”.

Əli bildirir ki, İranda 3-4 mərtəbəli evlər tikib, kirayə vermək ənənəsi var. Bu yolla pul qazananlar var. Şəhərə gəlincə, Astara böyük regiondur.

Lakin irimiqyaslı infrastruktur layihələri, yeni yolların salınması, göydələnlər inşa olunması yoxdur, şəhər öz köhnəliyini saxlayıb. Sadəcə, bərq vuran şadlıq evlərini qeyd etmək lazımdır.

Əli deyir ki, dövlət vətəndaşına şərait yaradıb ki, 4 faizlə kredit götürüb maşın, əmlak ala bilərsən. Eyni zamanda tibbi sığorta var: həkim pulsuz, dərman ucuz...

Elə İran səhiyyəsinin inkişafı minlərlə azərbaycanlı xəstənin qonşu ölkənin klinikalarına axışmağa səbəb olub ki, bu barədə Ərdəbildən yazacağımız reportajımızda oxuya biləcəksiniz.

Emil SALAMOĞLU,
“Yeni Müsavat
İran. Astara