​"AMAY Abdulla"nın işi Avropa Məhkəməsinə çıxarıla bilər

"AMAY" ticarət mərkəzinin sahibi Abdulla Abdullayevin vəkili Osman Kazımov mətbuat konfransı keçirib.
O. Kamızov hüquqlarını müdafiə etdiyi şəxsə 13 il azadlıqdan məhrumetmə cəzasının verilməsini "qanunsuz" adlandırıb. Onun sözlərinə görə, məhkəmə hökmünün qanunsuz olması haqda sübutlar var: "Uzun sürən məhkəmə prosesi başa çatdı. məhkəmə hökmündə göstərilib ki, dəymiş ziyan ödənilib. Amma yazılıb ki, ziyanın ödənilməsi Abdulla Abdullayevə şamil olunmasın.Digər şəxslər tərəfindən ziyanın ödənilməsi nəzərə alınır, ancaq Abdulla Abdullayevdə bu iş nəzərə alınmır.
Cinayət işinin materiallarında göstərilir ki, "Texnikabank"dan götürülmüş kredit tamamilə ödənilib. Sahibkarlığa Kömək Milli Fondunun nümayəndəsi də məhkəmə prosesində götürülən kreditin bir qisminin nəğd ödənildiyini bildirib. Ancaq bütün bunlara baxmayaraq "Texnikabank" və fond borcla bağlı Baş Prokurorluğa müraciət edilib".
Vəkil qeyd edib ki, A. Abdullayev barəsində olan cinayət işinin qanunsuzluğu həm də ondan ibarətdir ki, cinayət işi materialı olmadan, ərizə daxil olmadan cinayət işi başlanılıb: "Biz hesab edirik ki, bu işin arxasında yüksək vəzifəli şəxs dayanır. Abdulla Abdullayev barəsində bir gün ərzində cinayət işi başlanılıb. Abdulla Abdullayevə qarşı absurd olaraq bir evin iki nəfərə satılması ittihamını irəli sürürlər. Halbuki məhkəmədə ifadə verən mənzil sahibləri Abdulla Abdullayevi tanımadıqlarını və hazırda onlara satılan mənzillərdə yaşadıqlarını bildiriblər. Onun barəsində məhkəmədən öncə həbs-qətimkan tədbirini seçmək üçün ayrı-ayrı çağırış vərəqələri hazırlanıb ki, guya onu istintaqa dəvət ediblər, o isə gəlməkdən imtina edib".
Vəkil Azərbaycan məhkəmə instansiylarında bu işə düzgün qiymət verilməsə Avropa Məhkəməsinə müraciət edəcəklərini deyib.
Xatırladaq ki, A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.