“AMAY Abdulla”: “Bilmək olmaz 10 ildən sonra burada kim oturacaq”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasova barədə olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə öncə Abdulla Abdullayevə qarşı 2 milyon 200 min manatlıq mülki iddianın qaldırılması məsələsi müzakirə olundu.

Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən Orxan Cəfərov bildirdi ki, mərhum nənəsi Minarə Quliyeva 2003-cü ildə torpaq sahəsi alıb. Həmin sahədə tikinti işləri aparmaq istədikdə ərazinin “Xudafərin” MMC tərəfindən zəbt olunduğunu öyrənib: “Həmin ərazini başqasına satmışdılar. Bu barədə məhkəmə qərarları da var. Nənəm 2011-ci ildə rəhmətə getdi. Bu yer mənim, dayımın, ailəmin yeridir. Məni də zərərçəkən kimi tanıyıblar”.

A.Abdullayevin vəkili Əkbər Bağırov Orxan Cəfərovun dediklərini əsassız adlandırdı: “İstintaq orqanı əsassız olaraq bu şəxsi zərərçəkən kimi tanıyıb. Bu da istintaqın növbəti səhvlərindən biridir. Orxan Cəfərova heç bir zərər dəyməyib, o, zərərçəkmiş qismində nə dindirilib, nə də tanınıb. Bu adamın adına nə müqavilə var, nə də arayış. Bu, saxta bir şeydir. Başa düşmürəm, bu adamları bura kim göndərir axı?! Məhkəmə istintaqı başlanandan sonra mülki iddia icraata qəbul olunmur. Bu iddia ərizəsi qanunun tələblərinə uyğun deyil. Ona görə də mülki iddia rədd edilməli və Orxan Cəfərovun zərərçəkmiş statusuna xitam verilməlidir”.

A.Abdullayevin digər vəkili Osman Kazımov qanunlara hörmətlə yanaşmağı xahiş etdi: “Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi qanunsuz işləri bağlayıb sizə göndərir. Orxan Cəfərov nə hüquqi varisdir, nə də zərərçəkmişin etibarlı nümayəndəsi.  Azərbaycan məhkəmələri istənilən qərarı qəbul edir. Ona görə də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu ölkədə istədiyini edir. Qanunlara hörmətlə yanaşmaq lazımdır. İnsanları dövlətin adından bu qədər incitmək olmaz”.

A.Abdullayevin özünün Orxan Cəfərovun iddiasına münasibəti isə özünəməxsus tərzdə oldu: “Ona qalsa, mən gərək nə qədər adama qarşı mülki iddia qaldıram. Ev tikmişəm, xahiş ediblər, 30 nəfərə yaxın adama ev vermişəm, bir manat da pul almamışam, bu gün həmin adamlar o evlərdə yaşayırlar. Bunu hər kəs bilir. İndi mən bu adamlara qarşı iddia qaldırım ki, dələduzluq ediblər, pul verməyiblər?”

Dövlət ittihamçısı Fərid Nağıyev Orxan Cəfərovun mülki iddiasının qəbul edilməsini məhkəmədən xahiş etdi və zərərçəkmiş şəxs statusundan çıxarılmasına heç bir əsas olmadığını bildirdi.

Dövlət ittihamçısının çıxışı vəkillərin və A.Abdullayevin etirazına səbəb olsa da O.Cəfərovun mülki iddiası məhkəmə tərəfindən qəbul olundu.

“İndi gündə biri çıxıb mülki iddia qaldıracaq ki, pul tələb edirəm? Həbsimin sifarişli olduğunu hamı bilir. Çıxarılan hökm də sifarişli olacaq. Ona görə də xahiş edirəm, hökmü oxuyun, başımızı aşağı salıb işimizlə məşğul olaq. Əlimizi üzək, gedək Avropada ədalət axtaraq. Torba tikilib, qalır ipini çəkmək”- deyə A.Abdullayev bildirdi.

Vəkil O.Kazımov cinayət işində O.Cəfərovun zərərçəkmiş şəxs kimi tanınması ilə bağlı sənədlərin təqdim olunmasına dair vəsatət qaldırdı. Vəsatət təmin olunmadı.

“Çünki cinayət işi materiallarında belə bir şey yoxdur. Bunların hamısı başdan-ayağa kimi saxtakarlıqdır”- deyə vəkil O.Kazımov bildirdi.

Bundan sonra hakim Əfqan Hacıyev təqsirləndirilən Abdulla Abdullayevə sərbəst ifadə verməyi təklif etdi. A.Abdullayev sərbəst ifadəsində haqsız yerə həbs edildiyini, barəsində sifarişlə qərar çıxarılacağına əmin olduğunu, pozulmuş hüquqlarını Avropa Məhkəməsində bərpa edəcəyini, cinayət işlətmədiyini və heç vaxt da cinayət işlətmək fikrində olmadığını bildirdi: “25 illik əziyyətim yerə vuruldu. Bir dəfə də olsun qanunsuzluq etməmişəm. Mən bu yolda can qoymuşam. Tək günahım bunların maraqlarına toxunmağım olub. Haqqımda cinayət işi başlandı. Mən burada 10 il də oturmağa hazıram. Amma millətimin məni dələduz kimi tanımasını istəmirəm. Onsuz da burada ədalətə nail ola bilməyəcəyəm. Amma sizə kişi kimi söz verirəm ki, buna Avropada mütləq nail olacağam, həm də təzminatla (A.Abdullayev vəkillərindən ittiham aktını tərcümə etdirməyi xahiş etdi-red.). Ölkədə elə bir vəziyyət yaranıb ki, heç kimin həyatı təminatlı deyil. İstənilən adamı şər atıb tutdura bilərlər. 12 aydır həbsdəyəm. Halbuki mən 4 aya İranda 3 zavod tikmişdim. Bir il ərzində 12 zavod tikə bilərdim.

Prezident çıxışlarında deyir ki, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Buna imkan verirlər ki?! İmkan versəydilər, indi AMAY-da 6 min nəfər işlə təmin olunardı. Mənim kimi bir adamı bezdirdilər, gedib İranda işlədim. 10 il əvvəl ağlıma da gəlməzdi ki, məni burada otuzdurarlar. Bilmək olmaz hələ 10 ildən sonra burada kim oturacaq. Oturacaqlar da...

Möhtərəm hakim, mənim qanunlara hörmətim var. Hər şeyi səmimi danışıram. Sizdə günah görmürəm. Bilirəm ki, hökm sifarişli olacaq. Mənə 20 il cəza versəniz də sizdən inciməyəcəyəm, narahat olmayın. Mən nə danışsam, siz narahat olmayın. 56 yaşım var. Mənim yaşadıqlarımı bu ölkədə heç kim yaşamayıb. Mən İrəvan xanı Abdulla xanın törəməsiyəm. Anam bəy qızı olub, sürgün həyatı yaşayıb. Babam da sürgündə olub. Məni yalnız ölümlə susdura bilərlər. Biz bu şeylərə öyrənmişik...”

A.Abdullayev ifadəsində məhkəməni teatra bənzətdiyini və bu oyunlara ehtiyac olmadığını dedi: “Bu dünyada günahsız insan yoxdur. Belə çıxır ki, bütün Azərbaycanı “kletka”ya doldurmalısınız? Bu millət necə irəli gedəcək? Məni həbs edəndə heç olmasa qulağıma pıçıldayardılar ki, nəyə görə tuturlar. Yoxsa burada teatr gedir. Əgər mənim sözümü kəsib məhkəməni qapalı etsəniz, proseslərə gəlməyəcəm...

Cəmiyyət üçün təhlükəli olduğuma görə həbsdə saxlanılıram? Bu təhlükə haradandır? 6-7 min adamı, 30-40 təşkilatı idarə edən adam cəmiyyət üçün təhlükəli olur?”

Daha sonra A.Abdullayev AMAY-ın necə tikilməsindən danışdı: “Dövlətdən sifariş gəldi ki, “Gənclik”dəki ticarət mərkəzinin yerində Gimnastika Mərkəzi tikilməlidir. Məni çağırdılar, dedilər ki, təcili yer ayrılır, vəsait də ayrılacaq, “Gənclik”dəki ərazini iki günə boşaltmalısan. Mən də həmin ərazini boşaltdım, amma yeni ərazidə ticarət mərkəzini tikmək üçün vəsait ayrılmadı. Dedim verirəm bunları, gedirəm. Dedilər, birbaşa göstəriş var. Bu binanı tikməyə 2 il vaxt verdilər, 18 aya tikdim.

2004-cü ildə mən hər şeyimi satdım ki, AMAY-ı tikim. Tikinti başlayanda cəmi 800 dollar pulum vardı. Allah rəhmət eləsin Rauf Denktaşa (Şimali Kipr Türk Cümhuriyyətinin mərhum prezidenti-red.). Zəng eləyib dedim ki, Rauf müəllim, mənim pula ehtiyacım var. Xahiş etdim ki, oradakı zavodun pulu ilə bağlı köməklik göstərsin. O da bu məsələ ilə bağlı oğlu ilə əlaqə saxlamağımı tapşırdı. Sabahısı günü zavodun pulu gəlib çatdı. İranda, Çində, Kiprdə, Türkiyədə olan zavodlarımı satıb AMAY-ı tikmişəm. 

Tapşırdılar ki, Heydər Əliyevin ad gününə qədər AMAY-ın açılışı olmalıdır. Dedim, vəsaitim yoxdur, dam örtüyünü vura bilmirəm. Dedilər ki, vəsait ayrılacaq. Bundan sonra Sahibkarlığa Milli Kömək Fondundan çağırıb kredit ayırdılar. 2007-ci ilin mayında AMAY-ın açılışını etdik. Krediti də qəpiyinə qədər qaytardım.

Tapşırmışdılar ki, AMAY-ı tikim. Bilirsiz də tikməsəydim, nə olacaqdı. Bilirsiniz, bilirsiniz... Siz indi sizə verilən sifarişi yerinə yetirməsəniz, nə olarsa, mənimlə də elə olacaqdı. Yəni tikdim, bu cür cəzalandırırlar, tikməsəydim də başqa cür cəzalandıracaqdılar. Siz hökmü çıxarın, amma yeri-göyü yaradan Allah var. Onun da çıxaracağı hökm olacaq.

Mən bəlkə haradasa dövlətin əleyhinə danışırdım? Baş Prokurorluq deyir ki, Abdulla bizi söyür. Söyməmişəm. Mənim telefonlarıma qulaq asılırdı. Telefonda demişəm ki, şərəfsizlik edirlər. Amma niyə söyməyim ki, indi məni bura salıblar? Bir gün həqiqət bəlli olacaq. Məni 10 il də saxlasalar, burada özümə söz vermişəm ki, həbsdə ölməyəcəyəm”.

Məhkəmə prosesi martın 6-da saat 14:00-da davam etdiriləcək.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Virtualaz.org