Almaniyada sosial kataklizm - Hətta 11 yaşlı qız uşaqları da ekstazi qəbul edirlər
“Almaniyanın paytaxtı Berlin şəhərində narkotik qəbul edən uşaq və yeniyetmələrin sayında rekord artış müəyyən edilib”.
Bu barədə ölkənin “Focus” jurnalı məlumat verib. Jurnalın yazdığına əsasən, yerli siyasətçiləri əsl narahat edən məsələ uşaqların ekstaziyə (narkotik həblər) meyllənməsidir.
Bununla bağlı şəhərin gənclik və idman üzrə şurasının üzvü Qordon Lemmin “facebook”da yazdığı statusdan sitat gətirilib. Onun sözlərinə görə, ekstazi ən çox 11-14 yaşlı qız və oğlan uşaqları arasında populyardır. Müxtəlif rənglərdə olan bu həblər ilk görünüşdə zərərverici kimi görünməsə də məhz onlar uşaq və yeniyetmələrin səhhətində dəhşətli nəticələr törədir və uzunmüddətli pozuntulara səbəb olur.
Esktazinin təsiri nəticəsində orqanizm yüksək dəcərədə xoşbəxtlik hormonları buraxır. İnsanlar daha ünsiyyətcil olurlar, özlərini sevilmiş və ətrafa qarşı daha açıq hiss edirlər.
Lakin “dərman”ın təsiri keçdikdən sonra onlarda əsəbilik, depressiv əhval-ruhiyyə, gücün tükənməsi, konsentrasiyanın pozulması halları meydana gəlir. Ekstazidən ayılma “spirt ayılması”ndan daha pisdir və bir neçə gün davam edir. Onun əsas simptomları çənənin əsməsi, ürək bulanması, gözlərdə tez-tez qığılcımların baş verməsi, hallüsinasiyalar, ani yaddaş pozuntuları, ağır ifrazat ola bilər.
Alman siyasətçi bununla bağlı valideynləri övladlarını həmin həblərdən uzaq tutmağa çağırıb. Ekstazi uzunmüddətli perspektivdə mədə mukozasını zədələyir, ağciyər və qaraciyərin funksiyalarını sıradan çıxarır.
“Berlində narkotiklərlə bağlı mühit daha da genişlənir. Indi paytaxtda narkotik maddələrin yoxlanılması məntəqələri peyda olub. Burada qeyri-qanuni narkotiklərin dövriyyəsi nəticəsində yaranan ölüm hallarının azaldılması planlanır”.
Almaniya federal məhkəməsinin məlumatlarına əsasən, təkcə keçən il ölkədə 1276 insan narkotik maddələrin ucbatından dünyasını dəyişib./Musavat.com