Almaniyada şəhid, qazi ailələrinə yardım üçün xeyriyyə təşkilatı yaradılıb

Baxış sayı:
99

Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı "Varliq-Fonds" e.V." (“Varlıq” Fondu) fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, ötən gün fondun təsis yığıncağı keçirilib.

Almaniyada yaşayan azərbaycanlıların vahid təşəbbüsü ilə yaradılan "Varliq-Fonds” e.V." ictimai birliyinin ilk təsis toplantısı Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Şəhidlərimizin əbədi xatirəsinə dərin ehtiramın təcəssümü kimi yaradılan fondun əsas hədəflərindən biri şəhid və qazi ailələrinə yardım edilməsidir.

Yığıncaqda iştirakçılar dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların vahid yumruq şəklində sıx birləşərək Azərbaycan həqiqətlərinin dünyaya çatdılırması üçün fədakar fəaliyyətlərdən bəhs ediblər. Əminliklə qeyd olunub ki, “Varlıq” fondu öz fəaliyyətində həmrəylik, yardımlaşma və paylaşma ənənələrinə sadiq qalaraq yaxın gələcəkdə Avropa Birliyi ərazisində yaşayan azərbaycanlıları və ürəyi Azərbaycanla döyünən hər kəsi bir araya gətirən körpü rolunu oynayacaq.

Yığıncaqda, xeyriyyə fondunun sədri və sədr müavinləri vəzifələrinə səsvermə keçirilib. Səsvermə nəticəsində fondun idarə heyətinin sədri Dr.Qurban Ələkbərov, sədr müavinləri Nurlan Məmmədov və Cavidan Kərimli seçiliblər.

“Varliq-Fonds” e.V xeyriyyə təşkilatı Avropa Birliyində fəaliyyət göstərən təşkilat olaraq burada yaşayan həmvətənlərimizdən gələn ianələri qəbul edəcək. Fondun fəaliyyət dairəsi geniş olub Azərbaycan tarixi, musiqisi və mədəniyyətinin dünyaya tanıdılması, eləcə də elmin və təhsilin inkişafına dəstəyi də əhatə edir.