Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar

Baxış sayı:
238

20 avqust 2019- cu il tarixində Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı lagerdə azərbaycanlılarla afrikalılar arasında baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev məlumat verib. Kütləvi davada iştirak edən bir neçə sığınacaq tələbi olan şəxsin deportasiyası planlaşdırılır. Həmin şəxslərin sığınacaq istəyi ilə bağlı müraciətlərinin təcilli araşdırılmasına başlanılıb. Bu barədə Bavariyanın Daxili İşlər Nazirliyinin cümə axşamı Münhendə mətbuata verdiyi açıqlamada bildirilib.
"Hadisədə təqsiri olanlar qanunun aliliyinin tam ciddiliyi ilə məsuliyyətə cəlb olunacaqlar" deyə Daxili İşlər naziri Yoahim Herrmann (CSU) bildirib. O, səlahiyyətli orqanları günahkarların təcilli olaraq deportasiya edilməsinə çağırıb. Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə cinayətə meyilli sığınacaq axtaranlar və onların geri qaytarılmasını qiymətləndirən xüsusi işçi qrup yaradılıb.
Bildiririk ki, çərşənbə axşamı günü axşam Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi dava baş verib. Xeyli vaxt davam edən əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanlar olub. Binaya ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla ən azı 10 nəfər yaralanıb.
Yalnız bölgədəki polis idarəsi əməkdaşlarının və federal təhlükəsizlik xidməti polisinin müdaxiləsindən sonra vəziyyəti sakitləşdirmək mümkün olub.
Prokurorluğun məlumatına görə, 8 şübhəli şəxs müvəqqəti həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər 5 sığınacaq axtaran şəxs sərbəst buraxılıb.
Asayişin pozulmasına və vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlanılıb və araşdırma aparılır.
Qeyd edək ki, Deggendorfdakı düşərgədə bu ilk belə hadisə deyil. Ötən il sığınacaq axtaran 29 yaşlı şəxs oraya deportasiya üçün gələn məmurlara və polislərə hücum etmişdi./Bakupost