Almaniya Azərbaycanı 5:1 hesabı ilə məğlub etdi

Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib
 
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.
Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv Almaniya yığmasının qonağı olub.
Kayzerslautern şəhərindəki "Frits Valter" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1. Bundestim hesabı 9-cu dəqiqədə Leon Qoretskanın qolu ilə açıb. Erkən qol buraxmasına baxmayaraq, qonaq komanda ruhdan düşməyib və 34-cü dəqiqədə bərabərlik qolunu vurub. Ramil Şeydayev millidə ilk qoluna imza atıb. Azərbaycan millisi isə Bundestimə cari seçmə tsikldə həm evdə, həm də səfərdə qol vuran yeganə komanda olub. Almaniya həm də ev oyununda yeganə qolu məhz bu görüşdə buraxıb. İlk yarı 1:1 hesabı ilə yekunlaşıb.
Fasilədən sonra isə meydan sahibləri xeyli fəallaşaraq, qolları sıralamağa başlayıb. Sandro Vaqner, Antonio Rüdiger və Emre Can fərqlənib, Leon Qoretska isə "dubl" edib. Bu qolların vurulmasında baş məşqçi Robert Prosineçkinin əvəzləmələri gecikdirməsi də rol oynayıb. O, get-gedə yorulan və daha zəif təsir bağışlayan Cavid Hüseynov və Əfran İsmayılovu vaxtından meydandan çıxarmayıb. 69-cu dəqiqədə Dmitri Nazarov, 77-ci dəqiqədə Ruslan Qurbanov və 88-ci dəqiqədə Ramil Şeydayevi əvəzləyən Namiq Ələsgərovun da köməyilə hücumlar qurmağa çalışan Azərbaycan millisi ən azı fərqi azaltmaq istəyib. Lakin bu, baş verməyib və yenə böyük hesablı qələbə qeydə alınıb.
Beləliklə, Almaniya millisi C qrupunda 10 görüşünün hamısını qələbə və 30 xalla başa vuran yeganə komanda olub. Azərbaycan millisi 10 xalla 5-ci yerdə qalıb. Şimali İrlandiya 19 xalla 2-ci pillədə qalıbsa, Çexiya 15 xalla 3-cü, Norveç 13 xalla 4-cü yeri tutub. San Marino isə seçmə tsikli xalsız bitirib.
Dünya çempionatı
Seçmə mərhələ, C qrupu
22:45. Almaniya - Azərbaycan - 5:1
Qollar: Leon Qoretska, 9; 66. Sandro Vaqner, 54. Antonio Rüdiger, 64. Emre Can, 81 - Ramil Şeydayev, 33
Baş hakim: Andris Treymanis
Yan xətt hakimləri: Harald Gudermanis, Aleksey Spasyonnikov
Dördüncü hakim: Aleksandr Qolubev (hamısı Latviya)
Kayzerslaytern. Fritz Valter stadionu.