Allahverən Əliyev Ukraynadakı biznesini genişləndirir - “BASA CİTY” KOMPLEKSİ TİKİLƏCƏK, “KOMFORT+” SİNİFLİ...

Baxış sayı:
9469

Azərbaycanın “Caspian Service” tikinti şirkəti Ukraynada biznesini genişləndirir və bu ölkədə özünün ilk developer layihəsini-“BASA City” yaşayış kompleksinin tikintisini həyata keçirməyə hazırlaşır.

Virtualaz.org “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, şirkət “komfort+” sinifli bu yaşayış kompleksinin tikintisinə 7 milyon dollar yatırmaq niyyətindədir.

“BASA City” yaşayış kompleksi “Caspian Service” şirkətinin developer kimi Ukraynada ilk tamformatlı layihəsidir. Siyasi proseslər üzündən yaranan müvəqqəti çətinliklərə baxmayaraq Ukrayna bazarı çox perspektivlidir. Pilot layihəsi “komfort+” sinifdə reallaşır və bizim qiymətləndirmələrimizə görə hazırda bu mənzil inşaatında ən az riskli, ən çox tələbat olan sinifdir”,-“Caspian Service Ukrayna” şirkətinin icraçı direktoru Çingiz Kişiyev bildirib.

Kiyev vilayətinin Kiyevo-Svyatoşino rayonunda həyata keçiriləcək layihə 5-7 mərtəbəli, cəmi 504 mənzilli 9 binanın tikintisini nəzərdə tutur. Tikinti üçün ayrılan 3.5 hektarlıq torpaq sahəsi gölün kənarında yerləşir. Layihə iki növbədə həyata keçiriləcək və ilk kvartal 2021-ci ildə istifadəyə veriləcək.

Kişiyevin sözlərinə görə, perspektivdə şirkət Ukraynada “biznes” və “Premium” sinif mənzil seqmentinə də girməyə hazırlaşır. “Çünki şirkət Azərbaycanda, Qazaxıstanda və digər MDB ölkələrində belə layihələri uğurla həyata keçirib. Biz onlarla yüksəksinifli layihə tikmişik”,-o qeyd edib.

“BASA City” yaşayış kompleksində müxtəlif formatlı mənzillər olacaq. Bura klassik mənzillər, studiya-mənzillər, sitihouslar, terraslı apartamentlər də daxildir. Layihə gölün sahili boyu abadlıq işlərinin aparılmasını, idman və fəal istirahət üçün zonaların, o cümlədən balıq tutmaq, barbekyü bişirmək üçün zonaların yaradılmasını nəzərdə tutur.

“Caspian Service” MMC 2001-ci ildə yaradılıb. Onun portfelinə Azərbaycanda 71, Qazaxıstanda 6, Gürcüstanda 2 və Polşada 1, Ukraynada 8 layihə daxildir. Yarandığı vaxtdan şirkət 1.5 milyon kvadratmer mənzil sahəsi tikib. Ukrayna bazarında isə şirkət 2014-cü ildən fəaliyyət göstərir.

Şirkətin təsisçisi Allahverən Əliyevdir. Azərbaycan mənbələrində bu şirkətin adı əsasən “Aran Qala” MMC ilə Beyləqandakı kərpic zavoduna görə illərlə davam etmiş məhkəmə çəkişməsinə görə hallanır. Bu çəkişmə 2004-cü ildə başlayıb və 2019-cu ilin iyununda Konstitusiya Məhkəməsində Ali Məhkəmənin “Aran Qala” MMC-nin xeyrinə çıxardığı qərarın ləğvi, işə yenidən baxılması barədə hökmlə yekunlaşıb. Çəkişmə isə belə başlamışdı ki, “Caspian Service” MMC 2004-cü ildə Beyləqanın Allahyarlı kəndində yerləşən kərpic zavodunu “Aran Qala” MMC-dən 3 illiyə (ayı 17 min dollara) icarəyə götürüb. 2008-ci ildə “Aran Qala” MMC-nin sahibi Ə.Hüseynov şirkəti “Caspian Service” MMC-yə satıb. Bir il sonra bu alqı-satqı məhkəmə yolu ilə ləğv edilib, amma zavod “Caspian Service” MMC-nin nəzarətində qalıb. “Aran Qala” MMC isə məhkəmə iddiası qaldıraraq cavabdehdən ödənilməmiş icarə haqqı kimi 2 milyon dollardan çox vəsaitin ödənilməsini tələb edirdi.