“Allahşükürün şiələr üzərində də hər hansı hüququ yoxdur”

Sərdar Cəlaloğlu: “Qurani-Kərimdə Allah yolunda vuruşan insanların hamısının yüksək dəyərləndirilməsi tələb olunur”
 
“Müasir dövrdə elm və informasiya Qurani-Kərimə yeni ölçüdə iman gətirməyi tələb edir. Ona görə də məzhəb və təriqətlərdən imtina edib, vahdi iman məsələsində yenidən birləşmək lazımdır”
 
“Şeytanın insanlara yazdırdığı kitabı insanlar öz adlarına çıxırlar ki, bu mənim kitabımdır, mənim ideyamdır...”

 
YAP-ın qurucularından biri, keçmiş sosial müdafiə naziri Əli Nağıyev xəbər portallarından birinə müsahibəsində İmam Hüseynin əleyhinə sərt fikirlər səsləndirib. Hansı ki, həmin fikirlər artıq bir sıra islamçılar tərəfindən etirazla qarşılanıb və hətta Ə.Nağıyevi təxribat törətməkdə ittiham edənlər də olub. Odur ki, ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə Əli Nağıyevin fikirlərinə münasibətini öyrənməklə yanaşı, İmam Hüseynin İslam tarixindəki roluna da aydınlıq gətirməyə çalışdıq.  
 
- Sərdar bəy, Əli Nağıyev iddia edir ki, İmam Hüseyni qəhrəmanlıq səhifəsi kimi təqdim etmək doğru deyil. Onun fikrincə, əgər İmam Hüseyn qəhrəman olsaydı, xilafəti Müaviyəyə təhvil verməzdi. Bu haqda Siz hansı fikirdəsiniz?
-Ümumiyyətlə, dində insanların iki cür yanlış yanaşması mövcuddur. Birincisi, bəşərin müqəddəsləşdirilməsi. İkincisi, din tarixində müəyyən rolu olan, nümunə olan insanların əhəmiyyətinin azaldılması. Əgər təriqətlər müəyyən mənada İmam Hüseyn, Həzrət Əli kimi şəxsiyyətlərin dini rolunu qaldırır, onlara müqəddəslik donu geydirirlərsə, bu, Qurani-Kərimə görə, yanlışdır. Eyni zamanda bu cür insanlar haqqında Əli Nağıyevin dediyi kimi fikirlərin söylənilməsi də, Qurani-Kərimə görə, başqa bir günahdır. Niyə? Qurani-Kərimin Ali İmran surəsində belə bir ayə var ki, nə çoxdur ilahi şəxsiyyətlər ki, onlar peyğəmbərlərlə birlikdə Allahın yolunda vuruşdular, süstləşmədilər, yəni axıra qədər getdilər, həyatlarını qurban verdilər və şəhid oldular. Biz bilirik ki, şəhidlik İslam dinində, eləcə də bəşəriyyətdə ən böyük insani rütbə, yəni qəhrəman kmi dəyərləndirilir. Məsələn, İmam Hüseynin din tarixindəki rolunun əhəmiyyətini Mahatma Qandi göstərib. Bilirsiniz ki, Mahatma Qandi Hindistan Milli Azadlıq Hərakatının lideri, sonra isə Hindistan prezidenti olub. Mahatma Qandi İmam Hüseyn hadisəsini insanlıq məktəbi adlandırıb. Çünki o, haqqın yolunda vuruşub. Bilirisiniz ki, İmam Hüseyn vuruşmaq istəməyib, özünü müdafiə etmək üçün vuruşmağa məcbur olub. Odur ki, Mahatma Qandi haqqın yolunda, silahsız, dinc yolla mübarizə aparmağı, öz etiraz səsini qaldırmağı insanlığa nümunə kimi göstərib.
Eləcə də Həzrət Əlinin İslam tarixində xüsusi xidmətləri olub. Yəni həm İslamın elmi inkişafında xidmətləri olub, bu səbəbdən ona “elmin qapısı” da deyirlər, həm də peyğəmbərin sağlığında və demək olar ki, ondan sonrakı bütün döyüşlərdə tanınmış sərkərdələrdən biri kimi çıxış edib. Bu baxımdan Həzrət Əlinin və yaxud İmam Hüseynin bu şəkildə alçaldılması, əslində o adamların Qurani-Kərimdən xəbərlərinin olmaması ilə bağlıdır. Qurani-Kərimdə bütünlükdə Allah yolunda vuruşan insanların hamısının yüksək dəyərləndirilməsi tələb olunur. Quranda ayə var ki, cənnətə gedən adamlar müəyyən təbəqələrə ayrılır. O təbəqələrdən birini də şəhidlər təşkil edir. Hansı ki, Allah yolunda, haqq yolunda, yalnız din uğrunda yox, vətənini, öz namusunu qoruyarkən ölən adamlar da şəhid adlanır. Yəni Allahın qoyduğu qaydaları qoruyarkən ölən insanların hamısına Allah-təala şəhidlik verib ki, bu adamlar peyğəmbərlərdən, salehlərdən sonra dində hörmətə görə üçüncü təbəqəni təşkil edirlər. Və Allah-təala deyir ki, şəhidlər diridir. “Diri” sözünün mənası nədir? Bir çoxları yanlış olaraq belə başa düşür ki, söhbət canlılıqdan gedir. Ərəb dilində “diri” sözü “xatırlanan” mənası verir. Necə ki, vaxtilə bir söz vardı: “Lenin yaşayıb, yaşayır və yaşayacaq”. Lenin necə yaşayacaq? Yəni xatirəsi yaşayacaq. Bu baxımdan İslam dinində xidməti olan insanların, şəhidlərin hamısının xatirəsi yada salınmalı, əbədiləşdirilməlidir. Amma bunu da İslamda göstərilən qaydada etmək lazımdır. Məsələn, İmam Hüseyn müsibətinə, hadisəsinə bizim şiələrin yanaşma tərzi yanlışdır. Mən demişəm, bu, xristianlıqdan gəlmə bir şeydir....
- Belə bir fikir də var ki, İmam Hüseynın irəli çıxarılması İran ideologiyasıdır...
- Mən bir şey deyim, Məhəmməd peyğəmbər öləndən təxminən 200 il sonra İslam dünyası ikinci cahilliyə dövrünə qədəm qoydu. Bilirsini ki, bu cahilliyə dövrü bir peyğəmbərdən qabaq, bir də peyğəmbərdən sonra olub. Neçə ki, peyğəmbər sağ idi, insanların dinlə bağlı bütün tərəddüdlərini həll edirdi. Yəni yeni ayə gəlirdi, peyğəmbər deyirdi, izah edirdi, yol göstərirdi və s. Elə ki, peyğəmbər öldü, insanlar doğru yolu müstəqil şəkildə müəyyən etməyə çalışdılar. Bu vaxt həm də İslam genişlənirdi. İslam genişləndiyi bir vaxtda bu dinə 3 tərəfdən təsir oldu. Birincisi, türklərin İslama gəlməsi ilə bağlı fütuhatın əmələ gəlməsi. Yəni türklər mədəniyyəti və tanrıçılıq sistemini İslamla birləşdirdilər. Farslar və farsyönümlü xalqlar cadu elmini, ovsun elmini, xristianlığı, bir qədər də buddizmi birləşdirdilər, gətirdilər İslama. Ərəblər isə ərəb mədəniyyətini, astrologiyanı. Məsələn, əbcəd üsulu var, bu astrologiyadır, özü də böyük küfrdür. Baxın, ərəblərin bütün şeyxləri, məşhur ərəb alimlərinin hamısı əbcəd üsulundan istifadə edirlər. Məsələn, Quranı şərh edirlər. Halbuki, bu astroloji bir hesabatdır, çox təhlükəlidir, hürufiliyin bir formasıdır, pifaqorçuluqdur. Ərəblər isə əl-kimyanı, astrologiyanı, o cümlədən də yəhudliyi gətirdilər İslama. Beləliklə, əslində xalis olan İslam, xristianlıq, yəhudilik və 3 dənə də batili elmlə - Əl-kimya, astrologiya və ovsun elmi ilə qarışdırıldı, batilə çevrildi. Türklər isə mədəniyyət gətirdi və beləliklə, İslam yenidən ikinci cəhalətə düşdü.
Bəs, xristian dünyası niyə inkişaf etdi? Bu suala heç kim cavab verə bilmir. Dünya tarixinə baxsaq görərik ki, 16-cı əsrə qədər inkişafda müsəlmanlar qabaqdadır. Harda elm, mədəniyyət vardı, orda İslam vardı. 10-cu, 11-ci əsrdə İslam alimləri olan vaxt Qərb dünyasında bir nəfər də nümunə yox idi. Məsələn, Nizaminin, Sədinin, Şirazinin, Biruninin, İbn Sinanın vaxtında, eləcə də Fərabi, Kindi və s. bunlar olan vaxt Qərb dünyasında bir nəfər də gözə dəyən adam yoxdur. Nə filosof var, nə alim var və s. Amma 16-cı əsrdən sonra, İslam dünyası aşağı getdi, bir nəfər dünyəvi alim çıxmadı, bunun əksinə böyük xristian alimləri, yazıçıları, filosofları çıxdı. Niyə? Çünki həmin dövrdə xristianlar ilk dəfə Quranla tanış olmağa, Quranı öyrənməyə başladılar. Onlar Quranı öyrənərkən, xristianlıqdan imtina etdiklərinə görə, təriqətlər xristianlığı ki, İslama gətirmişdi, onu qəbul etmədilər. Çünki özləri xristianlıqdan imtina edib, Quranı axtarırdılar. Nəticədə, Qərbdə dünyəvi elmlərlə bağlı bütün böyük kəşflər ki var, hamısı Qurani-Kərimdən götürülüb, Nyutonun, Qalileyin kəşfləri. İndi deyirlər, Cornado Bruno... Qurani-Kərimdə bir surədə var ki, “Mən Yeri müəyyən bir dairədə, öz məhvərində hərəkət edən bir cisim kimi yaratmışam”. Qurani-Kərimdə bu 6-cı əsrdə bəyan olunub, 16-17-ci əsrdə Qərbdə dünyanın, yerin fırlanması ilə bağlı fikir bildirən insaları tonqalda yandırırdılar. O fikirlər hardan meydana gəlmişdi? Həmin insanlar Quranla tanış olmuşdular. Eləcə də digər məsələlər.
Yəni demək istəyirəm ki, çox paradoksal bir məsələdir: xristianlıq təhrif olunmuş İncildən xilas olmağa başladığı bir vaxtda müsəlmanlar təhrif olunmuş Qurana inanmağa başladılar. Məzhəb və təriqətlər başqa elmlərin Qurani-Kərimə tətbiqindən meydana çıxıb. Bu baxımdan şiəlik özü də buddizmin, atəşpərəstliyin və ovsun elminin İslama tətbiqi ilə bağlıdır. Bax, türklərdə daha çox xurafat var, xurafatın səbəbi bununla bağlıdır...
- Onda belə çıxır ki, Əli Nağıyevin “İslamı şiəlik parçaladı” fikrində müəyyən mənada həqiqət də var...
- İslam hümmətinin parçalanması Qurani-Kərimi anlamaqda problemlər meydana çıxanda başladı. Çünki Qurani-Kərimdə ayə var, peyğəmbərə Allah-təala buyurur ki, sən Quranı insanlara zahirinə görə izah elə, daxilinə görə izah eləmə, mübahisə eləmə. Niyə? Qurani-Kərimi həmin dövrün insanları onsuz da anlaya bilməzdilər. Mümkün deyildi onu anlamaq. Elm inkişaf etməli, insanlarda müəyyən təsəvvür əmələ gəlməliydi. Məsələn, hamı bu günə qədər elə bilir ki, “Yusif-Züleyxa” sadə bir hekayədir, nağıldır. Halbuki, bu, bizim başa düşdüyümüz Yusif-Züleyxa hadisəsi deyil. Bu  Allah-təalanın insanların aqibətinə təsir etməsinin dəlil və sübutudur. Yəni bu ciddi bir məsələdir. Hamı elə bilir ki, bu Yusiflə Züleyxanın məhəbbət məsələsidir. Və yaxud da hamı elə bilir ki, Nuhun tufanı sıradan bir təbiət hadisəsidir. Halbuki bunun çox dərin mənaları var. Bu dərin mənalar başa düşülməyəndə alimlər bunu öz gümanı, fərziyyəsi və ehtimalı ilə izah etməyə başladılar. Və izah edəndə həmin xurafat əmələ gəldi, xurafat isə parçaladı İslamı.
Yoxsa “şiəlik birinci parçaladı”, “sünnilik birinci parçaladı”, belə deyil. Zatən peyğəmbərdən 200 il sonra İslamla bağlı suallar meydana gəldi, insanlar bu suallara müstəqil cavab tapa bilmədilər. Peyğəmbər də yox idi. Onda məcbur oldular ki, bu sualların cavabını tapmaq üçün başqa elmlərlə tanış olsunlar. Onda əllərinə keçən nə oldu – qədim yunan fəlsəfəsi, Platon və Aristotel. Bizim bütün görkəmli İslam alimlərimizi Aristotelə şərh yazıblar. Halbuki Aristotel allahsızlığın məntiqini yaradan bir adamdır, Ateizmin əsasını qoyub, Materializm təliminin banisizdir. Ən təhlükəlisi isə... Bunu mən bir dəfə demişəm, bir də deyəcəm, Allah-təalanın kitablarına müəlliflik iddiası edən bir nəfər yoxdur. Baxın, bu qədər qiymətli kitablardır - Qurani-Kərim, Tövrat, İncil. Amma nə Məhəmməd peyğəmbər, nə Musa peyğəmbər, nə də İsa peyğəmbər demir ki, bu kitabı mən yazmışam. Hamısı deyib ki, bunun mənə aidiyyatı yoxdur, bunu mənə deyiblər, mən də sizə deyirəm. Amma şeytanın insanlara yazdırdığı kitabı insanlar öz adlarına çıxırlar ki, bu mənim kitabımdır, mənim ideyamdır. Ona görə də bilməyəndə ki, insan adları ilə meydana çıxan kitablar şeytanın kitabıdır, onu oxuyursan, deyirsən bu filan alimdir. Onun əsasında Qurana yaxınlaşanda sən haqqa batil donu geydirirsən. Allah-təala dəfələrlə deyib ki, haqqa batil donu geydirməyin. Nə deməkdir haqqa batil donu geydirmək? Yəni Qurani-Kərimdən haqqı götürürsən, onu dərk etmək etmək istəyəndə həmin batili elmlərdə olan təsəvvürlərdən istifadə edirsən, haqqı gizlədirsən həmin batilin içində. İslamın parçalanmasının səbəbi budur.
Məşhur İslam alimlərinin bir çoxunun tərcümüyi-halında qeyd olunur ki, bu alimlər hermetizmlə tanış olub, hermetizmdən bəhrələniblər. Hermetizm iblisin fəlsəfi təlimidir. Hermetizmə inanan bir insan nə Qurana, nə İncilə, nə də Tövrata inana bilməz. Məsələn, şiələrin böyük alimi Molla Sədra Şirazinin yaradıcılığına, fəlsəfi təliminə məhz hermetizm təsir edib. Nəticədə Qurani-Kərimə yanlıç yanaşma meydana çıxıb. İslamdakı bütün təriqət və məzhəblər əslində Qurani-Kərimdən uzaqlaşmaqla meydana çıxıb. Hər bir toplum özünün mədəniyyətini və İslamdan əvvəlki inanclarını İslama tətbiq etməyə başlayanda, İslam təhrif olundu və təriqətlər meydana çıxdı. Məsələn, İmam Hüseynlə bağlı çox maraqlı bir hadisə var. Bilirsiniz ki, şiə təriqəti də parçalanıb. Biz 12 imam şiəsiyik. Bizim məzhəbimiz Cəfəri məzhəbidir. Yəni, belə demək mümkünsə, İmam Cəfər bizim məzhəbimizin banisidir. Maraqlıdır ki, Azərbaycan şiələrinin çoxu İmam Cəfəri daha az tanıyır, amma hamı İmam Hüseyni yaxşı tanıyır. Burda sual olunur ki, niyə İmam Hüseyn bu qədər önə çıxardılır, qabardılır, halbuki daha çox İmam Cəfər qabardılmalıdır. Yəni hər bir təriqətin banisi qabardılmalıdır. Məsələn, malikilər deyir ki, biz malikiyik. Alimin adı ilə gedir. Bizim də alimimizin adı İmam Cəfərdir və bizə cəfəri deyirlər. Amma buna baxmayaraq biz İmam Hüseyn məsələsində çox qabağa getmişik.
- Bəs, bu nə ilə bağlıdır?
- Bilirsiniz ki, İmam Hüseynin həyat yoldaşlarından biri - Şərabani fars qızı olub. Ona görə, bu, millətçilikdən yanaşmaqla bağlıdır. Əslində, təkcə İmam Hüseyn yox, məsələn, Museyi Kazım da şəhid olub, onu zəhərləyib öldürüblər. Onun qardaşı İmam Həsən də din yolunda öldürülüb. Bizim imamlarımızın əksəriyyətinə qəsd olunub. Ondan başqa İslam tarixində peyğəmbər nəslindən olmayan çox böyük insanlar olub ki, onlar da İslam yolunda şəhid olublar. Bu şəhidlərin birini tərəziyə qoyub, ayrıca çəkmək mümkün deyil. Məsələn, Allah-təala deyir ki, peyğəmbərlər arasında seçim etməyin. Bu, Allahın yolunda olan hamıya aiddir. Biz Allahın yolunda olan Həzərət Əlini İmam Hüseyndən, İmam Hüseyni din yolunda şəhid olan başqa birindən ayıra bilmərik, bu günahdır. Çünki Qurani-Kərim deyir ki, Allah yolunda vuruşanlar şəhiddir. İmam Hüseyn də, Həzrət Əli də, Həmzə də Allah yolunda vuruşub. Əgər adi bir kəndli də bu gün Allah yolunda vuruşub şəhid olubsa, demək olar ki, Allahın yanında eyni dərəcədə şəhiddir. Allah-təala bunları tərəziyə qoymur ki. Necə ki, Allah-təala  peyğəmbərləri bir-birindən seçməməyi əmr edir, eləcə də şəhidləri bir-birindən seçməməyi əmr edir.
-Peyğəmbərin belə bir kəlamı var: “Hüseyn məndəndir, mən də Hüseyndənəm”. Bəzən bunu şiələr İmam Hüseynin peyğəmbərə bərabər tutlması kimi şərh edirlər...
- Əvvəla onu deyim ki, peyğəmbərin səhih hədislərində həm övladları ilə bağlı, həm də yaxın əsabaları ilə bağlı bu mövzuda çoxlu fikirlər var. Məsələn, İmam Hüseyn haqqında onu deyib, amma Ömər haqqında deyib ki, mən yuxuda Ömərə bir qab süd verdiyimi gördüm. Soruşurlar o nə deməkdir? Deyir, mən elmi verdim Ömərə. Eynilə, Osman haqqında da, digər səhabələri haqqında da belə gözəl fikri var. Amma peyğəmbər ailəsi ilə bağlı Qurani-Kərimdə ayə var və orda yazılıb ki, peyğəmbərə və onun ailəsinə hörmət edin. Yəni peyğəmbər insanları Allahın yoluna dəvətlə məşğuldur, peyğəmbərə görə onun ailəsinə zülm etməyin özü dolayısı ilə Allaha üsyan etməkdir. Peyğəmbərin həyat yoldaşları bütün müsəlmanların anası hesab olunduğundan, onlarla evlənmək müsəlmanlara haram buyurulmuşdur. Yəni peyğəmbər missiyasına görə, adi insanlarla eyni dəyərləndiril bilməz. Ona görə Quranda peyğəmbər ailəsinə hörmət edilməsi əmr olunur. Bu hörmət isə onları müqəddəsləşdirmək anlamına gəlmir.
Bilirsiniz problem nədir? Əslində, təriqətlərin ən böyük qüsuru odur ki, bunlar bəşəri müqəddəsləşdirirlər. Müqəddəs “Quddus” sözündən götürülüb, eyibsiz və qüsursuz demədkir və Allahın adlarından biridir. Məsələn, Adəm peyğəmbər niyə yerə göndərildi? Çünki o, günah edəndən sonra onun bədəni, eyib yerləri görsəndi. Yəni canlı insanda eyib yerləri var. “Müqəddəs” sözü eyibsiz və qüsursuz deməkdir. Əgər kiminsə fiziki bədəni olubsa, deməli bunların eyibi var. O halda biz bunları müqəddəs saya bilmərik. Əslində isə Allahdan başqa heç kəs müqəddəs deyil.
-Peyğəmbərlər də müqəddəs deyil?
- Bəli, peyğəmbərlər də müqəddəs deyil. Bu “müqəddəs” sözü o qədər adiləşdirilib ki, Azərbaycanda seyidlərə də müqəddəs deyirlər. Belə olmaz. Bütün bunlar “müqəddəs” sözünün mənasını bilməməkdən irəli gəlir. “Qüsur” deyəndə, əxlaqdan söhbət gedir. Eyib isə bədənlə bağlıdır, yəni bədəni varsa, eyibi var.
Qurani-Kərimdə buyurulur ki, Allahın yolunda malınızla, canınızla və övladınızla vuruşun. Biri Allah yolunda vuruşanlara pul verir, biri özü gedib vuruşur, başqası övladını göndərir. Bunların Allah yanında mövqeyi eyni ola bilməz. Amma İmam Hüseyn övladını da, canını da, malını da Allah yolunda qurban vermişdir. Yəni İmam Hüseyn Allahın cihad əmrini qüsursuz yerinə yetirmişdir. Bu baxımdan İmam Hüseyn şəhidlik zirvəsindədir. Ona görə Mahatma Qandi deyir ki, İmam Hsüeyn hadisəsi bir insanlıq məktəbdir. İnsanlar bilməlidir ki, haqq uğrunda hər şeyini verməlidir. Allah-təala Nisə surəsində deyir ki, haqq ortalığa çıxsın deyə, öz əleyhinizə olsa belə, şahidlik edin. Bu mənada gərək din tarixində hər kəsin haqqı verilsin. İslam tarixində Həzrət Əli və onun ailəsi qədər şəhid verən, məhrmiyyətlərə düçar olan, haqqı tapdanana ikinci bir nəsil göstərmək mümkün deyil. Bu mənada bütün müsəlmanlar üçün İmam Əli və onun övladları İslam dinində böyük hörmətlə yad edilməlidir. Amma bu onlar müqəddəsləşdirməyə əsas vermir. İnsanların müqəddəsləşdirilməsi xristianlığın katolik təriqəti ilə bağlıdır. Məsələn, Roma kilsəsi Tereza Ananı din qarşısındakı xidmətlərinə görə müqəddəs elan edib. Bu, nə dərəcədə dinin məntiqinə uyğun ola bilər? Rus provaslav kilsəsi İkinci Nikolay və onun ailəsini eynilə əzabkeşlər kimi müqəddəs elan edib. Bu ənənə İslamda və daha çox də şiəlikdə öz təsirini buraxıb. Sünnilər övliyaları, məsələn, Rumini, Ərəbini müqəddəsləşdirir, şiələr imamları.
-Yeri gəlmişkən, son vaxtlar bəzi islamçılar Qafqaz Müsəlmanları İdarəsinin ləğvini tələb edir ki, bu qurumun İslama aidiyyatı yoxdur, birtərəfli qaydada şiəliyin təbliğatını aparır və s...
-Əvvəla, İslamda təriqət və məzhəblər yanlış olsa da, müsəlmançılığa görə, hamımız bir hümmətik. Şiə, sünni, vəhhabi, nəxşibəndi və s. hamısı müsəlmandır. Yəni bu adamlar Qurana, Allaha inanırlarsa, peyğəmbəri qəbul edirlərsə, bu İslama inamdır. İslamı qəbul etmək budur, qalan şey imandır. Əslində, təriqət və məzhəblər imanda fərqlilikdir, inamda yox. İnamda bütün müsəlmanlar birdir. “Allahşükürün müsəlmanlara heç bir aidiyyatı yoxdur” demək yox, heç bir din xadiminin müsəlmanlara aiddiyyatı yoxdur. Allah-təala deyir ki, mən öz bəndəmlə təklikdə ünsiyyətdəyəm, ülfətdəyəm. Hətta peyğəmbərə deyir ki, sən insanları zorla dinə gətirmə, onları mən özüm dinə gətirirəm, hidayət edirəm. Yəni hidayət Allaha məxsusdur. Allahşükürün nəinki sünnilər, hətta şiələr üzərində belə, hər hansı hüququ yoxdur. Kimsə onun alim kimi bir əsərini oxuyub, düz hesab etsə, hə, o, alim kimi qəbul edilə bilər. Allahşükürün də qəbul olunan heç bir elmi, dini əsəri yoxdur. Məsələn, İrandakı ayətullaların 20, 50, 100, 150 cildlik kitabı var. Baxın, əlimizin altında Təbatəbainin kitabı var, 30 cilddən ibarətidir. Bu adam alimdir, Allahşükür kimi bir vəzifəsi yoxdur, amma ən hörmətli ayətullalardan biridir. Onu tərifləmirəm, bu kitabda da böyük yanlışlıqlar var. Ümumi şəkildə deyirəm. Yəni İslamda insanların dinə inanmasının və iman gətirməsinin insanla əlaqəsi yoxdur, o cümlədən nə dövlətlə, nə hakimiyyətlə, nə də hansısa bir dini liderlə. Dini liderlər dini ayinlərin düzgün icra edilməsinə cavabdehdirlər. Tutaq ki, namaz düzgün qılınsın. Şiələr namazı 3 dəfə qılırlar. Halbuki namaz Quranda 5 dəfə müəyyən edilib. Özü də vaxt göstərilib ki, hansı vaxtlardadır. Heç kəsin bunu dəyişdirməyə ixtiyarı yoxdur. Və yaxud da gətirib möhür qoyurlar... Yəni bu şeylər var və bunlar alimlərin uydurmaları, alimlərin işləridir. Amma bütünlükdə inam məsələsində sünni, şiə amili yoxdur. Sünni, şiə iman məsələsindədir. Qurani-Kərimin aydınlaşdırıcı ayələrini anlamaq, dərindən dərk etmək məsələsində. Burda da, mən tam məsuliyyətlə deyirəm, bütün İslam alimləri, həm sünnilər, həm şiələr yanlış yolda olublar. Niyə? Özləri təfsir etməyə başlayıblar. Allah-təala bizə Qurani-Kərimi ayələri bir-birini təfsir edən kimi göndərib. İnsanlar təfsir etmir ki. Allah-təala yalnız Qurani-Kərimi izah etməyə icazə verir. Quranda alimlərin də vəzifəsi ondan ibarətdir. Ki, Quranı siz izah edə bilərsiniz, amma təfsir etməyə ixtiyarınız yoxdur, təfsiri Quran özü edir. Bu baxımdan, hər şeyə görə Allahşükürü ittiham etmək də düz deyil.
- O halda bu qurumun fəaliyyətinə ehtiyac varmı?
- Ümumiyyətlə, bu qurum fəaliyyət göstərmir. Fəaliyyət göstərirsə, onda Nardaran hadisəsinə cavabdehlik daşımalıdır. Bir daha təkrar edim ki, bu qurum İslama, Azərbaycan Konstitusiyasına ziddir. Azərbaycan Konstitusiyasına görə, başqa ölkənin ərazisində yaşayan vətəndaşları öz cərgəsinə daxil edən təşkilat ola bilməz. Bizim qanunlara görə, Qafqaz Müsəlmanları İdarəsi qeyri-hökumət təşkilatıdır. Tutaq ki, Leyla Yunusun, Qubad İbadoğlunun təşkilatı kimi qeyri-hökumət təşkilatıdır, dövlət təşkilatı deyil. Qafqaz Müsəlmanıları İdarəsi guya Rusiya vətəndaşlarına nəzarət edir, özünün hansısa əsasnaməsi var... Bu təşkilatın nə ixtiyarı var ki, Rusiya vətəndaşlarına nəzarət etsin? Azərbaycan Konstitusiyasını necə poza bilər? Yəni Qafqaz Müsəlmanları İdarəsi həm konstitusiyaya, həm də dinə zidd bir qurumdur...
- Bu qurumun anti-konstitusion olduğunu başa düşdük. Bəs nə üçün həm də anti-din olduğu qənaətindəsiniz?
- Ona görə ki, İslamda müsəlmanların təşkil olunması söhbəti yoxdur. İslamda müsəlmanlar icma prinsipi ilə təşkil oluna bilər, 10 nəfər, 20 nəfər yığışıb bir məscid tikirlər, aralarından bir nəfər hörmət etdikləri şəxsi çıxarırlar, pişnamaz olur, həftədə də bir dəfə böyük məscidə gedib, orda din aliminin xütbəsinə qulaq asırlar. Din alimi də həftə ərzində İslamla bağlı dünyada gedən hadisələri camaata izah edir, şərh edir. Eyni zamanda məlumat verir ki, Quran bu hadisəni necə izah edir. Məsələn, İŞİD hadisəsi. Xütbədə deməlisən ki, İŞİD-in bu addımı Qurana uyğundur, ya yox. Və yaxud deməlisən ki, Suriyada, İraqda baş verən hadisələr Quranla necə izah olunur. Eləcə də PKK-nın davranışları Quranla necə izah olunur və s. Xütbənin mahiyyəti budur. Yəni dünyəvi işlərin ilahi işlərə uyğunluğunu camaata çatdırmaq. Alimlərin də vəzifəsi budur. Amma adamları bir idarəyə çağıralar, pul yığalar, Həcc ziyarəti təşkil edələr, məscidlərə axund təyin edələr... Sən kimsən məscidə axund təyin edirsən? Quranın hansı ayəsinə görə, Qafqaz Müsəlmanları İdarəsi məscidlərə axund təyin edir?! Bu nə deməkdir? Bu katolik kilsəsinə məxsus idarəetmədir. Şiəlikdə katolizm prinsipi var. Mərcih deyirlər.. Şiələrdə belə bir inam var ki, heç kəs Quranı müstəqil şəkildə başa düşə bilməz, gərək bir alim ola, sənə yol göstərə. Lakin bunu Allah-təala qadağan edir. Quranda elə şey yoxdur. Allah-təala deyir ki, mən yol göstərirəm. Fatihə surəsində demir ki, alimlər yol göstərsin. Orda buyurulur ki, “yalnız Səndən kömək istəyirik, məni doğru yola yönəlt”. Amma şiəlik Fatihə surəsinin bu ayəsinə zidd olaraq, alimlərin yol göstərməsini düzgün hesab edir və o mərcih anlayışı da ordan əmələ gəlir. Məsələn, İrandan hansısa ayətullanın risaləsini alırlar, onun əsasında başlayırlar yol getməyə. Və çox maraqlıdır ki, şiə alimlərinin çoxunun risalələri bir-birinə ziddir. Baxırsan Sistani bir cür, Amili bir cür, Xorasani bir cür, Lənkərani bir cür, Xomeyni bir cür, Xameneyi də bir cür fətva verir. Qalırsan bunların arasında, çaşırsan. Onda bunlar deyir ki, kim hansı alimə inanırsa, ona da inansın. Belə şey olar? Quran olan yerdə, Allah olan yerdə alim kimdir ki, o, sənə yol göstərsin?! Allah necə ki, peyğəmbərin vaxtında peyğəmbərə hidayət edib, ilk müsəlman olub, bizim hər birimizi İslama gətirən də Allah-təaladır. Allah olan yerdə ayətullaların, din xadimlərinin insanları hidayətə gətirməsinin nə mənası var?
- Deməli, İslamda doğru yol bütün təriqət və məzhəblərdən imtina edib, Quranın tələblərinə əməl etməkdir?
- Allah-təala onu Quranda müəyyənləşdirib. Deyir ki, mənim bir yolum var – doğrudur, qalanları əyridir. Mənim yolum Qurani-Kərimdəki əmrlərimi qüsursuz yerinə yetirməkdir. Və dinizi xas edərək mənə tərəf dönün. Allahın ən vacib əmrlərindən biri Onun istədiyini insanların birləşdirməsidir. Belə birləşdirilməsi əmr edilən şeylərədn biri də hümmətdir. Yəni Allah-təala bütün müsəlmanları bir hümmətdə birləşdirməyi əmr edir. Təriqət və məzhəblər isə hümmətin birliyini parçalayır. İslam tarixində xarici düşmənlər qədər təriqətlərarası münaqişələrdə itki vermişik. Bu gün Suriya, İraq, Pakistan, Əfqanıstan, Liviya, Misir, Tunis, Yəmən hadisələri də göstərir ki, təriqət və məzhəblər İslamı daxildən məhv edən amillərdir.
Hansısa bir alimin fikri ilə, hansısa din xadiminin göstərişi ilə yolda olan adamların heç biri doğru yolda deyil. Ona görə, bu gün dünyada özünü hər hansı bir məzhəbin təəssübkeşi hesab edən, özünü bir məzhəbdə hesab edən adamların heç biri doğru yolda deyil.
Mən ona görə deyirəm ki, İslam ikinci cahilliyə dövrünü yaşayır. Peyğəmbərdən qabaqkı cahilliyə dövründə Allah haqqında, doğru yol haqqında heç bir məlumat yox idi. Peyğəmbər öləndən sonra isə müsəlmanlar Allah haqqında bilgilərə batil geydirməkılə məzhəb və təriqətlər yaratdılar, yenidən cahilliyə dövrünə qayıtdılar. Fərq budur ki, burda inam var, imanda qüsur var. Amma birinci cahilliyə dövründə nə inam vardı, nə iman vardı, yəni bütpərəstlik idi, Allah da danılırdı, eyni zamanda doğru yol da yox idi. Amma indi Allah tanınır, Quran, peyğəmbər qəbul edilir, yenə də cahilliyə dövründə olan ideya, əqidə fikirlər İslamda hakimdir.
Bir çox dini liderlər sadə adamlar öz gözəl danışıqları ilə yoldan azdırırlar. Hansı ki, Qurani-Kərimdə bu cür adamların əməlləri haqqında konkret ayə vardır. Din xadimlərinin ritorikasına görə Qurana iman gətirmək olmaz.
İman məsələsində təriqət və məzhəblər ayrı və yanlış yoldadırlar. Məsələn, Quranda bədəvi ərəblərlə bağlı buyurulur: “Ya peyğəmbər, bədəvi ərəblər deyirlər ki, iman gətirdik. Denən, siz İslamı qəbul etdiniz, təqvalı olsanız, iman gətirməyinizə güman var”. Yəni iman gətirməklə, inanmaq arsında böyük fərq var. Bilrisinz, bu nəyə oxşayır? Elə bil ki, məktəbə getməyən bir uşağın bilgisi ilə bir akademikin bilgisini müqsyisə edirik. Birincisi inamdır, uşaq hər şeyə inanır. Amma akademik dərk etməsə, başa düşməsə, anlamasa inanmaz ona. İman İslamada akademik inancdır. İnam isə ən sadə primitiv uşaq düşüncəsi. Hətta İsa peyğəmbərin belə bir fikri var: “Siz dinə uşaq sadəlövhlüyü ilə inanmadan onu qəbul etmək mümkün deyil”.
- O halda Əli Nağıyevin “əvvəl iman, sonra ibadət” fikri də yanlışdır...
-Yanlış fikirdir. Əvvəl inamdır, sonra ibadətdir. İman Allahın öhdəsindədir, sənin öhdəndə deyil. Əgər əvvəl iman, sonra ibadət olsaydı, onda heç kəs namaz qıla bilməzdi. Çünki sən nə bilirsən, iman gətirmisən, ya yox?! Allah-təala deyir ki, insanların istəyi ilə deyil, mən istəməsəm heç kəs iman gətirə bilməz. Amma ibadəti hamıya əmr edir ki, ibadət edin. İslamı qəbul etdin, dərhal ibadətə başlamalısan. İman isə ibadətin təkmilləşdirilməsi üçün Allah-təalanın sənə verdiyi mükafatdır, lütfdür.  Bir adam İslamı qəbul etdisə, dərhal İslamın gərəyini yerinə yetirməlidir. Namaz qılmalıdır, oruc tutmalıdır, zəkat verməlidir. Bu üçü vacibdir, İslamın əsasıdır. Yəni inamını əməl və niyyətinlə sübut etməkdir. Sən deyə bilərsən ki, mən Allaha inanıram. Mən deyərəm sübut elə. Onu sübut etmək üçün namaz qılmalısan. Namaz qılmırsansa, demək Allaha inanmırsan.
-Sizcə, hazırda İslam aləmində mövcud olan gərgin durumdan necə xilas olmaq olar?
- Cahilliyə dövründə yaşayan tayfa və qəbilələrə bölünmüş bir-biri ilə didişən ərəblər peyğəmbərin dəvətindən qısa müddət sonra dünyanın ən nəhəng xilafətini yaratdılar. Məzhəb və təriqətlər meydana çıxandan sonra isə İslam yüz yerə parçalandı. Məzhəb və təriqətlərin əmələ gəlməsinin bir ciddi obyektiv səbəbi olmuşdur. Hər bir dövrün iman məsələsinə görə öz ölçüsü vardır. Məsələn, Qurani-Kərimdə Allah-təala peyğəmbərə ayələri yalnız zahirinə görə təbliğ etməyə əmr edir. Çünki həmin dövrün ictimai şüuru ilə Quran ayələrinin batilini anlamaq mümkünsüz idi. Orta əsr İslam alimləri iman məsələsində fəlsəfəyə müraciət etməyə məcbur olmuşlar. Buna görə, təriqət və məzhəblər yaranmışdır. Müasir dövrdə elm və informasiya Qurani-Kərimə yeni ölçüdə iman gətirməyi tələb edir. Ona görə də məzhəb və təriqətlərdən imtina edib, vahdi iman məsələsində yenidən birləşmək lazımdır. Necə ki, peyğəmbərin vaxtında müsəlmanlar inamda bir olduqlarına görə nəhəng nailiyyətlər əldə etdilər, bu gün imanda bir olsaq, eyni nailiyyət əldə edə bilərik. Yəni Allahın birləşdirilməsini əmr etdiyi şeyi – hümməti birləşdirmək lazımdır.
“Hürriyyət”