Alıcılara məsləhət: yerli yumurta alın

Alıcılara məsləhət: yerli yumurta alın
 
Avropanın yuxusunu qaçırdan “zəhərli yumurta” böhranı davam edir.
Əvvəl Belçika tərəfindən Hollandiya idxalı məhsullarda tapılan, daha sonra Hollandiya, Fransa və Almaniyada təsbit olunan zəhərli  yumurtalar indi də İtaliyada otaya çıxıb. İtaliyanın Səhiyyə Nazirliyi  tərəfindən bütün ölkə boyu aparılan inciləmədə 114 yumurta örnəyinin 2-də Fipronil zəhəri aşkar olunub. Həmin yumurtalar Lazio və Marçe bölgələrindəki fermaların istehsalı imiş.
 Məlumata görə, yumurta ixracatı səbəbiylə bəzi Asiya ölkələri daxil olmaqla dünyanın 19 dövləti hazırda Fipronil böhranı ilə əlləşir. Sürətlə artan yumurta böhranı nəticəsində milyonlarla yumurta süpermarketlərin vitrinlərindən və depolarından yığışdırılaraq məhv edilib. Avropada 150 təsərrüfat müvəqqəti olaraq bağlanıb.
 Fipronil xüsusilə toyuqçuluq sektorunda bit, gənə və digər böcəklərin yox edilməsi üçün istifadə edilən həşərat dərmanı olmasına baxmayaraq, Avropa Birliyi tərəfindən insan istehlakı üçün yetişdirilən ev heyvanlarında istifadə edilməsi qadağan olunub.
 Araşdırmalara görə, bir insanın bu böcək dərmanından zəhərlənməsi üçün, sadəcə, 0.72 milliqram Fipronil kifayət edir. Odur ki, Avropa Birliyi toyuq məhsullarında həmin maddənin 0,005 milliqramın üzərinə çıxmasını qadağan edib. Nədən ki, Dünya Səhiyyə Təşkilatının II dərəcəli zəhər olaraq qeydə aldığı “Fipronil”li yumurtalar və toyuqlar çox istifadə olunduğu təqdirdə insanın böyrəklərini, çiyərlərini və qalxanabənzər (tiroid) vəzlərini sıradan çıxara bilər.
 Bəs, bu dərmandan Azərbaycanda toyuqçuluq fermalarında istifadə edilirmi? YaxudAzərbaycana xaricdən gətirilən yumurtalarda bu xəstəliyin olub olmaması necə yoxlanlır?
 Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az-a açıqlama verib.
 O bildirib ki, Fipronil dərmanından Azərbaycanda toyuqçuluq fermalarında istifadə olunub-olunmamasını demək çətindir.
“Amma Azərbaycan Hollandiyadan yumurta alır. Bunlar iddia edir ki, həmin yumurta Azərbaycana genetik material kimi idxal olunur. Ancaq düşünürəm ki, Hollandiyadan Azərbaycana gətirilən yumurtadan ərzaq kimi də istifadə edilməsi üçün satışa çıxarılsın.
Vahid Məhərrəmov Azərbaycana xaricdən gətirilən buğda, kartof, yumurta ət və süd məhsullarının keyfiyyəti ilə bağlı mütəmadi olaraq iradlar bildirib.
 “Biz bu iradları faktlarla bildirmişik. Ancaq çox təəssüflər olsun ki, hələ də bu iş qaydasına qoyulmayıb. Hələ də sərhəddə idxal olunan məhsulların keyfiyyətinə nəzarət edilmir. Bu isə ciddi problemlərə yol açır”.