"Ali hakimiyyətin bir qolu qəsb edilib, xalqın iradəsi zorlanıb..." - PARTİYA SƏDRİ ÖLKƏ BAŞÇISINA MÜRACİƏT ETDİ

Baxış sayı:
5497

Bu gün ADP sədri Sərdar Cəlaloğlu ölkə başçısı İlham Əliyevə açıq məktubla müraciət edib.
Müraciətdə deyilir:
“Sizin Azərbaycan dövlətinin başçısı kimi 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərinin demokratik və şəffaf keçiriləcəyi ilə bağlı ölkə daxilində və xaricində verdiyiniz bəyanatlarla həmin tarixdə ölkədə “seçki islahatları” adı altında keçirilən seçkilər faktiki olaraq bir-birini inkar etmişdir. Bu seçkilər əvvəlki seçkilərdən daha saxta və qanun pozuntuları ilə keçirilmiş, heç bir seçki dairəsində seçkinin formal şərtlərinə belə əməl edilməmişdir. Faktiki olaraq seçki adı altında dövləti cinayət - Ali hakimiyyətin bir qolunun qəsb edilməsi, xalq iradəsinin zorlanması hadisəsi baş vermişdir. Ölkədə vətəndaş həmrəyliyinin günbəgün zəifləməsi və sosial-iqtisadi vəziyyətin pisləşməsi və çox təhlükəli geopolitik oyunların oynanılması fonunda seçkilərin bü cür keçirilməsi, dövlətin beynəlxalq nüfuzuna zərbə vurmaqla yanaşı, daxildə vətəndaşların seçki yolu ilə hakimiyətin formalaşmasına, cəmiyyətdə pozitiv dəyişilmələrə olan inam və ümidini tamamilə sarsıtmışdır.
Növbədənkənar parlament seçklərinin nəticələri nəinki ölkədəki real ictimai-siyasi münasibətlərlə uyğunluq təşkil etmir, keçmiş təcrübəyə əsaslanaraq demək olar ki, Milli Məclisi təşkil edən şəxslər həm də parlament səlahiyyətlərini həyata keçirmək, ölkə qarşısında duran problemləri həll etmək və vətəndaşların hüquq və azadlıqlarını qorumaq və inkişaf etdirmək imkanından da məhrumdurlar. Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edən şəxs kimi Siz “Azərbaycan Konstitusiyasına əməl edəcəyinizə” and içmisiniz. Bu seçkilər milyonlarla Azərbaycan vətəndaşının Azərbaycan Konstitusiyasının 54-cü maddəsinin (cəmiyətin və dövlətin siyasi həyatında iştirak hüququnun), 55-ci maddəsinin (dövlətin idarə olunmasında iştirak etmək hüququ), 56-cı maddəsinin (seçki hüququnun) bir qrup şəxs tərəfindən təşkil olunmuş qaydada kobud surətdə və aşkar şəkildə pozulması ilə müşayət olunmuşdur".
Müraciətin sonunda ADP sədri ölkədaxili sabitliyin qorunması, vətəndaş həmrəyliyinin gücləndirilməsi, vətəndaşların Ali hakimiyyət orqanlarına etimadının bərpası, ölkənin islahatlar yolu ilə inkişaf etdirilməsi, siyasi münasibətlərin sivil yollara uyğun qurulması naminə, ölkə başçısına öz səlahiyyətlərindən istifadə edərək 09 fevral 2020-ci il tarixində keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində formalaşacaq Milli Məclisin buraxılması və Milli Məclisə təkrar seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul etməyi təklif edib. 

Muxalifet.az