​“Aleksandr Duqin həmişə deyir: “öldürmək, öldürmək, öldürmək””

Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqin iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kəndinin dinc sakinlərini atəşə tutması nəticəsində 2 yaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı fikirlərini açıqlayıb. Haqqın.az xəbər verir ki, Rusiya KİV-lərində dərc edilən məqaləsində A.Duqin Alxanlı hadisəsinin müharibənin başlaması üçün triqqer ola biləcəyindən bəhs edib. O, daha sonra əmin olduğunu bildirib ki, “Moskva Dağlıq Qarabağda sülhün təminatçısdır”. Hətta politoloq onu da vurğulayıb ki, “Azərbaycan artıq fərqindədir ki, Rusiya regionda torpaq bütövlüyünün qarantıdır”. Dəyərli oxuculara bəllidir ki, bu da birbaşa və ya dolayı yolla “Rusiya Azərbaycanın ərazi bütövlüyünün qarantıdır” anlamını verir.  
Rusiyalı ictimai-siyasi xadimin bu fikirlərinə münasibət bildirmədən öncə, qeyd edək ki, Avrasiyaçılıq tərəfdarı olan A.Duqin Moskvanın ideoloqlarından biri hesab olunur. Təsaüdfi deyil ki, o, son vaxtlar tez-tez Dağlıq Qarabağ və Cənubi Qafqazda gedən proseslərlə bağlı şərhlər verməkdə, Rusiyanın, o cümlədən ermənilərin maraqlarını müdafiə etməkdədir. Doğrudur, zaman-zaman mətbuatda Azərbaycan haqda müsbət fikirlər də səsləndirib. Amma bütün bu fikirlərin boğazdan yuxarı söyləndiyi kimsədə şübhə doğurmur.
Xatırladaq ki, may ayında Azərbaycana səfər edən Aleksand Duqin birbaşa İsmayıllı rayonunun İvanovka kəndinə yollanmışdı. O, səfər zamanı rus icması barədə xoş təəssüratlarını bölüşmüşdü: “Dövlətin qayğısını hər zaman hiss etdiklərini dilə gətirən İvanovka sakinləri mənə bildirdilər ki, dünyanın heç bir yerində Azərbaycandakı kimi əmin-amanlıq yoxdur. Onlar hətta gecələr öz uşaqlarını küçəyə təkbaşına buraxdıqlarına görə narahat olmadıqlarını dedilər... İnsanlarla söhbətim və müşahidələrim zamanı gördüm ki, Azərbaycanda yığcam şəkildə yaşayan ruslar Cənubi Qafqazın digər ölkələrindən fərqli olaraq buradan köçüb getmək istəmirlər. Onlar bu barədə heç düşünmürlər, əksinə, vaxtilə buradan köçüb gedənlər yenidən geri qayıdırlar. Ruslar bu gün bir çox üstünlüklərə görə, Azərbaycanı yaşamaq üçün ən əlverişli yer hesab edirlər”.
Səfər zamanı Ermənistan-Azərbaycan münaqişəsinə də toxunan politoloq Aleksandr Duqin demişdi: “Bakıda və İsmayıllıda keçirdiyim görüşlər zamanı mənə bir daha aydın oldu ki, Azərbaycan xalqı Dağlıq Qarabağ məsələsində münaqişə tərəfdarı deyil və sülh istəyir. Azərbaycan xalqı sadə ermənilərlə düşmənçilik aparmır, yalnız işğal altındakı torpaqlarının sülh yolu ilə azad olunmasını istəyir. Lakin müəyyən qüvvələr iki xalq arasında vəziyyəti daim gərgin saxlamaqda maraqlıdır. Rusiya bu münaqişənin tezliklə həll olunmasına kömək etmək istəyir”.
Lakin proseslərin gedişi göstərdi ki, Duqinin Azərbaycan haqda fikirləri diplomatik fırıldaqdan başqa bir şey deyil və onun əsas məqsədi cəmi bir cümləni – “Azərbaycan xalqı sadə ermənilərlə düşmənçilik aparmır, yalnız işğal altındakı torpaqlarının sülh yolu ilə azad olunmasını istəyir” – fikrini dünya ictimiayyətinə çatdırmaq olub. Hansı ki, ondan az sonra Rusiyanın ideoloqlarından daha biri – Aleksandr Proxonov da Bakıya səfər edərək, Aleksandr Duqinin səsləndirdiyi bu fikri genişləndirməyə cəhd etdi. Belə ki, Birinci vitse-prezidentlə görüşdən sonra onun adından təxribat olduğu güman edilən “biz ermənilərlə yenə şərab içəcəyik” ifadəsini səsləndirməsi heç də təsadüf deyildi.
Bu iki açıqlamanın ardınca Aleksandr Duqinin dünən “Rusiya Azərbaycanın ərazi bütövlüyünün qarantıdır” fikrini qeyd etməsi Kremlin rəsmi Bakıya diplomatik təzyiq vasitəsindən başqa bir şey deyil. Görünən odur ki, Kreml 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşır. Odur ki, qarşıdakı 1 il ərzində rus ideoloqlarının hələ bir çox təxribat xarakterli açıqlamalarının, Rusiyda hazırlanan məkrli planların şahidi olacağımızı gözləmək olar. Bu baxımdan xalqımız Rusiyanın bütün çirkin niyyətlərinə qarşı həssas olmalı, təxribatlara uymamalıdır...
Daha bir maraqlı fakt isə odur ki, sən demə, Aleksandr Duqinin köməkçisi azərbaycanlı imiş. Bu haqda Muxalifet.az-a Türkiyədəki mənbələrdən verilən məlumata əsasən, həmin şəxs keçmiş MTN əməkdaşı olub və iki ilə yaxındır A.Duqinin köməkçisi vəzifəsində çalışır. Mənbəmiz, hətta onun Duqinlə birgə fotosunu da Muxalifet.az-ın redaksiyasına göndərib. 
Rusiyalı politoloqun Dağlıq Qarabağ və Cənubi Qafqazda baş verən proseslərlə bağlı hər zaman azərbaycanlı köməkçisi ilə məsləhətləşdiyi haqda bilgilər var. Amma Aleksandr Duqinin ermənipərəst mövqeyini nəzərə aldıqda, keçmiş MTN əməkdaşı olan köməkçisinin ona nə kimi bilgilər verdiyi maraq doğurur...

Keçmiş MTN əməkdaşı İlham İsmayıl isə Hurriyyet.org-a açıqlamasında Aleksandr Duqinin fikirlərinə münasibət bildirib: “Aleksandr Duqin qatı və radikal millətçidir. Bir var millətinin dəyərini, mədəniyyətini sevəsən, amma bu, sadəcə olaraq qatı, şovinist, aqressiv bir millətçidir. Bügünləri interneti açsanız, görərsiniz ki, Qarabağ mövzusunda rus ictimai-siyasi xadimləri içərisində Duqindən çox danışan yoxdur. Bilirsiniz ki, o, 2014-15-ci illərdə sərt mövqelər nümayiş etdirib. Qərblə yaxınlaşmaya görə Azərbaycanı Ermənistanla müqayisə edib və bu müqayisə zamanı Azərbaycanı Rusiyaya daha uzaq bilib. Torpaqların işğal olunması faktını qeyd edə-edə bizim uzaq durmaq məsələmizi, guya ki, Vaşinqtona yaxınlığımızla bağlayıb. Hərçənd ki, Vaşinqtonla elə yaxınlığımız da yoxdur”.
İ.İsmayıld edi ki, ümumiyyətlə A.Duqin Azərbaycana qarşı çox sərt mövqedə duran bir adamdır: “Onun atası da general olub. Özünü də saçı-saqqalı ilə XVIII-XIX əsr rusların görkəminə, hətta Rasputinə oxşadır. Onun bü gün bizə sərgilədiyi “dost münasibət”in başqa əsasları var.  Ancaq o, Rusiyanın siyasətini həll etmir və təsir etmir. Onlar Rusiyanın maraqlarının, yəni Putin siyasətinin sözçüləridir. Onların sözü ilə Putin, eləcə də ya Lavrov, ya da Zaxarova siyasətini dəyişəsi deyil. Sadəcə, rəy yarada, müsbət nəsə edə bilərlər.  Bilirsiniz ki, Cənubi Qafqazda Rusiyanın maraqları tamam başqadır. Yeri gələndə Putin özü də açıq şəkildə bildirir ki, biz məsələnin bu cür formada, yəni status-kvonun qalmasının tərəfdarıyıq, ona görə
ki, burada həm İran, həm Türkiyə, həm də Rusiya razıdır. Hətta deyir ki, Azərbaycan da razıdır. Biz necə razı ola bilərik? Rusiya təhdid edir, deyir ki, Rusiya istəsə, Qarabağı müstəqil dövlət kimi tanıyar, Azərbaycan da çox pis vəziyyətdə qala bilər. Amma deyir, bunda Rusiya da itirir. Yəni elə bir məsələ olmuş olsa, Cənubi Qafqazdan çıxmış olur”.
İlham İsmayıl onu da dedi ki, Duqinlər, Proxanovlar, Solovyovun, Jirinovskinin bura gəlişi Azərbaycanın taleyüklü məsələlərini həll edən deyil: “Uzaqbaşı hansısa Rusiya televiziya kanalında bizim pomidorun təriflənməsindən və yaxud bizm status-kvo ilə razı qalmağımızdan, bizim Qərbə üz tutmamağımızdan fəxrlə danışırlar. Onlar Azərbaycanın heç bir problemini həll etmir. Ona görə də, bu adamların gəlişi-gedişi əhəmiyyətli deyil. Bunlar məkrli, pulpərəst, Rusiyanın siyasətindən ötrü çalışan adamlardır. Duqin həmişə deyir: “öldürmək, öldürmək, öldürmək”. Yəni Ukraynanı nəzərdə tutur. 2 il bundan əvvəl Pozner müsahibə verəndə deyirdi ki, məhv etmək.  Nəiniki məhv etmək, bilir ki, Rusiya məsələni kökündən bu cür həll edə bilər, başqa cür yox. Bu adamların bügünkü bizə olan isti münasibəti Azərbaycanın məsələlərini, Qarabağ problemini həll edən deyil, uzaqbaşı bu adamların özünün münasibətini müsbət edə bilər. Amma Putin, Rusiya siyasətinə təsir etməz”.
İ.İsmayıl Muxalifet.az-ın Aleksandr Duqinin köməkçisinin azərbaycanlı və keçmiş MTN əməkdaşı olması haqda xəbərinə də münasibət bildirib: “MTN əməkdaşının Duqinin siyasi baxışlarının dəyişməsinə təsir imkanı mümkün deyil. Hətta o MTN əməkdaşı istər azərbaycanlı, istərsə də rus olsun.  Mən bilmirəm, o, kimdir. Yəni bu adamların imperiya təfəkkürlərinə kənardan kiminsə təsirləri yoxdur. Onlar anti-Türkiyə, anti-Azərbaycan mövqeyində olan adamlardır. Iki il bundan əvvəl ki, bizim haqqımızda dediyi sərt sözlər vardır, bügünkü yaxınlıq keçici xarakter daşıyır. Bu, Rusiyanın Cənubi-Qafqazda apardığı siyasət deyil. Yenə deyirəm, o adam deyir ki, bu status-kvo bizə lazımdır. Bizə lazımdır ki, belə olsun, yəni Rusiya Cənubi Qafqazda nə Ermənistanı, nə də Azərbaycanı itirsin, Gürcüstanı itirməklə böyük bəlalar çəkirik. Bu adamların Azərbaycana gəlib-getməsi dəryada bir damla kimidir.  Jirinovski, Solovyov, Proxanov, Duqin gəlib, gedib nə olacaq ki?! Rusiya sabah deyəcik ki, biz geri çəkilirik, Azərbaycanın ərazi bütövlüyünü tanıyıram?! Eləmirlər. Görürlər ki, Ermənistanın bir ayağı Avropa İttifaqında, bir ayağı Qərb dünyasında, Vaşinqtondadır. Onların sürüşkən siyasət apardığını da çox yaxşı bilirlər”.
                                                         
Hurriyyet.org