Akşənərin yanında olmayacam, çünki... – Sinan Oğan

MHP-dən başqa heç bir partiyada siyasət yürütməyi düşünmürəm.
 
Bu sözləri ötən gün keçmiş MHP-çi Maral Akşənərin İYİ Partiyasının təsis qurultayını keçirməsi və orada təmsil olunub-olmayacağı barədə  Türkiyə Milliyətçi Hərəkat Partiyasının keçmiş üzvü, ünlü siyasətçi Sinan Oğan söyləyib. Əqidədaşları arasında böyük nüfuz sahibi olan tanınmış siyasətçi MHP-yə geri dönmək istəyini də gizlətməyib:
“Xarici, beynəlxalq məsələlər istisna olmaqla, bu məsələlərlə bağlı ümumiyyətlə mediaya danışmıram. Çünki bu, bizim partiyadaxili məsələlərdir. Sadəcə, sizə onu deyə bilərəm ki, əlbəttə ki, gələcəkdə MHP-yə qayıtmaq istəyərəm. Bütün mübarizəm də məhz bunun üçündür. Mənim bir partiyam var, o da MHP-dir”.
S.Oğan İYİ Partiyasının sıralarına qoşulmamasına da aydınlıq gətirib:
“Çünki mən millətçiyəm, MHP-çiyəm və MHP-dən başqa heç bir partiyada olmaq fikrim yoxdur”.
Qeyd edək ki, Sinan Oğan MHP-nin lideri vəzifəsinə iddialı olan əsas şəxslərdən sayılır. Bir müddət öncə partiyadan xaric edilib. Türkiyə mətbuatı Oğanın məhz MHP-nin başqanı Dövlət Baxçalının səyləri sayəsində partiyadan uzaqlaşdırıldığı barədə informasiya yayıb.
MHP-dən uzaqlaşan Maral Akşənər isə ötən gün yeni – İYİ Partiyasının təsis konfransını keçirib. Konfransa MHP-nin nüfuz sahibi olan keçmiş üzvləri də qatılıb.
İYİ Partiyasının xarici xüsusi xidmət orqanlarına bağlılığı barədə iddialar səsləndirilir./axar.az