AKP rəsmisindən Qüdrət Həsənquliyevə SƏRT CAVAB

Baxış sayı:
6418

"Bizə yalnız qardaş Azərbaycan dövlətinin və millətinin mövqeyi önəmlidir"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq üzvü, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) komissiya sədri Mustafa Kabakçı Azərbaycan prezidentliyinə namizəd, millət vəkili Qüdrət Həsənquliyevin teledebat zamanı Türkiyə əleyhinə səsləndirdiyi fikirlərə cavab verib.
Muxalifet.az xəbər verir ki, AKP rəsmisi Sfera.az-a müsahibəsində Qüdrət Həsənquliyevin fikirlərinin şəxsi düşüncəsi olduğunu söyləyib:
"Onun fikirləri bütövlükdə Azərbaycanın mövqeyi deyil. Bizə yalnız qardaş Azərbaycan dövlətinin və millətinin mövqeyi önəmlidir. Türkiyə dövləti olaraq biz də Azərbaycanla olan əlaqələrimizi millət və dövlətlə yürüdürük. Azərbaycanda kimsə Türkiyə əleyhinə fikir söyləyə bilər. Ancaq həmin adamların fikirlərinin Azərbaycanda dəstək qazanmayacağına tam əminik. Ona görə də həmin millət vəkilinin Türkiyə ilə bağlı düşüncələri Azərbaycan-Türkiyə münasibətlərinə zərər vura bilməz".

Mustafa Kabakçı bildirib ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə münasibətlərini ən yüksək səviyyəyə çatdırıblar:
"Millətimiz də bu münasibətlərin yüksək səviyyədə olmasından məmnundur və dövlət başçılarına lazımı dəstəyi verirlər. Bir daha söyləyirəm ki, həmin millət vəkilinin Türkiyə əleyhinə çıxışlarının Azərbaycanda heç bir dəstəyi yoxdur. Bu gün dünyada yeni dövr başlayır. Bu türk dünyasının güclənməsi dövrüdür. Bu yaxınlarda macarlar da bəyan edib ki, artıq dünyada türk birliyi yaradılmalıdır. Bu barədə Almaniya mediasında da geniş məqalə dərc edilib. Yəni, Azərbaycan və Türkiyə eyni kökdəndir. Bizi parçalamağa və məğlub etməyə heç kəsin gücü çatmaz".
Xatırladaq ki, prezidentliyə namizədlərin teledebatında millət vəkili Qüdrət Həsənquliyev prezidentliyə namizəd Sərdar Cəlaloğlunun Azərbaycan ilə Türkiyənin konfederasiyasının yaradılması təklifinə qarşı çıxaraq, əksinə, rəsmi Bakını Rusiya ilə daha sıx əməkdaşlıq etməyə çağırıb.