AKP hakimiyyətinin ilk strateji məğlubiyyəti

Bayırbucak Türkmən bölgəsi Rus-Əsəd birliyinin əlinə keçdi

Türkmən bölgəsi düşdü, kimsənin tükü tərpənmədi

Suriyada Əsəd rejimi Rusiya, İran və “Hizbullah”ın dəstəyilə Lazkiyə sahillərindəki yeganə türkmən bölgəsi olan Türkmən dağına təşkil etdiyi qurudan və havadan hərbi əməliyyatlar 4 gündən sonra türkmən dirənişçilərin geri çəkilməsi ilə Rus-Əsəd koalisiyasının nəzarətinə keçdi. Bu hərbi əməliyyat, miqyasına görə, Suriya tarixində bir ilk oldu ki, bu da nə ərəblərə, nə kürdlərə deyil, məhz soydaşlarımız olan Bayırbucak türkmənlərinə qarşı oldu. Əməliyyat havadan rus təyyarələrinin bombardmanı ilə bərabər, dənizdən də gəmilərdən qanadlı raket zərbələri ilə müşahidə olundu. Bununla da strateji bölgə olan Türkmən dağı bölgəsi təslim oldu.
4 gündür ölüm-dirim savaşı verən türkmənlər yalnız Türkmən dağını Rus-Əsəd koalisiyasına təslim edəndən sonra Türkiyə sanki ayıldı. Rusiya səfiri Türkiyə XİN-ə çağrılıb, anladıldı ki, Rusiyanın etdikləri terrorla mübarizə deyil, sivil türkmən kəndlərini bombalamaqdır. Sanki Rusiya əməliyyatlar başlamamışdan əvvəl bu gerçəyi bilmirmiş kimi.
Rusiya Suriyada hava bombardmanına başlayandan bəri məhz bu işi görür, Əsədin müxaliflərini, onları dəstəkləyən mülki əhalini zərərsizləşdirir və daha çöx bölgəni Əsəd rejiminin nəzarətinə qaytarmağa çalışır. Bu gerçəyi ABŞ başda olmaqla bütün dünya bəyanladı da, nə oldu?! İndi Türkiyədə AKP hakimiyyəti Türkmən bölgəsi düşdükdən sonra halın-xatirin qalsın deyə, bu cür diplomatik jestlə kimi aldadır, yaxud kimin gözündən pərdə asır?!
Bundan əvvəl Kobanidə başlayan “əməliyyatlarda” kürdlərin vasitəsilə Aralıq dənizinə açılacaq bir koridor yaratdılar və bütün türkmənləri o bölgədən qovub çıxardılar, AKP hakimiyyəti nə etdi bunun qarşısını almaq üçün? Heç nə. Məhz zamanında edilməyən “heç nələr”, laqeydlik, dişsiz siyasət, ABŞ və Rusiya qorxusu bu gün Suriyada axırıncı türkmən bölgəsinin düşməsinə nədən oldu.
ABŞ-ın qətiyyətsiz hərəkətlərinin “niyəsi” bəllidir, çünki prezident seçkisi ərəfəsindədir, ona görə də ola biləcək yanlışlardan dolayı əlini tərpədəcək kimi görsənmir. Bəs buna rəğmən təkbaşına hakimiyyətə gələn AKP-çilərin arqumentləri nə olacaq? Bir-bir təhvil verilən türkmən bölgələrinə seyrçi qalan Türkiyə höküməti bu strateji itkini nə ilə izah edəcək? Yenəmi millətin iradəsi kimi? Axı millətin iradəsi bunun əksini tələb edir. Millətin iradəsi ona görə sizi seçməyib ki, Osmanlının Suriyadakı əmanətlərini bir-bir Rus-Əsəd birliyinə təslim edəsiniz, özlərini də Türkiyədəki çadır şəhərciklərinə yığıb, ələ baxımlılığa öyrədəsiniz.
Dəhşətli burasıdır ki, Türkiyədə müxalif qüvvələr adına MHP və CHP-nin davranışı AKP hakimiyyətindən heç də fərqli olmadı. Bu siyasi qüvvələr türkmən bölgəsi təslim olduqdan sonra sanki ayıldılar, o da ki, CHP quru bəyanatla yetindi, hansı ki, zamanında türkmənlərə məxfi silah ötürülür deyə, hay-həşir salıb bütün dünyaya bəyan etmişdilər.
MHP də etiraz ünvanını hələ də ayırd edə bilmədiyi üçün Rusiya səfirliyi əvəzinə Hollandiya səfirliyinin önündə təpkilərini bildirdilər. Bu, bir Türkiyə reallığı, faciəsidir. Əgər bu gün MHP Millət Məclisində çoxluq tribunasını kürdlərə verib, özü azlıq tribunasında otura bilirsə və bu yola hələ də Baxçalı ilə davam edə bilməyi özünə rəva görürsə, bu artıq Suriyadakı türkmən bölgələrinin niyə düşməsinin əlamətlərini göstərir. Belə davam edərsə, İraqdakı soydaşlarımızın da tezliklə Türkiyə çadır şəhərciyinə köç edəcəyi gün uzaqda deyil. Sonra da deyəcəklər ki, millətin iradəsi hər şeydən üstündür.
İŞİD Kobanidən kürdləri qovarkən bütün dünya ayağa qalxdı və AKP hakimiyyəti də kürd peşmərgələrinin öz ərazisindən Kobaniyə keçməsinə razılıq verməklə bərabər, onlara həm silah, həm də hərbi təlimlər keçməkdə yardım etdi. İndi AKP hakimiyyətinə sual olunur, Osmanlının son yadigarı olan Tel-Abyad, Hama, Humus və Bayırbucak türkmənləri bir Kobani kürdləri qədər də olmadılar, eləmi?  

Türkmən dağının strateji əhəmiyyəti

Türkmən dağının təslim olması Suriyada gedən savaşın gələcəyinə təsir edəcək durumdadır. Belə ki, Əsəd rejimi Bayırbucak bölgəsini tam nəzarətə alandan sonra İdlip, Cisr-əl Suur və Hələb şəhərlərinə də koridor açmaq imkanı qazanacaq. Əslində Rusiyanın da istədiyi budur. Belə ki, ruslar Türkiyənin sərhədlərinə qədər olan bütün bölgəni nəzarət altına almaq istəyir. Çünki belə bir vəziyyət Türkiyə qarşısında Rusiyanın əlini gücləndirir və masada bəzi güzəştlərin qoparılmasına nail olur.
Belə bir durum Əsəd rejiminin də mövqelərini gücləndirir. Nə qədər çox bölgə Əsəd hakimiyyətinin nəzarətində olacaqsa, bu, Suriya danışıqlarında rejimin mövqelərini gücləndirəcək. Çünki bu şərait həm keçid hökümətinin qurulmasında, həm də gələcək seçkilərdə Əsəd rejiminin xeyrinə olacaq bir durum yaratmış olacaq.
Onu da yada salaq ki, türkmənlərin öz yürd-yuvalarından qovulması artıq 3-cü yaşanan faciəvi hadisədir. 2 il öncə Hama və Humusdan Əsəd rejimi türkmənləri qovdu, arxasınca ABŞ-ın dəstəklədiyi kürd PYD qüvvələri Tel-Abyad bölgəsindən türkmənləri çıxardı, indi də Rus-Əsəd birliyi Türkmən dağı bölgəsindən türkmənləri qovmaqla son qalanı düşürmək və Suriyada birdəfəlik türk soyuna son qoymaq istəyirlər.

Rusiyaya güvənən yarı yolda qalır

Maraqlıdır ki, Rus-Əsəd birliyinin Türkmən dağı bölgəsinə son hücumu ABŞ dövlət katibi Kerrinin Türkiyə ilə birgə Türkiyə-Suriya sərhədində 98 kilometrlik İŞİD-dən təmizlənmiş bir bölgədən danışmasından sonra başladı. Halbuki Rusiya bu açıqlamadan sonra Əsədi deyil, Suriya dövlətini qoruduğunu elan etmişdi. Bu da beynəlxalq ictimai fikirdə “Rusiya Əsədi təslim etməyə hazırlaşır” rəyini yaratmışdı. Ancaq Rusiyanın son addımı ona güvənməyin yersiz olduğunu bir daha ortaya qoymuş oldu.
Bu azmış kimi Rusiya-Əsəd birliyi Türkiyədə hökümət qurulmaması boşluğundan istifadə edib, Ankaranın marağında olan türkmən bölgəsini işğal etməyə qalxdılar. Və maraqlıdır ki, bu cinayətlərin hamısı “Suriya Rusiyanı ölkəsinə dəvət etdi” şüarı altında həyta keçirilir. Bu xüsusda halbuki, Türkiyə BMT səviyyəsində hər hansı müdaxilə razılığı olmadığı üçün nə təhlükəsiz bölgə yarada, nə də soyqırıma məruz qalan türkmən qardaşlarına yardım edə bilir.
Amma Rusiyanı da Krıma dəvət edən olmamışdı, bir güllə atılmadan Qara dənizin ən strateji bölgəsini işğal etdi, sonra da həyasızcasına saxta bir referendum keçirməklə Rusiyaya ilhaq etdi. Bu azmış kimi, Ukraynanın Donbass vilayətində rusları müdafiə etmək adıyla qoşunlarını Ukraynanın cənub-şərq bölgələrinə yeritdi və hələ də orada qalmaqla yerli rusları Ukrayna millətçilərindən “qoruyurlar.”
Belə olduğu təqdirdə Türkiyəyə türkmənlərin yaşadığı bölgəyə qeyri-rəsmi müdaxilə etməyə və soydaşlarını müdafiə etməyə, bir-iki rus təyyarəsini vurmaqla “Rus-Əsəd birliyinə “buynuz” göstərməyə nə mane olurdu?
Amma Rusiya Türkiyədən fərqli olaraq heç kimlə hesablaşmadan qətliam törətməsinə rəğmən, öz aqressiv davranışlarını davam etdirir. Elədikləri azmış kimi, hələ bir Fransanın İŞİD-i bombardman etməsini də tənqid edir. Rusiya Fransanın İŞİD-in Suriya ərazisindəki neft strukturunu bombalamasını müdafiə etmədiyini və buna səbəb kimi bu zərbələrin Suriya hökuməti ilə razılaşdırılmadığını göstərir. Bir az da irəli gədərək iddia edir ki, Əsəd və İŞİD Fransa üçün eyni dərəcədə düşmən olduğundan, neft strukturuna zərbələrlə Paris həm İŞİD-ə, həm də Bəşər Əsədə zərbə endirmiş olur. Qısacası Rusiya özünü bölgənin ağası kimi aparır, halbuki, onu bura hərbi müdaxiləsi üçün heç bir əsas və konfessional zəmin yoxdur. Eyni zamanda Rusiya bölgə ölkəsi belə deyil.

Müxalif güclər 2 kəndi geri aldı

Bu arada Əsəd rejiminə müxalif güclər Hələb şəhərinin şimalında iki kəndi İŞİD-dən azad etdilər. Əsəd rejiminə müxalif güclər qurudan hərəkət edərkən Türkiyə və ABŞ qırıcıları da havadan onlara dəstək verdi. Türkiyə və ABŞ Hələbin şimalında əməliyyata dəstək verirkən Rus-Əsəd birliyi Türkmən dağı bölgəsinin işğalıyla məşğul olurdu. Məgər bunu ABŞ komandanlığı altında hərəkət edən Türkiyə Baş Qərargahı bilmirdi? Yoxsa ki, işğalın sonunu gözləyirdilər?
Halbiki bu bölgələr coğrafi baxımdan çox yaxın olduqları üçün Hələb əməliyyatı zamanı Bayırbucak bölgəsinə də baş çəkmək olar, burax Rusiya təyyarələrini, bir neçə Əsəd tanklarını da vurmaq olardı. Məhz bu qətiyyətli addım türkmən bölgəsinə qarşı əməliyyatı dayandırmaq üçün ciddi səbəb ola bilərdi.
Onsuz da Suriyada vəkalətli savaşdan əsər-əlamət qalmayıb. Artıq hər kəs bu savaşda öz adıyla yer alır. Rusiya, İran və Hizbullah bu savaşda artıq öz adıyla çıxış edir və Əsəd rejiminə dəstək verdiklərini gizlətmirlər. Qalır qarşı tərəf, yəni ABŞ-ın başını çəkdiyi koalisiya. Burda da hələ ki, başı pozuqluqdur və nə istədiklərini belə tam müəyyən etməyiblər. Fransa təkbaşına İŞİD-in Suriyadakı paytaxtı Raqqanı bombalamaqla terrorçulardan qisas almağa qalxarkən, ABŞ da kürd PYD, ərəb və Azad Suriya ordusu vasitəsiylə prosesdə hələ də vəkalətən iştirak edir və İŞİD-i sıxışdarmağa davam edir. ABŞ koalisiyası İŞİD-i sıxışdırırkən Rusiya-Əsəd birliyi müxalif üsyançı qüvvələrdən itirdikləri torpaqları qaytarmaqla məşğul olur. Bu isə onu deməyə əsas verir ki, artıq ABŞ koalisiyasının Türkiyə də daxil, digər koalisiya, Rus-İran-Əsəd koalisiyası ilə tədricən birbaşa təmas, üz-üzə gəlmək ehtimalı güclənir. Çünki ABŞ koalisiyası Rusiya-Əsəd birliyinin müxalif qüvələrin və onların himayəsində yaşayan sivil əhalinin məhv edilməsinə göz yuma bilməz. Ona görə ki, bu durum Əsəd zülmünün qələbəsi, Rusiya və İranın geosiyasi zəfəri olardı ki, bu da Yaxın Şərq bölgəsində qarşısıalınmaz yeni savaşlara yol açardı. Eynən Gürcüstanın Ukraynanı, Ukraynanın Suriyanı yaratdığı kimi, Suriyanın da Səudiyyə və Qatar kimi yeni savaş ocaqlarna yol açacağını düşünmək olar. Əks təqdirdə Rusiyanın Xəzər hövzəsi, Ağdənizdəki gəmilərindən qanadlı raketlərdən istifadə edərək əməliyyatları yürütməsinə nə ad vermək olar?
Rusiyanın bu addımı hərbi ehtiyacdan daha məcburiyyət deyil, əksinə, daha çox region ölkələri üçün ciddi mesaj xarakteri daşıyır. Çünki qanadlı, qanadsız raketlərlə kiçik qruplarla hərəkət edən əsgərləri nöqtə vuruşlarla vurmaq mümkün deyil, o ki qaldı Rusiya istehsalı olar raketlər ola.
Demək ki, Rusiya çox ciddi geosiyasi iddialarını ortaya qoyub və bunu reallaşdırmaq üçün gərəkəni yerinə yetirməklə qarşı tərəfi, yəni ABŞ koalisiyasını daha çətin vəziyyətə salır. Çünki qarşı tərəfi nə qədər çətin vəziyyətə salarsansa, masada işi o qədər asanlaşdırarsan. Rusiyanın bu gün etdiyi də budur. Xüsusilə də qarşısında duracaq bir gücü meydanda görmədən bunu etmək daha asandır, yetər ki siyasi iradə ortada olsun. O iradə ki, nə ABŞ-da, nə Türkiyədə, nə də digər koalisiya üzvlərində yoxdur.
Bu vəziyyət 2008-ci il Rusiyanın Gürcüstana müdaxilə etməsindən bu yana davam edir. Belə davam etdikcə də Rusiyanın aqressiya iştahasının artacağı və daha artıq ölkələrin bunun qurbanı olacağını demək olar.   
Bütün bunları nəzərə alanda Suriya probleminin çözümü sual altına düşür və ciddi qarşılıqlı güzəştlər gərəkdirir. Hələliksə, qarşı duran tərəflər öz geosiyasi maraqları ilə məşğul olurkən terror da Avropaya ayaq açıb, meydan sulayır. Görünür, bu bir qədərdir və terroru yaradıb, bəsləyənlər indi onunla öz meydanlarını sulamaq məcburiyyətiylə üz-üzə buraxılıblar.
Hər bir halda terror insanlıq adına ən rəzil bir əməl olsa da, əgər bu, bir qədər və məcburiyyətdirsə, demək ki, meydanlar bununla sulanacaq ki, ən azından toz-duman yatışsın və hər şey üzə çıxsın, kimin kim, nəyin nə olduğuğu bilinsin. Yəqin ki, dünyanın buna ehtiyacı var. Yoxsa ki, Yaradan pislik naminə pislik etməz, pis əməllərin qarşılığı olaraq pisliyi ortaya qoyar və yenə də xeyrə xidmət edər.
Natiq Miri