Akif Çovdarov aclıq aksiyasına başladı – VƏKİLDƏN SENSASİON AÇIQLAMA

“Akif Çovdarov rəisə dedi ki, siz İlqar Əliyevi döyüb öldürüb, sonra isə asıbsınız”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarov dünən acıq aksiyasına başlayıb. Bu barədə A. Çovdarovun vəkili Kamandar Nəsibov bildirib.
K.Nəsibov qeyd edib ki, şənbə günü Akif Çovdarovun vəziyyəti pisləşib: “Bizi dünən təcili təcridaxnaya çağırdılar. Şənbə, bazar günləri passiv hərəkətlər nəticəsində A. Çovdarovun ölümünə nail olmaq istəyiblər. Şənbə günü həkim kordioloq Natavan Qurbanova gələndə A. Çovdarov deyib ki, siz yazdığınız “Deqaqsin” dərmanını  6 aydan çoxdur içirəm, özümü daha da pis hiss edirəm. Həkim də deyib ki, onu siz 20 gündən artıq içməməli idiniz. Dərmanın davamlı içməyiniz ürəyin vəziyyətini daha da ağırlaşdırıb. Həkim Natavan Qurbanova A. Çovdarovun ağır xəstə olduğunu bilərək, sağlam arayış verib.  A. Çovdarov isə bundan hirslənərək, arayışı cırıb həkimin sifətinə atıb. Nətavan Qurbanova  A . Çovdarova deyib ki, Ədlyyə Nazirliyinin Tibb Baş idarəsindən Rəfail Mediyev və İftixar Qurbanov mənə göstəriş veriblər ki, A.Çovdarovun yanına  get, gəl, ancaq heç nəyi qeyd etmə. Şənbə günü onun vəziyyətinin pisləşməyinə baxmayaraq, təcili yardım çağırmayıblar”.
K. Nəsibov dedi ki, A.Çovdarov birinci günü bizi təcili yanına çağırdı: “Biz rəisin yanında olanda dedi ki, məni öldürmək istəyirsiniz bir dərman verin öldürün. Mənə niyə əziyyət verirsiniz? Orada elə  A.Çovdarov rəisə dedi ki, siz İlqar Əliyevi döyüb öldürüb, sonra isə asıbsınız.  Orxan Osmanovu da döyüb ərizə yazdırmısınız. Məni də bu hala sala bilmirsiniz deyə, bu yol ilə öldürmək istəyirsiniz? Bu hadisələrin nəticəsində dünən ərizə yazdıq. Bu gün bu gün saat 09:00 radələrindən aclıq elan edib. Nə yemək yeyir, nə su içir, nə də dərman atır. A.Çovdarov dedi ki, məni öldürmək istəyirlərsə, elə bu yol ilə ölüm gedim”.
Vəkl onu da vurğuladı ki, A. Çovdarovun dediyinə görə, İlqar Əliyevi  Eldar Mahmudova qarşı izahat vermədiyinə görə döyüb öldürüblər: “Orxan Osmanovun döyülməsinin səbəbi  isə  A.Çovdarova qarşı izahat verməməsi olub .Ona nail ola bilməyiblər. Axırda Orxan Osmanovu döyüb Akif Əliyevə qarşı ifadə veməyə məcbur ediblər. A.Çovdarov deyir ki, İlqar Əliyevi getsinlər ekskumasiya etsinlər, görsünlər sifəti nə vəziyyətdə idi. İlqar Əliev öləndən bir saat əvvəl evinə yemək sifariş edib”.
K.Nəsibov qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin ittiham akt 56 tomdur: "Cinayət işində 26 epizod var. Biz məhkəmədən xahiş etmişik ki, cinayət işindəki hər epizod üzrə işi aparaq. Bu iş üzrə 16 nəfər mənəvi zərər çəkib, 60 nəfər zərərçəkmiş və 2 nəfər isə zərərçəkmişin hüquqi varisi var".
Vəkil əlavə etdi ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) A.Çovdarova qarşı mülki iddiası 2 milyon 917 min 300 manatdır: "DTX məhkəmədə həmin pulları təqsirləndirilən Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi və mayor Akif Əliyevdən tələb edir. Agenturaya xərclənən vəsait ilə bağlı A. Çovdarov məlumat vermir. Hesab edir ki,onun verdiyi izahat dövlətçiliyə xələl gətirəcək”.


Bəhruz, Muxalifet.az