“Ailəmiz təhlükə və təzyiq altındadır” – ZEYNALOVLAR AİLƏSİNDƏN PREZİDENTƏ MÜRACİƏT: “Küçədə qorxu içərisində gəzirik, öz evimizdə rahat yaşaya bilmirik”

Baxış sayı:
6082

Siyəzən şəhəri, Vidadi küçəsi ev 45-də yaşayan Zeynalovlar ailəsi - 1993-cü ildən YAP-ın üzvü olan Zeynalov Valeh Mabəddin oğlu, Qarabağ Müharibəsi Veteranı Zeynlov Qalib Mabəddin oğlu, Əfqanıstan Müharibəsi əlili Zeynalov Qabil Mabəddin oğlu - tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçilər qeyd edirlər:
Cənab Prezident!
Bu şikayət ərizəmizlə adlarını çəkəcəyimiz orqanların və şəxslərin, onların qanunsuz hərəkətləri barəsində qanuni tədbirlər görülməsi ücün sizə müraciət etmək məcburiyyətində qalmışıq. Ümüdvarıq ki, işlərinizin həddindən cox olmasına baxmayaraq, bu ərizəmizdə göstərdiyimiz halların yoxlanılması və ciddi qanuni tədbirlər görülməsi ücün səlahiyyətli orqanlara öz tapşırıqlarınızı verəcəksiniz.
Hörmətli Prezident!
Əvvala qeyd etmək istəyirik ki, qardaşımız 29 dekabr 1954-cü il təvəllüdlü Zenalov Sabir Mabetdin oğlu, rayonun vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən və özbaşınalıqlarından aidiyyəti müvafiq orqanlara yazmış olduğu tənqidi şikayət ərizələrinə görə Siyəzən rayon Polis İdarəsi tərəfindən əsassız olaraq-İXM-535.1-ci maddəsi ilə tutulmuş və onların sifarişi ilə Siyəzən rayon məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun 08 yanvar 2019-cu il tarixli qərarı ilə barəsində 25 gün müddətinə inzibati tənbeh həbs təyin olunmuşdur. Və o, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilmişdir.
Siyəzən rayon Məhkəməsinin qərarı son dərəcə qanunsuz və əsassız, həmçinin ədalətsiz və qərəzli olduğu üçün Sabir Zeynalovun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Rzayev Məhəmmədəli  Əsəd oğlu 11 yanvar 2019-cu il tarixli qərarı ilə Siyəzən rayon məhkəməsinin 3(059)-24/2019 saylı iş üzrə 08 yanvar 2019-cu il tarixli qərarını qüvvəsində saxlamışdır. Bununla da Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayev Siyəzən rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərovun cıxarmış olduğu qanunsuz və qərəzli qərarının üzərinə bir qanunsuz və qərəzli qərar da əlavə etmişdir.
Cənab Prezident!
65 yaşında, ürək xəstəliyi olan qardaşımız Sabir Zeynalov barəsində verilmiş bu qərar Siyəzən rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynovun, rayon Bələdiyyəsinin sədri Azər Babayevin, rayon Polis İdarəsinin rəisi Valik Vəlimətovun, rayon Məhkəməsinin sədri Bəylər Ələkbərovun bizim ailəmizə qarşı başlatmış olduqları qərəzin, qisas almanın, təqibin nəticəsi olaraq baş vermişdir. Qardaşımız Sabir Zeynalov adları çəkilən şəxsləri tənqid və ifşa etdiyinə görə, onların təqibinə məruz qalmışdır. Artıq biz ailə olaraq təhlükə və təzyiq altındayıq. Hər an bizim ailə üzvlərimiz onlar tərəfindən təzyiqlərə məruz qalır. Küçədə qorxu içərisində gəzirik və öz evimizdə rahat yaşaya bilmirik. Bizə rayon polis idarəsindən xəbərdarlıqlar gəlir ki, əgər siz “bizim barəmizdə şikayətlərinizi dayandırmasanız, hamınızın barəsində iş acaraq, həbsə göndərəcəyik”. Halbuki, tənqidə görə təqib qadağandır. Lakin Siyəzən rayonunun yuxarıda adları çəkilən vəzifəli şəxsləri öz səhvlərini düzəltmək, vəzifələrini layiqincə yerinə yetirməkdənsə, onları tənqid edənlərlə mübarizə aparırlar.
Diqqətinizə catdırırıq ki, biz ailəlikcə bu millətin layiqli övladlarıyıq. Mən Qalib Zeynalov Qarabağ müharibəsi veteranı olmaqla, şərəfli polis sıralarında dövlətimə xidmət edərək, hal-hazırda təqaüddə olan keçmiş polis əməkdaşıyam.
Mən Qabil Zeynalov Əfqanıstan müharibəsi əliliyəm. Onu da qeyd edim ki, iki uşağım birinci qrup əlildir.
Həmçinin ailənin üzvü hesab olunan qardaşımız Sabirin kürəkəni Sədrəddinov Raman Nadir oğlu göstərdiyi xidmətlərə görə “Vətənə Xidmət” medalı ilə təltif olunmuşdur. Lakin son zamanlar o da polis orqanı tərəfindən təqib və təzyiqlərə məruz qalır.
Mən Valeh Zeynalov 1993-cü ildən YAP-nın üzvü olmaqla həmişə millətimizi və dövlətimizin siyasətini dəstəkləyərək, ona zərər vurmağa calışan Siyəzən rayonunun yüksək vəzifəli şəxslərini tənqid etmişəm. Buna görə uzun müddət mən də təqib və təzyiqlərə məruz qalmışam.
Hörmətli Prezident!
Biz ailəlikcə ümid edirdik ki, apellyasiya məhkəməsi rayon məhkəməsinin (hakim Bəylər Ələkbərovun) qanunsuzluqlarını düzəldəcək, haqq-ədalət yerini tapacaqdır. Lakin təəssüflər olsun ki, hakim Məhəmmədəli Rzayev də, hakim adına yaraşmayan, haqq-ədalətdən, qanundan uzaq bir mövqe sərgiləyərək, əslində bununla, o da Siyəzən rayonunun yuxarı vəzifəli şəxsləri tərəfindən qardaşımıza qarşı yönəlmiş qərəzin, düşəmçiliyin tərəfində dayanaraq-hansısa müəmmalı səbəblərdən-onlara xidmət göstərmiş olmuşdur.
Həm rayon məhkəməsinin hakimi Bəylər Ələkbərov, həm də Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədləli Rzayev qardaşımız Sabir Zeynalov tərəfindən hər hansı inzibati xəta törədilməsinin sübuta yetirilmədiyini bildikləri halda qəsdən onun barəsində İXM-nin 535.1-ci maddəsilə 25 gün müddətində inzibati tənbeh həbs qərarı qəbul etmişlər. Həmçinin qardaşımız Sabir Zeynalovun 65 yaşı olmasına, ürək xəstəliyindən əziyyət cəkməsinə baxmayaraq, hakimlər insafsızcasına, qəsdən ədalətsiz qərar qəbul etmişlər. İXM-ə görə 65 yaşına çatmış kişilərə inzibati həbs növündə tənbeh təyin oluna bilməz. Lakin sözügedən hakimlər hansısa “maraqdan” qanunun bu tələbini kobud şəkildə pozmuşlar. Halbuki, İXM-nin 535.1-ci maddəsində digər alternativ tənbeh-200 manat cərimə də nəzərdə tutulmuşdur. İXM-nin 535.1-ci maddəsinə görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan hər iki hakim Sabir Zeynalov barəsində məhz həbs tənbehinin təyin olunması ücün hər hansı əsasın olduğunu göstərə bilməmişlər.
Pararel müqayisə apararaq diqqətinizə çatdırırıq ki, 65 yaşına çatmış kişilərə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Amma sözü gedən hakimlər qardaşımıza ən ağır tənbet verərək, onu xəstə vəziyyətində (o, mütəmadi olaraq iynə və dərmanlardan istifadə edir, xəstəxana şəraitində müalicə alırdı) onu azadlıqdan məhrum etmişlər. Yəni birbaşa onun həyatını təhlükəyə atmışlar. Qardaşımızın xəstəliyinin ciddi olması barədə məhkəməyə sənədlər təqdim olunmuşdur.
Göründüyü kimi, həm rayon məhkəməsinin, həm də apellyasiya məhkəməsinin hakimi qanunun tələblərini kobud şəkildə qəsdən pozaraq Siyəzən rayonunu vəzifəli şəxsləri tərəfindən Zeynalov Sabirə qarşı başlatılmış qeyri-sivil-qərəzli mübarizəni davam etdirərək, ədalətdən və humanizmidən tamamilə uzaq bir qərar qəbul etmişlər. Bu cür qərar qəbul etmiş hakimlər təkcə bir nəfərə deyil, onun bütün ailəsinə ağır zərbə vurmuşlar.
Hesab edirik ki, belə bir qərar qəbul etmiş hakimlərə ədalət mühakiməsini həyata keçirməyi etibar etmək olmaz. Qərar vətəndaşın vəziyyətini son dərəcə ağırlaşdırırsa, ona həm maddi həm mənəvi zərər vurursa, həmin qərarı qəbul etmiş hakimin hərəkəti öz hüquqi qiymətini tapmalıdır. Həm 65 yaşına çatmış ağsaqqal, həm yüksək arterial təzyiqli ürək xəstəsi, həm vicdanlı bir vətəndaş olan qardaşımıza son dərəcə sərt tənbeh verilməsi nə Beynəlxalq İnsan hüquqlarına, nə Konistitusiyamıza, nə də İXM-nin hec bir prinsipinə uyğun deyildir. Hakimin bilərəkdən vətəndaşın hüquqlarını pozan ədalətsiz qərar qəbul etməsi yolverilməzdir və bu öz hüquqi qiymətini tapmalıdır.
Beləliklə, baş verənlər onu göstərir ki, yuxarıda adları çəkilən vəzifəli şəxslərin bizim ailəmizə qarşı yönəlik olan təzyiqləri dayandırılaraq, onlar barəsində müvafiq ölçü götürülməlidir. Əks halda həmin şəxslərin bizə qarşı təzyiqləri qaçılmaz qarşıdurmaya və xoşagəlməz nəticələrə səbəb ola bilər.
Cənab Prezident!
Ümidvarıq ki, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun, rayon Bələdiyyəsinin sədri Azər Babayevin, rayon Polis İdarəsinin rəisi Valik Vəlimətovun, Siyəzən rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərovun, o cümlədən  Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin yuxarıda göstərilən qanunsuz əməllərinin araşdırılması və onlar barəsində təcili qanuni tədbirlər  görülməsi üçün  aidiyyəti orqanlara öz tapşırıqlarınızı verəcəksiniz.
Sizə öz təşəkkürümüzü bildiririk”.

Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.