​Ailə dəyərlərini təhrif edirlər - MTRŞ teleserialları tənqid etdi

Baxış sayı:
5476

İl ərzində aparılmış monitorinqlər TV-lərdə ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığını ortaya qoyub.
BakuPost-un məlumatına görə, bu, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2018-ci il üzrə hesabatında əksini tapıb. 
MTRŞ müəyyən edib ki, yayımçılar ciddi mövzular müəyyənləşdirməklə səviyyəli diskussiyalar, ciddi ekspertlərin iştirakı ilə müzakirələr təşkil etməyə qətiyyən maraq göstərmirlər. Onlar daha çox ucuz yollara əl atır, daha çox ailə-məişət mövzuları, ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar. 
Monitorinqlər göstərib ki, milli efir məkanında teleserialların kəmiyyət baxımından artması tendensiyası davam etsə də, keyfiyyət baxımından çatışmazlıqlar qalmaqdadır. Xüsusilə komediya janrında çəkilib nümayiş etdirilən seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir. Bu cür seriallara misal kimi Xəzər TV-də "Xalxın evi”, "AY yay, yay”, ATV-də "Qız atası”, "Bacanaqlar” və s. göstərmək olar.
Həmçinin seriallarda sponsorla bağlı da vəziyyət ürəkaçan deyil. Belə ki, sponsorlar seriallarda gizli və açıq şəkildə reklam edilir. Bəzən hətta sponsorlar serialın süjet xəttinə də daxil edilir və serialın müəyyən bir bölümü səhnələşdirilmiş şəkildə sponsorun qabarıq reklamına həsr olunur. Bu hallar isə reklam qanunvericiliyinin pozulmasına gətirib çıxarır.