Agentlikdən ÜST-ə cavab: “Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil

Baxış sayı:
775

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə qeydi ilə razı deyil. ÜST tərəfindən verilən məlumatda yanvarın 29-dək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub.

Agentlikdən verilən məlumata görə, bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb.

Azərbaycan ÜST-nin tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.

Bildirilib ki, ötən il yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır: "Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır. Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük. Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-nin tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermişdir və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir".

"COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilmişdir. Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir. Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır. Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb", - məlumatda vurğulanıb.