Ağdaşda Qarabağ döyüşçüləri aksiya keçirdi – FOTO/VİDEO

Baxış sayı:
8610

Dünyasını dəyişmiş Qarabağ əlilinin ailəsinin elektrik borcuna görə işıqları kəsilib. Buna görə Ağdaşda etirazlar başlayıb. Muxalifət.az minval.info-ya istinadən xəbər verir ki, Ağdaş rayon sakini Fəzail Cəbrayılov Qarabağda döyüşüb və əlil düşüb. Bu yaxınlarda isə o, dünyasını dəyişib. Döyüşçünün ailəsi isə kasıb vəziyyətdə yaşayır. Onlar imkansızlıqdan elektrik borcunu vaxtında ödəyə bilməyiblər. 14 manat elektrik borcuna görə, ailənin işığı “Azərişıq” tərəfindən kəsilib. Bunu öyrənən 1-ci qrup Qarabağ əlili Eyvaz Lətifov işıq idarəsinə gedərək, buna etiraz edib. E.Lətifov deyib ki, onlar Qarabağda döyüşən, əlil olan birinin ailəsidir. Bir az güzəşt edin. Prezidentin də göstərişi var ki, güzəştlər edilsin. Bu ailə də kasıbdır. 14 manata görə işıqlarını kəsməyin. Müavinətləri hələ verilməyib, bir az gözləyin. Ona cavab verən “Azərişıq” ASC-nin Ağdaş rayon idarəsinin rəisi olan Mirkazım Qubadov adlı şəxs deyib ki, 1 manat borcları belə olsa işıqları kəsilməlidir. Tapşırıq belədir. Qarabağ döyüşçüsü olsa da fərq etmir. Bu zaman onların arasında dava düşüb. İdarəyə polis çağırılıb və Eyvaz Lətifov bölməyə aparılıb. Sonra isə azad edilib. Bütün bunlardan sonra rayonda yaşayan Qarabağ döyüşçüləri və əlilləri etiraz aksiyası keçiriblər. Onlar “Azərişıq” ASC-nin Ağdaş rayon idarəsinin qarşısına yürüyüş edib, rəisin işdən çıxarılmasını tələb ediblər.