“Ağ qızıl dividend gətirmədi” – EKSPERT

"Rəsmi məlumata görə, Azərbaycan hər il pambıqçılığın inkişafına yüz miyonlarla dollar xərcləyir. Sual yaranır: hakimiyyət yüz miyonlarla dolları nəyə xərcləyir?", - deyə aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov soruşur.
"Bu ilin 9 ayı ərzində ölkəyə heyvandarlıq məhsulları idxalı kəskin şəkildə artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə kəsim üçün nəzərdə tutulan diri heyvanların, ət, süd məhsullarının idxalı dəyər ifadəsində 35 faiz artıb. Belə ki, keçən ilin yanvar-sentyabr aylarında ölkəyə 123 milyon dollar dəyərində heyvandarlıq məhsulları gətirilmişdirsə, bu ilin eyni dövrü ərzində həmin qrupdan olan malların idxal dəyəri 185 milyon dollar təşkil edib. Keçən ilin müvafiq dövrünə nisbətən bu il süd idxalı 69 faiz, kərə yağı idxalı 27 faiz, ət idxalı isə 91 faiz artıb. Ölkə əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyü bir vaxtda heyvandarlıq məhsullarının idxalının artması eyni adda məhsulların istehsalının azalması ilə əlaqədardır. Daxili istehsalın azalması nəticəsində heyvandarlıq məhsullarının topdan və pərakəndə satış qiymətləri 40-50 faiz bahalaşıb. Heyvandarlıq məhsullarının istehsalının azalmasına səbəb isə hakimiyyətin müdaxiləsi nəticəsində bu sahədə yaranmış problemlərdir. Çox təəssüf ki, yem istehsalında ciddi problemlər var. 2008-ci ildə qəbul olunmuş Dövlət proqramında qarışıq yem istehsalını il ərzində 2 milyon tona çatdırılacağı nəzərdə tutulsa da, keçən il cəmi 12 min ton qüvvəli yem istehsal olunub", - deyə ekspert qeyd edir.