AFRİN – Türkiyə-İran rəqabətinin yeni cəbhəsi: Ankaranın ixtiyarındakı yaxşı variantlar azdır - TƏHLİL

Baxış sayı:
7033

Suriyadakı çirkin müharibə daha da mürəkkəbləşir. Fevralın 20-də rejimin milisləri, ötən ay Suriyaya müdaxilə edən Türkiyə qüvvələrinin mühasirəyə aldığı Afrin anklavına daxil olub. Görünür, hökumət bölmələri Ankaranı ciddi narahat edən sərhədyanı əraziləri nəzarətində saxlayan kürd qruplarını gücləndirməyə başlayır.
Türk təşəbbüsünün ilk günlərində yazdığım kimi, Afrindəki döyüşlər daha geniş bir yanğın doğura bilər. YPG olaraq bilinən əsas suriyalı kürd silahlı qrupu, Türkiyə daxilində fəaliyyət göstərən, Ankara və Vaşinqton tərəfindən terror təşkilatı olaraq qəbul edilən Kürdüstan İşçi Partiyasının və ya PKK-nın birbaşa vəkili olaraq görülür. Lakin Birləşmiş Ştatlar cihadçı İŞİD-lə mübarizə aparmaq üçün YPG döyüşçülərinə kömək edir.
Amma Vaşinqtonun müharibədəki mürəkkəb rolu, həmçinin Afrində baş verən qarşıdurmalarda dərindən iştirak etmədən çəkinmə, Suriya kürdlərini Bəşər Əsədə müraciət etmək məcburiyyətində qoyub.
YPG nümayəndəsi Nuri Mahmud çərşənbə axşamı jurnalistlərə bildirib: "Suriya hökuməti çağırışımıza cavab verib və hərbi hissələr göndərib. Onlar sərhəd boyunca yerləşdiriləcək və Suriya ərazisinin bütövlüyünü müdafiə edəcəklər".
Bu arada prezident Rəcəb Tayyip Ərdoğan önümüzdəki günlərdə Türkiyənin Afrinin mərkəzinə hücum edəcəyini söyləyib. O, Suriya hökumətinin hərəkətini "terrorçuların dəstəklənməsi" kimi səciyyələndirib və türk topçularının Əsəd güclərini geri çəkilmə məcburiyyətində qoyduğunu iddia edib.
Suriya qaynaqları isə artileriya zərbələrinin Əsəd güclərinin yalnız bir müddət ləngitdiyini iddia edir.
Konvoyun gəlməsi – daha da mürəkkəbləşən müharibədə başqa bir geosiyasi dönüşdür. Suriyalı kürdləri xilas etməyə gəlməsi güman edilən Əsəd tərəfdarları, ehtimal ki, başqa bir məqsəd güdürlər. Həmkarım Luiza Loveluk yazır ki: "Gələn döyüşçülər… tez-tez Əsəd ordusunun səylərini dəstəkləyən iranpərəst birliklər şəbəkəsinə məxsusdur".
Əgər belədirsə, Türkiyə və onun üsyançı müttəfiqləri İranla bağlı olan Əsəd milisləri və potensial olaraq ABŞ-la dostluq edən, həm Əsəd hökumətinə, həm də İranın Suriyadakı mövcudluğuna qarşı çıxan Suriya kürd birləşmələri əleyhinə döyüşməli olacaqlar.
Bu, yeddiillik münaqişədə müharibə aparan, fərqli maraqlı tərəflərin yaratdığı açılmaz düyündür.
İran baxımından Afrindəki türk əməliyyatı arzuolunmazdır. İran liderləri, o cümlədən prezident Həsən Ruhani Suriyanın siyasi gələcəyi ilə əlaqədar Rusiya, Türkiyə və İran arasında aparılan son danışıqları pozan müdaxiləni pisləyib.
 
Yaxın Şərqdən yazan “Al-Monitor” saytına görə, “İran səlahiyyətliləri Suriyadakı bədnam döyüşdən çəkindirmək üçün türk tərəfdaşlarına təzyiq göstəriblər”.
Vaşinqtondakı Yaxın Şərq İnstitutunun əməkdaşı Gönül Tol bildirib: "Türkiyə Afrinə hərəkət edəcəyi təqdirdə, tərəfdaşlarının öz baxışlarını yana çevirəcəyinə ümid etdi. Rusiya Afrin səmasında, kürd anklavı içərisində Türkiyənin hərbi təcavüzünə yaşıl işıq yandıranda, Ankara bunu razılıq kimi düşündü. Ancaq son hadisələr göstərir ki, yaxın gələcəkdə birgə irəliləmə yolu hamar, Rusiya və İranla tərəfdaşlıq isə, Ankaranın ümidi etdiyi kimi, güclü olmaya bilər".
Afrindən xaricdə belə, Suriyanın şahmat taxtasında boş yer yoxdur. Yaxınlıqdakı İdlib vilayətindəki islamçı qruplar Suriya rejimi və müttəfiqlərinə qarşı Türkiyə ilə əməkdaşlıq edir.
Əsasən İŞİD-ə istiqamətlənən Suriyadakı Amerikan hava müharibəsi də rus əsgərlərinin ölümünə səbəb olub.
Əsəd hökuməti rus dəstəyi ilə, üsyançı sahələrə təcavüz etməkdə davam edir.
İsrail də İranın Suriyadakı mövcudluğundan narahatdır. Bu yaxınlarda İran mövqelərinə hava hücumu həyata keçirilib. İsrail rəsmiləri daha kəskin regional müharibə perspektivindən açıq-aydın danışırlar.
Ankara üçün çətin reallıq: Türkiyənin ixtiyarında az miqdarda yaxşı variantlar var.
Türkiyədə yüksələn anti-Amerika duyğusu, YPG-yə dəstəklə birləşən anti-Amerika həssaslığı ABŞ-ı NATO-lu müttəfiqi ilə ziddiyyətli duruma qoyub.
Vaşinqtondakı “Bipartisan Policy Center” analitik quruluşunun Türkiyə üzrə eksperti Nikolas Danfort yazır: "ABŞ-ı potensial olaraq nə Rusiya, nə də İranla dəyişmək istəyən türk siyasətçiləri heç olmasa bəzən Türkiyə maraqlarının nəzərə alınmasına dəhşətli dərəcədə istəklidir".
Həqiqətən, Vaşinqtonda Ankaradan uzaqlaşma gündəmini dayandırmaq üçün artan bir xor var. “Washington Post” qəzetinin köşə yazarı David İqnatius yazır: "Kimsə Türkiyə ilə şiddətli bir qırılma istəmir”. Bunun ardınca o qeyd edir: “Ancaq yeddi illik fəlakətli Suriya müharibəsinin müşahidəçiləri bəzi təməl həqiqətləri etiraf etməlidirlər: türklər minlərlə xarici radikal islamçının Suriyaya axınına, Avropanı və ABŞ-ı təhdid edən bazaları yaratmalarına icazə verdilər. Əgər ABŞ… Türkiyənin bu qədər nifrət etdiyi kürd milislərlə əməkdaşlıq etməsə, bu terrorçular hələ də paytaxtları Raqqaya daxil olmağı planlaşdıracaqlar…”
Amerikalıları çətin bir yol gözləyir. “Sülh İnstitutu”nun tədqiqatçısı Mona Yakubian yazır: "Vaşinqtonun Suriyadakı mövqeyi zəifdir. Əsəd hakimiyyətdə qaldıqca, Birləşmiş Ştatların ümid edə biləcəyi ən yaxşı hal münaqişənin daha da qızışmasına yol vermədən rejimin həyasız davranışına qarşı mübarizə aparmaqdır. Ancaq bu, öz xalqının çox hissəsini öldürməkdə günahkar olan bir rejimlə yalnız haqq-hesab çəkmək deməkdir”.
Çərşənbə axşamı Afrin uğrunda mübarizə intensivləşdiyindən rejim Şərqi Quta bölgəsində hücuma keçib və 100-dən çox adamı öldürüb. Suriya müharibəsinin ən qanlı 24 saatından biri kimi təsvir olunan bu hadisə ilə bağlı UNICEF-in yaydığı rəsmi məlumatda deyilir: "Heç bir səbəb öldürülən uşaqlara görə kiməsə bəraət qazandırmır".
Tərcümə: Strateq.az