Afrin əməliyyatı və Suriyada yeni müharibə oyunu - TƏHLİL

Baxış sayı:
415

Ərdoğanın “əməliyyat hər an başlaya bilər” sözləri, ardınca Suriya sərhədinə ordu yeridilməsi və əməliyyatın ilkin mərhələsi olaraq Afrinin bombalanması Türkiyənin cənub sərhədlərində ciddi təhlükəyə çevrilən PKK/PYD terror təşkilatına, dolayısı ilə Amerikaya müharibə elan etməsidir. Görünən odur ki, Türkiyə sərhədində 30 minlik “terror ordusu” quran ABŞ istəyindən geri çəkilməsə (bu, yalnız möcüzə olar), qardaş ölkənin müharibəyə başlamaqdan savayı yolu qalmır. Söhbət Obama dövründə hazırlanan və Trampın gəlişi ilə daha aktiv şəkildə həyata keçirilən “kürd dəhlizi”-“terror dövləti” planından gedir. Və Ankara yaxşı anlayır ki, bu planı sıradan çıxarmaq üçün ya indi hərəkətə keçməlidir, ya da heç vaxt...
 
Türkiyənin Afrin əməliyyatını, ümumilikdə baş verənləri anlamaq üçün proseslərə daha geniş spektrdən baxmalıyıq: Suriyada faktiki olaraq, Türkiyə-Rusiya-İran cəbhəsi ilə ABŞ cəbhəsi arasında açıq müharibə gedir. Bütün kartlar ortadadır və artıq qırılma nöqtəsinə qədəm basılıb. Hansısa geridönüşə, suların durulacağına ümid etmək möcüzə gözləmək kimi bir şeydir. Və Amerikanın ən böyük qorxusu İraqın şimalında “kürd dövləti” planının baş tutmamasından sonra Suriyada da regional güclərə - Türkiyə-İran-Rusiya – məğlub olmaqdır.
Amerikanın qorxusu: Suriya böhranını həll etmək üçün Vaşinqtonun liderliyi altında aparılan Cenevrə danışıqları Türkiyə, Rusiya və İranın Soçi zirvəsinə getməsi ilə ciddi alternativ qazandı. Hansı ki, bu, Suriya böhranının üç regional güc tərəfindən həlli və Amerikanın oyundan kənar qalması deməkdir. Əslində ötən ilin 25 sentyabrında Şimali İraq Kürd Muxtariyyətində təşkil edilən “müstəqillik referendumu”nun istənilən nəticəni verməməsi ABŞ-ı bölgədə məğlub duruma saldı. Ankara-Moskva-Tehran üçlüyünün ön plana çıxdığı mənzərədə itirən tərəf olaraq yer alan Vaşinqton Körfəzdən geridönüş hərəkatına başladı və nəticə etibarilə bir xal önə keçdi. (Oxu: “11 sentyabr”dan sonra “Mülayim İslam” mərhələsi və Körfəzdən müdaxilə planı ). İslam coğrafiyası üzərində uzunmüddətli perspektivə hesablanmış bu planda əsas elementlərdən biri Səudiyyə Ərəbistanı yeni güc olaraq önə sürmək və İranın ərəb dünyasındakı qollarını – Hizbullah kimi – kəsmək idi, həm də Yaxın Şərqin Türkiyə, İran və Rusiyadan daha uzaq nöqtəsində güclənərək, bölgədə itirdiklərini geri qaytarmaq gedişi. Bu baxımdan, Körfəzdə bir xal önə keçən Amerikanın Suriyaya dönüşü çox çəkməyəcəkdi. Ötən ilin dekabr ayının sonlarından geridönüş prosesi başlandı...
Amerikanın planının ümumi cizgiləri klassik “parçala, hökm sür” prinsipindən fərqlənmir: Türkiyə, İran və Rusiyaya ayrı-ayrılıqda zərbə vurmaq, bu üçlüyü bir-birinə qarşı qaldırmaq və qüvvələr nisbətini öz xeyrinə dəyişdirmək. Bu kontekstdə İrandakı etiraz aksiyaları, Rza Zərrab işi, Rusiyaya qarşı gözlənilən yeni sanksiya dalğası, həmçinin Suriyada rus hərbi bazasına edilən hücumlar və bu hücumların Türkiyənin nəzarətindəki İdlibdən qalxan dronlarla edilməsi böyük pazlı tamamlayan hissələrdir.
Planın indi dövriyyəyə girməsi də təsadüfi deyil. Çünki:
a) Hər şey 29-30 yanvar tarixində Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsinin, yəni Suriya böhranını Türkiyə-İran-Rusiya üçlüyünün həll etməsinin qarşısını almağa hesablanıb.
b) Amerikanın hazırkı gedişləri regional üçlüyün önə çıxdığı Suriyada oyunu pozmaq və öz planını həyata keçirmək üçün vaxt qazanmaq məqsədi daşıyır.
c) ABŞ dövlət katibinin Yaxın Şərq əlaqələri üzrə müavini David Satterfieldin “Soçi prosesini qəbul etməyəcəyik, bu, legitim deyil”, açıqlaması və Vaşinqtonun Suriya üzrə Cenevrə danışıqlarını yenidən önə çıxarması da hədəfi aydın şəkildə göstərir.

Ümumi mənzərəni öz istədiyi şəklə salmaq istəyən Vaşinqton böyük pazla – Türkiyə, İran və Rusiya – qarşı yox, bu pazlın hissələrinə qarşı ayrı-ayrılıqda hərəkətə keçdi.
İran: Dekabrın 28-də İranın Məşhəd şəhərində əhali yoxsulluğu əsas şüara çevirərək, etiraz aksiyalarına başladı. Aksiyanın məhz mühafizəkarların güclü olduğu şəhərlərdən başlaması prezident Həsən Ruhaninin liderliyi altındakı islahatçılara qarşı daxili oyun olduğu ehtimalını ön plana çıxarırdı. Lakin etirazçıların “İslam dövləti istəmirik!” deyə İran İslam İnqilabının əsas prinsiplərinə qarşı çıxması və “Suriyadan çıxın, bizi fikirləşin!”, “Qəzza yox, Livan yox, İran üçün!” kimi şüarlarla Tehranın Yaxın Şərq siyasətinin tənqid etməsi baş verənlərin Amerikanın əlinə oynadığını göstərdi. Etirazlar nə qədər ziddiyyətli fikirlərə səbəb olsa da, İranın Amerika tərəfindən qarışdırıldığı istisna deyil. Bəli, Tehran rejimi Suriya, yaxud İraq kimi istənilən vaxt xaosa sürüklənəcək qədər zəif deyil, lakin daşları bir-bir yerinə qoyduqda Vaşinqtonun İranda sınaqdan çıxmış “idarəolunan xaos” nəzəriyyəsini tətbiq etməyə cəhd etdiyi aydın görünür, təbii ki, İran daxilindəki qüvvələrin yardımı ilə. Amerika istədiyinə - molla rejiminin devrilməsinə nail oldumu? Xeyr. Əslində məqsəd indiki şəraitdə rejimin devrilməsindən daha çox, öz evində dilemma qarşısında qalması idi. Çünki ABŞ-ın İranı sərhədlərindən kənarda təkləmə gedişi heç bir işə yaramadı, əvəzində Tehran Ankara və Moskva ilə birgə hərəkət edərək daha da gücləndi. Yeganə yol İran hakimiyyətinin yolunu kəsəcək daxili qüvvənin formalaşdırılması idi. Ölkədəki sosial-iqtisadi vəziyyət də Amerikanın istədiyi kimi idi. Və bu plan baş tutdu, bundan sonra İran Suriya, yaxud Livanla bağlı addım atandan ən azından iki dəfə düşünməli olacaq. Əks təqdirdə daxili etirazlar qarşısıalınmaz hal ala bilər.
Rusiya - üç istiqamətdən zərbə:
1.
İranda aksiyalar səngimədiyi bir vaxtda – dekabrın 31-də Suriyada Hmeymin hərbi bazasına hücum edildi və Rusiyaya məxsus təyyarələrin məhv edildiyi haqda xəbərlər yayıldı. Bu, Moskvaya ilk xəbərdarlıq zərbəsi idi.
2. Ardınca, Amerika 2015-ci il təyyarə böhranı ssenarisini təkrarlamağa cəhd etdi: yanvarın 6-da Hmeymin bazasına dronlarla hücum edildi, yenə Rusiyaya məxsus S-400 raket kompleksləri sıradan çıxarıldı. Hücum edən dronların Türkiyənin nəzarətindəki İdlibdən havaya qalxması Ankara və Moskvanı yenidən üz-üzə qoymaq planının bir hissəsi idi.
“Türkiyənin nəzarətində olan İdlibdə rus təyyarələrinə hücumu kim təşkil edib?” sualının cavabları Amerikanı göstərir. İdlib hazırda Türkiyənin dəstəklədiyi müxaliflərin nəzarətində olsa da, şəhərdə pərakəndə halda İŞİD-çilərin gizləndiyi məlumdur. Lakin ABŞ-ın əmri ilə hərəkət edəcək əsas qüvvə Əl-Qaidənin keçmiş üzvlərinin yaratdığı Ən-Nusra cəbhəsidir. Ötən il Türkiyə ordusunun şəhəri terrorçulardan təmizləmək üçün İdlib əməliyyatına başlaması da məhz Amerikanın Ən-Nusra üzərindən oynadığı oyununu pozmaq məqsədi daşıyırdı. Vaşinqton İdlibdə Əl-Qaidə terrorçularının olduğunu deyərək, Türkiyənin terrorçulara dəstək verdiyi iddiasını irəli sürdü. Bu, Türkiyəni terrora dəstək verən ölkə kimi təqdim etməyə və xarici siyasətindən geri çəkilməsi üçün təzyiqlərə əsas yaratmağa hesablanmışdı. Ankara dərhal hərəkətə keçdi və İdlibdə vəziyyəti nəzarətə götürdü. Lakin bu, Ən-Nusra terrorçularının tam təmizləndiyi anlamına gəlmir. ABŞ Ən-Nusraçıların əli ilə Türkiyə və Rusiyanı yenidən üz-üzə qoymaq istədi, lakin Moskva və Ankara öz aralarında anlaşdılar. Əslində Amerika da təyyarə böhranını yaşamış ruslarla türkləri bu taktika ilə üz-üzə qoya bilməyəcəyini anlayır. Lakin bu kiçik qarşıdurma Amerikaya vaxt qazanmaq imkanı yaradır.
3. Rusiyaya qarşı üçüncü zərbə dekabrın 29-da endiriləcək. ABŞ-ın Moskvadakı səfiri Con Hantsman məhz bu tarixdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb. Niyə 29 yanvar? - 29-30 yanvarda Soçidə Suriya Milli Dialoq Konqresi keçiriləcək. Amerikanın Rusiyaya qarşı sanksiyaları məhz konqresin öz işinə başladığı gündə tətbiq etməsi də təsadüfi deyil. Eyni zərbə Soçi görüşünə qədər Türkiyəni də gözləyir.
Türkiyə: ABŞ-da Rza Zərrabın müttəhimdən şahidə çevrilməsi və Ankaraya qarşı “Halkbank” prosesi əsas zərbələrdən biri ola bilər. (Oxu: ABŞ-ın Türkiyə üçün qurduğu məhkəmə və Zərrab işinin hədəflər). Son məlumatlara görə, “Halkbank” işi ilə bağlı məhkəmə qərarı iki həftə ərzində çıxacaq. Bu, Soçi görüşü ilə eyni vaxtda təsadüf edir.
Və Suriyanın şimalında (Türkiyənin cənub sərhədləri) Suriya Demokratik Qüvvələri (SDQ) adı altında 30 minlik ordunun yaradılması bu planda əsas elementlərdən biridir.
30 minlik “terror ordusu”: Amerika Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbərliyi altında olacaq 30 minlik sərhəd-mühafizə ordusunun yaradılacağını açıqladı. Nə baş verir, Amerikanın hədəfi nədir?
a) İlk növbədə SDQ-nin hansı sərhədləri mühafizə edəcəyi diqqət çəkir. Suriyanın şimalında qurulacaq ordu Türkiyə və İraq sərhədlərini “qoruyacaq”. Əslində hədəf “qoruma” adı altında Türkiyənin və İraq üzərindən keçərək gələn İranın Suriyaya girişi qarşısında güc formalaşdırmaqdır.
b) SDQ qüvvələri həm də Suriya daxilində Rusiyanın Əsəd rejimi ilə birlikdə şimal bölgəsinə müdaxiləsinə qarşı döyüşəcəklər. Bu, faktiki olaraq ABŞ-ın Suriyada İŞİD-dən sonra yeni silahı, daha dəqiq desək, legitim gücüdür.
Niyə SDQ?: “Sərhəd ordusu”nun tərkibində Suriyanın şimalında Fərat çayının şərqinə nəzarət edən – həm də Afrinə - PKK/PYD/YPG terrorçularının olduğu şübhəsizdir. Əslində belə bir ordunun ABŞ-ın İŞİD-lə mübarizə adı altında PYD-yə 4 min TIR-dan çox silah verməsi ilə çoxdan yaradıldığı da məlumdur, sadəcə olaraq, indi terrorçuları beynəlxalq ictimaiyyətdə Suriya münaqişəsinin legitim tərəfi kimi göstərəcək yarlıq lazımdır. Məhz bu yarlıq SDQ oldu. Çünki: Türkiyə PYD-nin PKK-nın Suriya qolu olan terror təşkilatı elan edib; Rusiya və İran da PYD-ni Suriya münaqişəsinin tərəfi kimi qəbul etmir; bununla yanaşı, Amerika “sərhəd ordusu”nu PYD adı altında yaratsaydı, bu, Türkiyənin üzv olduğu NATO-nun müttəfiqlik prinsipinin pozulması deməkdir; həmçinin, PYD-dən fərqli olaraq SDQ-nin Cenevrə danışıqlarında iştirakını təmin etmək daha asan olacaq; ABŞ SDQ qüvvələri ilə Türkiyənin cənub sərhədlərində yaratmaq istədiyi “terror dəhlizi”ni də həyata keçirməyi planlaşdırır; (Oxu: Ağ Evdə Ərdoğan-Tramp qarşıdurması: Türkiyə-Amerika döyüşü başladı).
AFRİN ƏMƏLİYYATI: Türkiyənin bu əməliyyatla ümumi mənzərədə ABŞ-ın “terror ordusu” yaradaraq, Aralıq dənizinə çıxarmaq istədiyi “terror dəhlizi” planının qarşısını alır. Bu baxımdan, əməliyyat Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Artıq YPG-nin (PYD-nin silahlı qanadı) əlindəki Afrinə ilk zərbələr endirilib və türk ordusu hücum üçün sərhəddə hazır vəziyyətə gətirilib. İdlibdə Azad Suriya Ordusu da (ASO) əməliyyata dəstək verəcək. Dörd tərəfdən mühasirəyə alınan Afrinin azad olunması Türkiyə ordusu üçün çətin görünmür. Lakin Türkiyənin burada qazanacaqları və itirdikləri olacaq:
Qazanc: Afrinin azad olunması ilə Türkiyə “Fərat qalxanı” əməliyyat zonasına nəzarəti tamamilə ələ keçirəcək; Aralıq dənizinə çıxarılması planlaşdırılan “terror dəhlizi” xəttinin qarşısı ciddi şəkildə alınacaq; Türkiyə sərhədlərindəki terror təhlükəsinə ağır zərbə vuracaq; Fəratın qərb sahilindən Aralıq dənizinə qədər olan ərazidə Türkiyə təsiri güclənəcək; Bu, Türkiyənin Suriya masasında əlini gücləndirəcək, həmçinin, Fəratın şərq sahilində PYD-yə qarşı mübarizəni daha güclü şəkildə apara biləcək.
İtki: bütün hərbi əməliyyatlarda minimum da olsa itkilər qaçılmazdır, bu baxımdan, Afrin əməliyyatında da türk ordusu sığortalanmayıb; digər tərəfdən, Afrin əməliyyatına qarışmayacağını açıqlayan ABŞ-ın YPG-yə gizli şəkildə silah göndərdiyi ortaya çıxdı, hansı ki, bu silahlar türk əsgərlərinə qarşı istifadə olunacaq; Afrin əməliyyatı Türkiyə daxilində də müəyyən narazılığa səbəb ola bilər, təbii ki, bu əməliyyatın gedişatından asılıdır; Lakin Türkiyənin bütün diqqətini Afrinə yönəltdiyi bir vaxtda daxildə terror hücumlarına məruz qala biləcəyi ehtimalı da qüvvədədir; Bu baxımdan, əməliyyatın inkişafından asılı olaraq Türkiyənin itkilərinin miqyası da dəyişə bilər.
AMERİKANIN OYUNU: “Afrin koalisiya güclərinin əməliyyat sahəsinə daxil deyil” deyə ABŞ-ın rəhbərliyi altındakı koalisiya güclərinin sözçüsü Ryan Dillon bildirdi. Bu, Vaşinqtonun Afrin əməliyyatı qarşısında səssiz qaldığı deməkdir. PYD-yə açıq şəkildə siyasi və hərbi dəstək verən, “terror dəhlizi” layihəsini həyata keçirmək üçün bütün vasitələrdən istifadə edən ABŞ-ın bu səssizliyi şübhəlidir. Vaşinqton necə oynayır?:
1. Amerika Afrin əməliyyatına qarışmamaqla Türkiyənin “terror dəstək verirsən” ittihamlarını özündən uzaqlaşdırır, həmçinin NATO-da müttəfiqlik prinsipinə “sadiqlik” göstərir.
2. Əvəzində Afrində YPG-ni silahlandırmaqla türk ordusunun daha çox itki verməsini əvvəlcədən təmin edir. İtkilərin çoxluğu əməliyyatın gedişinə də ciddi təsir göstərə bilər.
3. Mümkündür ki, ABŞ Türkiyənin Afrində daha uzunmüddətli müharibə aparması üçün əlindən gələni edəcək. Əməliyyatın uzanması Türkiyə daxilində Ərdoğan hakimiyyətinə qarşı narazılıq yarada, 29-30 yanvarda keçiriləcək Soçi görüşündə istənilən nəticənin əldə edilməsinin qarşısını ala və bütün bunların fonunda ABŞ-ın SDQ-nin nəzarətində 30 minlik ordunu yaratmasına zaman qazandıra bilər. Vaşinqtonun Afrin əməliyyatına “yaşıl işıq” yaratmasının arxasındakı səbəb də budur.
Lakin Türkiyə Afrin əməliyyatını uğurla başa çatdırsa belə, gec-tez sərhədlərinin dibində 30 minlik ordu ilə döyüşmək məcburiyyətində də qalacaq. Və bu, genişmiqyaslı müharibə olaraq, daha böyük itkilərə səbəb ola bilər. Ankara bunu anlayır və Amerikanı qabaqlayaraq, oyunu pozmaq üçün Afrin əməliyyatını tezləşdirir. Afrin təmizləndikdən sonra Türkiyə Tel Abyad bölgəsinin terrorçulardan təmizlənməsi üçün hərəkətə keçəcəyini bəyan edib. Bu, Fəratın şərqində ABŞ-ın “sərhəd ordusu” yaratmaq istədiyi PYD-nin əlindəki bölgədir. Ordu yaratmaqda israrlı olan Amerikanın Afrindən fərqli olaraq, həmin bölgənin SDQ-yə aid olduğunu əsas gətirməklə səssiz qalmayacağı dəqiqdir. ABŞ Dövlət katibi Reks Tillersonun bu gün axşam açıqlayacağı “İŞİD-lə müharibənin başa çatmasından sonra Vaşinqtonun Suriyada keçid mərhələsi prosesində strategiyası”nda böyük ehtimalla SDQ münaqişənin legitim tərəfi elan olunacaq.
Görünən budur ki, Afrin başlanğıc ola və Türkiyə qarşıdakı dövrdə daha böyük müharibəyə girə bilər. Böyük qarşıdurma Suriyada oyunu pozmaq istəyən Amerikanın istəyinə uyğundur. Lakin Türkiyənin səssiz qalması daha böyük itkilərə gətirib çıxara bilər. Bu baxımdan, yeganə çıxış yolunun bölgədə Rusiya və İranla sona qədər birgə hərəkət etmək olduğu görünür./publika.az