​Afrin hücumu ilə bağlı azərbaycanlılar... – XƏBƏRDARLIQ

Baxış sayı:
806

Bugünkü informasiya texnologiyalarının inkişafı dönəmində iki tərəf arasındakı silahlı mübarizənin başqa bir müstəviyə keçdiyini görürük. Buna ideoloji mübarizə də deyilir. Terrorçu qruplaşmalar təbliğat vasitəsilə müharibəni aparan, eyni zamanda, onun arxasında duran ictimai rəyə təsir etməklə və hərbi əməliyyatların dayandırılması üçün cəmiyyət içərisində təşviş və fikir qarışıqlığı yaratmaqla məqsədlərinə nail olmağa çalışırlar. Müharibə şəraitində bu üsuldan dünyadakı bütün tərəflər və ya qüvvələr istifadə edirlər.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl PKK-nın “savaş uğurları” ilə bağlı yalan xəbərlər yayan iri media qurumları barədə danışarkən söyləyib. O bildirib ki, “Zeytun budağı” əməliyyatı zamanı Türkiyə və ASO qüvvələri uğur qazandıqca qarşı tərəf də maksimum dərəcədə onların uğursuzluğu haqqında yalanlar yaymağa çalışır:
 “Ümumiyyətlə, müharibə zamanı internetdən götürülmüş və ya əsası olmayan xəbərlərin verilməsi doğru deyil. Çünki hazırda Afrin bölgəsində ciddi bir antiterror əməliyyatı aparılır. Qarşıdakının məqsədi terrorçuları sadə vətəndaş kimi təqdim edərək, Türkiyənin apardığı əməliyyatlarda hədəflərin terrorçular deyil, mülki vətəndaşlar olduğunu göstərməkdir. Əgər Azərbaycan mətbuatı da bu tələyə düşərsə, yalana inanarsa və bu cür informasiyalar paylaşarsa, əlbəttə ki, bu, qarşı tərəfin işinə yarayacaq. Bəzi saytlar PKK terror təşkilatının əsassız informasiyalarını Azərbaycanda da yaymağa çalışır və beləliklə, bir növ, qarşı tərəfin təbliğatını aparmış olurlar. Bu, əsasən iki məqsədlə həyata keçirilə bilər: birinci təcrübəsizlikdən, ikincisi isə qəsdən. Əslində, bu cür media qurumları Azərbaycanın mövqeyinə qarşı çıxmış olurlar. Azərbaycan Türkiyənin antiterror əməliyyatlarını açıq şəkildə dəstəkləyir və terrordan əziyyət çəkən bir dövlət kimi bu mübarizəyə dəstək verir. Terrorçuların yalan xəbərlərini yaymaq, bir növ, terrora arxa çıxmaq deməkdir. Dolayısı ilə bu cür informasiyalar yayan şəxslər qanunvericiliyə əsasən, məsuliyyətə cəlb edilə bilər”.
Avropa.info saytının baş redaktoru, tanınmış jurnalist Ruslan Bəşirli isə savaş dövründə bu kimi təxribat xarakterli materialların yayılması hallarının tez-tez baş verdiyini deyib:
“Ümumiyyətlə, bu cür dezinformasiyaların yayılması ilə ilk dəfə deyil ki, rastlaşırıq. Lakin indi məsələ fərqlidir. Türkiyə PKK terror təşkilatına qarşı savaşır. Türkiyəyə qarşı bu savaş zamanı “qara piardan” istifadə edənlər həmin terror təşkilatının himayəçilərinə çevrilirlər.
Türkiyə ordusu PKK/PYD terrorçularına qarşı uğurlu bir əməliyyat həyata keçirir və dəlilləri də mövcuddur. Xatırladım ki, Türkiyə bir müddət öncə, İŞİD-ə qarşı “Fərat qalxanı” əməliyyatını keçirəndə də adlarını çəkdiyiniz media orqanları “qara piar” aparırdılar. Sonu nə oldu? Türk ordusu Azad Suriya Ordusu ilə birgə böyük bir ərazini İŞİD-dən azad etdi. Həmin “qara piar” kampaniyası iflasa uğradı. Bu cür dezinformasiyaların ömrü uzun çəkmir. Ümid edirəm ki, “Zeytun budağı” əməliyyatında da belə olacaq”.
Qeyd edək ki, PKK-PYD terror qruplaşması Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatına qarşı apardığı qarayaxma kampaniyası çərçivəsində fərqli vaxtlarda, fərqli ərazidə çəkilmiş fotolardan istifadə edir (Ətraflı BURADA). PYD/PKK tərəfdarları sosial şəbəkələrdə paylaşdığı görüntülərlə türk ordusunun Afrində ağır itkilər verməsi ilə bağlı yalan informasiyalar yayır. Bu yalanları “adı açıqlanmayan YPG rəsmiləri”nə istinadla dünyanın böyük agentlikləri, o cümlədən “RİA Novosti” də tez-tez yayır.
Bu yalanları dünyanın mötəbər agentliklərinin yayması isə onların genişlənməsinə səbəb olur. Təsadüfü deyil ki, Türkiyə XİN rəhbəri M.Çavuşoğlu “avropalı ekspertləri “terrorçulara inanmaq istəyində” suçlamışdı.