“AES Rusiyadan asılılığa düşmək deməkdir” - EKSPERTLƏR RUSİYANIN TƏKLİFİNİN RƏDD EDİLMƏSİNİ İSTƏYİR

Baxış sayı:
7636

Rusiya Azərbaycanda da Atom Elektrik Stansiyası (AES) tikmək istəyir. Bununla bağlı Rusiyanın dövlət şirkəti olan “Rosatom”un baş direktoru Aleksey Lixaçov Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün nəticəsini şərh edərkən məlumat verib.

Bildirib ki, Rusiya Azərbaycanda AES tikməyi təklif edib: “AES azərbaycanlı tərəfdaşlarımız necə istəsə, elə də olacaq. Biz güclü stansiya təklif edirik”.

Onun sözlərinə görə, Azərbaycanın özəlliyi tələbatın ciddi şəkildə artmasındadır. Baş direktor qeyd edib ki, 2018-ci ildə azərbaycanlıların elektrikə olan tələbatı və istehsalı 14 faiz artıb və bu, böyük rəqəmdir. Xatırladaq eyni təklifi ötən il A.Lixaçov özü Azərbaycan prezidentinə təklif etmişdi. Baş verənlər göstərir ki, Rusiya faktiki olaraq, təklifdən daha irəli gedərək, prezident səviyyəsində Azərbaycanı AES tikməyə razı salmağa çalışır.

Azərbaycana AES lazımdırmı? Ekoloji və iqtisadi baxımdan belə bir layihə nə qədər əlverişlidir? Nəhayət, Rusiyanın tikəcəyi stansiya bizim üçün siyasi-strateji baxımdan nə qədər səmərəli ola bilər?

AES Rusiyadan asılılığa düşmək deməkdir

sahin-2.jpg (37 KB)

Politoloq Şahin Cəfərlinin fikrincə, AES tikintisi çox böyük pullar tələb edən işdir:“Əgər sənin lazımi elmi-texnoloji imkanların yoxdursa, AES onu inşa edib, istismarını həyata keçirən ölkədən (şirkətdən) asılılıq deməkdir, xüsusən neoimperial maraqlarını hər şeyin önünə qoyan şimal qonşumuzdan söhbət gedirsə. AES həm də risk deməkdir, xüsusən də bu sahədə keçmişi şübhəli, yüksək texnologiyaların tətbiqində öndə gedənlər sırasında olmayan ölkə tərəfindən inşa ediləcəksə”.

Politoloqun sözlərinə görə, Azərbaycan kimi nəhəng sənaye potensialı olmayan, eyni zamanda özü enerji daşıyıcıları hasil və ixrac edən balaca ölkənin AES-ə ehtiyacının olması da şübhəli məsələdir: “Dünyada müasir trend AES-dən tədricən imtina edib yaşıl enerjiyə keçməkdir, bu dövrdə AES-ə nə dərəcədə həyati ehtiyac var, bu da ən azı mübahisəlidir. Rusiya AES layihələrini həm geopolitik, həm də ticari səbəblərlə müxtəlif ölkələrə təklif edir. AES-i başqası gəlib inşa edərək işlədəcəksə, bunun asılılıq olacağını yuxarıda qeyd etdik. AES tikintiləri Rusiyaya həm də ona görə lazımdır ki, davamlı gəlir mənbələri yaratsın, “Rosatom”u saxlaya bilsin, öz alim və mühəndislərinin ölkəni tərk etməsinin, yəni “beyin axını”nın qarşısını alsın. Bu, bizim yox, Rusiyanın problemidir. Türkiyə bu səhvi etdi, biz etməyək. Amma bölgədəki Rusiya reallığını unutmadan bu ölkə ilə iqtisadi əlaqələrin inkişafı normaldır və lazımlıdır, o ayrı məsələ”.

İlham Şaban.jpg (90 KB)

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban xatırladır ki, Azərbaycanda 4 nüvə reaktorundan ibarət AES-in tikilməsi Sovet dövründə planlaşdırılmışdı: “Rusiya Azərbaycana qeyri-adi təklif irəli sürüb. “Rosatom” rəhbərinin dediyindən belə anlaşılır ki, təklifi prezidentlərin görüşündə Vladimir Putin səsləndirib. “Rosatom”un rəhbəri də cidd-cəhdlə bunun bizə lazım olduğunu isbatlamağa çalışır. Onların nümayəndələri deyirlər ki, 1981-ci ildə – 26-cı qurultayda Azərbaycanda AES tikilməsinə dair qərar qəbul olunub, layihənin icrasına başlanıb, Nəvaidə torpaq-bünövrə işləri də həyata keçirilib. Sadəcə, Ermənistanda baş vermiş zəlzələ nəticəsində bu işlər mərkəzləşdirilmiş qaydada dayandırılıb. Yoxsa sizin AES artıq hazır olacaqdı və o, Qafqazın ən böyük belə stansiyasıydı. Çünki Ermənistandakı stansiya 2 reaktorlu idi, bu 4 reaktorlu olacaqdı. Sovet dövründə ayrı-ayrı respublikalarda inşa olunan sənaye müəssisələri yalnız həmin respublika üçün hesablanmırdı. Məsələn, Mingəçevirdə – Azərbaycanın əsas sənaye potensialının cəmləşdiyi Abşerondan nə qədər uzaqda yaradılan enerji habı yalnız Azərbaycan üçün hesablanmamışdı. Oradakı “Azərbaycan” İstilik Elektrik Stansiyasından Ermənistan və Gürcüstana da enerji verilirdi”.

Ekspertin sözlərinə görə, son illərdə Rusiya ilə Azərbaycanın ticarət əlaqələrində üstün paya hərbi sursat və silah malik olub: “BMT-nin hesablamalarına görə, 2005-2016-cı illərdə Azərbaycan silahlanmaya 23 milyard dollar yaxın vəsait xərcləyib. Bunun 80 faizə yaxını Rusiyanın payına düşür. İndi Azərbaycan bunu daha rasional reyslərə keçirdir. Rusiya isə Azərbaycanla icra etmək üçün yeni qlobal layihələr axtarır. Bundan əvvəl bu Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi idi. Lakin həm Rusiya, həm də İran sanksiyalara məruz qaldıqdan sonra bu layihə müvəqqəti də olsa bir kənara qoyulub. Azərbaycan regionun ən varlı ölkəsidir, valyuta ehtiyatlarının həcmi 50 milyard dollar yaxınlaşır. Belə ölkələrə hamı öz xidmətlərini təklif edir. Bu sırada Rusiya da öz mal və xidmətlərini Azərbaycana satmaq istəyir – həm də yaxşı əlaqələrinin hesabına. Bu zaman əlbəttə, kapitalyönümlü layihələrə üstünlük verilir”.

8 il və 10 milyard dollar nə qədər səmərəlidir?

İ.Şaban qeyd edir ki, hazırda 1000 MVt-lıq bir stansiyanın dəyəri minimum 10 milyard dollardır: “Bu, hələ yalnız kapital qoyuluşudur. Rusiya artıq öz imkanlarından istifadə edərək bu ideyanı Qazaxıstan və Özbəkistanda reallaşdırır. Baxın, Türkiyədə də Rusiya AES tikir. Fərq burasındadır ki, Qazaxıstan və Özbəkistan enerji ilə zəngin ölkələrdir, amma Türkiyə elektrik enerjisini də idxal edir. Neftin qiyməti 100 dollar olanda Türkiyə dünyanın üçüncü ölkəsiydi ki, 55 milyard dollarlıq neft, neft məhsulları, qaz və elektrik enerjisi alırdı xaricdən. Bu baxımdan, Türkiyə düzgün addım ataraq AES tikir. Türkiyə son məhsul istehsalçısı olan ölkədir – 24 saat istehsal gedir. Buna görə də bu ölkəyə enerji lazımdır. Özü də Türkiyə istehsal xərclərində enerjinin payına baxsaq, ən qənaətcil ölkələrindən biridir. 80 milyon əhalisi, 800 milyardlıq Ümumi Daxili Məhsulla illik qaz istehlakı 50 milyard kubmetrin altındadır. Rusiya onunla müqayisəyə belə gəlməz. Rusiya 650 milyard kubmetr qaz hasil edir, 200 milyardını satır, qalan 450 milyardını daxildə istifadə edir. 140 milyon əhalisi, 1,2-1,3 trilyon dollarlıq ÜDM-i var. Yəni faydalı iş əmsalına görə Türkiyə çox irəlidə gedən bir ölkədir. Bu ölkənin AES tikmək qərarı dəstəklənməlidir, çünki onlar enerjidən səmərəli istifadə etmək bacarığına malikdirlər. Bu gün Türkiyədə istehsal edilən külək enerjisinin maya dəyəri qonşu Bolqarıstan, İtaliya, Yunanıstandan daha ucuzdur. Bir kilovatt/saat külək enerisi 6,2 avro/sentə əldə olunur. Amma Avropa ölkələrində bu, 9-13 avro/sentə başa gəlir. Buna görə də SOCAR İzmirdə külək stansiyaları quraraq enerji satır, çünki kommersiya baxımından rentabelli biznesdir”.

rosatom.jpg (34 KB)

Mərkəz rəhbərinin sözlərinə görə, Rusiya tərəfi öz təklifini müxtəlif arqumentlərlə əsaslandırmağa çalışır: “Mən xatırlayıram ki, 2000-ci ilin may ayında Rusiya Azərbaycana onlardan qaz alaraq elektrik stansiyalarını mazutdan qaza keçirməyi təklif etdi. Bildirdilər ki, qaza keçid şərti yanacaq sərfi və ekoloji baxımından daha sərfəlidir, əvəzində mazutu baha qiymətə xaricə sata bilərsiniz. Bu zaman siz həm ekologiyada udursunuz, həm də maliyyə baxımından. Həmin ilin oktyabrında Azərbaycan Rusiyadan qaz idxalına başladı. İlkin mərhələ üçün bu təklif əlverişli idi. Amma 2 ildən sonra dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə Rusiya qazın qiymətini yüz faiz artırdı. İndi “Rosatom”un rəhbəri deyir ki, sizin üçün 1000 MVtl-lıq stansiya tikirik, yanacağı satırıq sizə, ona xidməti də həyata keçiririk – sonradan istismar xərclərinə daxil ediləcək, mütəxəssislər də hazırlayırıq – bu da daha bir xərc maddəsidir, eyni zamanda yanacağın qalığını(uran) öz poliqonlarımızda basdırırıq- yenə əlbəttə, haqqı ödənməklə. Deyir ki, bizim hesablamamıza görə, nəticədə Azərbaycan hər il 700-800 milyon kubmetr qaza qənaət edəcək, onu sataraq gəlir əldə edəcək. Azərbaycanın pulu tam şəkildə ödəmək imkanı olmazsa, biz kredit verərik, sonradan qənaət edilən qazın pulu ilə onu ödəyər. Belə baxanda, pis təklif deyil. Amma məsələ burasındadır ki, Azərbaycan enerji ilə zəngin ölkədir. Bizi öz enerjisi olmayan Türkiyə ilə eyni çəkiyə qoyub, eyni təklif vermək doğru deyil. Digər tərəfdən, Azərbaycan öz enerji menecmentini təkmilləşdirməklə, enerji istehsalı və istifadəsində faydalı iş əmsalını Avropa deyil, Türkiyə səviyyəsinə çatdırmaqla böyük nəticələr əldə edə bilər. Dövlət Statistika Komitəsinin məlumatına baxsaq, elektrik enerjisinin ötürülməsi və paylayıcı sistemində, aşağı qazpaylayıcı şəbəkələrindəki 700-800 milyon kubmetrlik qaz itkisinin səviyyəsini aşağı salsaq, bizim əlavə böyük güclərə ehtiyacımız olmaz. Əsas da qazdan başlamaq lazımdır. Çünki Azərbaycanda illik qaz istehlakının 45-50 faizi enerji istehsalı müəssisələrinin payına düşür – ildə 5 milyard kubmetrə yaxın. Qazdan əldə olunan enerjinin ötürülməsi və paylanması zamanı da itkilər olur. İndi enerji sisteminin idarəetməsində, ötürmə və paylama sistemlərində, istehsal güclərinin artırılması istiqamətində ciddi işlər görülür. Bunları həyata keçirməklə, biz onsuz da ciddi qənaətə nail olacağıq, enerji istehsalı və paylanmasında səmərəlilik yüksələcək. “Rosatom” rəhbəri deyir ki, siz iqtisadi baxımdan sürətlə inkişaf edirsiniz, ona görə enerjiyə tələbatınız sürətlə artacaq. Mən xatırlayıram ki, 2000-ci ildə ruslar deyirdilər ki, 2010-cu ildə Azərbaycanda qaza olan tələbat ildə 16 milyard kubmetrə çatacaq. Bu, havadan götürülmüş rəqəm idi. 2018-ci ildə illik istehlak 11,2 milyard kubmetr olub. Digər tərəfdən, dünya hazırda başqa istiqamətdə inkişaf edir – hər bir sahədə energisaving qurğulardan istifadə olunur. 10-15 il əvvəl hamı 50-100 vattlıq lampalardan istifadə edirdi – indi 5-10 vattlıq leddən. İşığı da əvvəlki 100 vattlıqlardan daha güclü. Yəni dünya enerjiyə qənaət edən avadanlıqlara, qurğulara keçir.”

rusiyada-vetendasligi-olmayanlar-ucun-buraxilacaq-24188.jpg (98 KB)

Mütəxəssis AES tikintisinin maliyyə-kommersiya baxımından da Azərbaycan üçün səmərəli olmadığını deyir:“10-11 milyard dollar sərmayə qoyacağıq, ən yaxşı halda – 2020-ci ildə müqavilə imzalansa, 2028-ci ildə hazır olacaq. Yəni bu, uzun prosesdir. Atom energetikası alternativ energetikanın bir hissəsi olsa da, bahalı, ekoloji baxımdan riskli sahə olduğuna görə geniş təşəkkül tapmayıb. Son illərdə isə bu energetikadan imtina yolu tutulub bütün dünyada. Külək və günəş enerjisi son on ildə çox böyük inkişaf yolu keçib. Hazırda külək elektrik stansiyalarının qiyməti günəş ES-lərdən 40 faiz və daha çox bahadır. GES-lər çox effektlidir, yeganə mənfi cəhəti çox böyük sahə tutmalarıdır. Bügünkü qiymətlə 1,5 milyard dollar investisiya yatırmaqla, bütün Azərbaycan ərazisində 1000 MVt-lıq külək elektrik stansiyaları qurmaq olar. Yəni eyni gücdə olan AES-dən 6,6 dəfə aşağı məbləğə! Özü də bu texnologiyalar çox yüksək inkişaf edir. Artıq ABŞ, Yaponiya, Benilüks ölkələrində külək enerjisi ilə qazdan alınan elektrik enerjisinin qiyməti eynidir. 2008-ci ildə şist neftin maya dəyəri 189 dollar idi, indi 40 dolların altındadır. Yəni texnologiya elə sürətlə inkişaf edir ki, maya dəyəri aşağı düşür. 2024-2025-ci illərədək rəqəmsal iqtisadiyyat böyük inkişaf yolu keçəcək. Dünyada gedən bu dəyişiklikləri görməzdən gəlib, köhnə texnologiyalı bir sahəyə investisiya etmək necə mümkün ola bilər?”

İ.Şaban əmindir ki, Azərbaycanda alternativ energetika haqqında qanun tezliklə qəbul olunub, bu sahə nüfuzlu xarici şirkətlərin üzünə açılarsa, ölkə çox tezliklə böyük həcmdə əlavə güclər əldə edəcək: “Bu ilin 8 ayında Azərbaycanda 108 milyon kVt/saat alternativ enerji istehsal edilib. Bu zaman külək enerjisi istehsalı ötən ilin eyni dövrünə nisbətən 3,2 dəfə artıb. Yəni əldə olunan alternativ enerjinin 72,4 faizi külək enerjisidir. Bu, çox yüksək göstəricidir. Azərbaycan yaxın 5 ildə 1,5 milyard dollar sərmayə yatırmaqla 1000 Mvt-lıq alternativ enerji əldə edə bilər. Özü də bu stansiyalar sənaye mərkəzlərinə yaxın olmaqla, ötürülmə üçün əlavə xərc tələb etməyəcək, itki olmayacaq. Özü də bu sərmayənin böyük bir hissəsini özəl sektor yatıracaq. Sözümün canı budur ki, dünya bu gün yaşıl enerjini seçirsə, biz də onu seçməliyik. Bu zaman qeyri-real rəqəmlər, proqnozlar səsləndirmək yox, reallığa uyğun hədəflər götürmək lazımdır. Yalnız bu halda uğur əldə edə bilərik”.

Ekspertin fikrincə, hansısa ticari əlaqələrə, tutalım ki, AES tikintisinə görə Rusiyanın Qarabağ məsələsində Azərbaycana real dəstək verəcəyini gözləmək də sadəlövhlük olar: “Belə qeyri-real əsaslandırmalardan da uzaq olmaq, realist olmaq lazımdır. Rusiya sanksiyalar üzündən Qərbə heç nə sata bilmir, öz texnologiya və xidmətlərini Azərbaycan kimi ölkələrə satmağa çalışır. Səbəb budur və bunu görmək lazımdır”.