​“ADU-da tələbələrin fikirləri nəzərə alınmaqla sabah qərar qəbul ediləcək” - NAZİR MÜAVİNİ

“Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin bütün fikirləri nəzərə alınacaq, ölçülüb-biçiləndən sonra qərar qəbul ediləcək”.
Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov ADU-da tələbələrlə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, tövsiyələr ali məktəbin Elmi Şurasına veriləcək.
Nazir müavini qeyd edib ki, sabah saat 14:00-da Elmi Şuranın iclasında veriləcək qərarda tələbələrin bütün fikirləri nəzərə alınacaq: “İndiki halda gələcəyin ziyalıları olacaq tələbələr qəbul olunan qərarları, prosedurları qəbul etməli, onlara hörmətlə yanaşmalıdır. Bu gün kifayət qədər fikirlər eşitdik. Yeni fərqli fikirlər varsa, dinləməyə hazırıq. Azərbaycan Dillər Universitetinin tələbələri hər zaman yüksək təhsili, göstəriciləri ilə digər ali məktəblərin məzunlarından fərqlənir”./apa/