ADPU-nun rektorundan daha 321 NƏFƏR ŞİKAYƏT ETDİ – Birinci vitse-prezidentə müraciət

Baxış sayı:
8533

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun haqsızlığına məruz qalan universitetin sabiq əməkdaşı Vidadi Hüseynovla bağlı Lerik rayon sakinləri Azərbaycan Respublikasının Birinci Vitse-Prezideti Mehriban xanım Əliyevaya 3-cü dəfə müraciət ediblər.

Müraciəti Lerik şəhəri, Vistən, Birkandul, Günəşli, Rəzəvul, Nüvədi, Soru, Noda, Hamarmeşə, Piran və digər kəndlərinin sakinləri (321 nəfər) imzalayıb.
 
Muxalifet.az gununsesi.org-a istinadən həmin müraciəti olduğu kimi təqdim edir:
 
Hörmətli Mehriban xanım!
 
Biz, aşağıda imza edənlər – (321 nəfər) Lerik rayonunun sakinləri həmyerlimiz, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabiq əməkdaşı Hüseynov Vidadi Fərzəli oğlunun tutduğu vəzifədən digər işə keçirmək adı ilə aldadılaraq uzaqlaşdırılması barədə 27 fevral 2019-cu il, 18.03.2019-cu il tarixində etdiyimiz müraciətlərin nəticəsi kimi, Təhsil Nazirliyi bizimlər görüşə Nazirliyin İnsan Resursları şöbəsinə müdiri Eşqi Bağırovla baş tutdu. Eşqi Bağırov bizimlə qeyri-səmimi görünsə də o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərova heç bir söz deyə bilməyəcəklərini qətiyyətlə bildirərək cənab Prezidentə və Sizə ünvanladığımız müraciətin Təhsil Nazirliyinə yönəldilməsini hətta düzgün saymadı. Bizim ona ancaq bu sualımız oldu: onda Prezident Administrasiyası təhsildəki problemlə bağlı Təhsil Nazirliyinə yox, gərək Kənd Təsərrüfatı Nazirliyinə yönəltməlidir?
 
Hörmətli Mehriban xanım, bu cür naşı məmurlar ucbatından görünür şikayət edənlərin sayı artır. Bunlar dövlət Başçısının vətəndaşlarla təmkinlə rəftar etmək, onlara diqqətlə qulaq asmaq, problemlərinin həllinə səy göstərmək hər bir məmurun vəzifə borcudur tövsiyəsi və göstərişləri bunlara şamil deyil, şikayətçiyə qulaq asmaq mədəniyyətləri belə yoxdu. Ən yaxşı halda isə şikayət edənin ərizəsini təkrar şikayətçi olduğun ünvana yönəldilir (Təhsil Nazirliyinin məktubunun surəti əlavə olunur), onlar da özlərinin müdafiəsinə ölçülmüş cavabı yenidən şikayətçiyə göndərirlər. Bu məntiqi başa düşə bilmirik. Görünür bunu bəzi məmurlar bildirmək istəyirlər ki, biz məmuru vətəndaşın ayağına vermərik. Bu qayda məhz insanlarda inamsızlıq və narazılıq yaradan səbəblərdi.
 
Hörmətli Mehriban xanım!
 
Bir daha Sizin nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti rəhbərliyinin Hüseynov Vidadi Fərzəli oğluna qarşı mövqeyi qərəzlidir, heç bir əsaslı söykənəcəyi olmayan münasibətin nəticəsidir. Biz ilk müraciətimizdə haqqını müdafiə etməyə çalışdığımız ziyalı və ona qarşı belə bir mövqe nümayiş etdirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi haqqında ətraflı məlumat vermişdik. Təkrarçılığa yol vermədən narahatçılığımıza, daha çox insanın hiddətinə səbəb olan əks tərəfin dəyişməyən mövqeyi, qaldırılan tələb qarşılığındakı təkzibdə bizə – Lerik sakinlərinə qarşı qeyri-etik eyhamlarla çıxış etmələridir. Bütün bunlar bizim haqlı tələbimizə qoşulanların sayının artmasına, daha təsirli tədbirlərə əl atılmasına yol açır. Lakin biz cənab Prezidentin və Sizin böyüklüyünüzə güvənir, müstəqil Azərbaycanın hər bir vətəndaşına olan diqqət və qayğınıza əsaslanıb ümid edirik ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər təşkilatlarda vəzifə tutan məmurların özbaşınalığına nəhayət son qoyulacaq. Bizim də haqlı tələbimiz – bir ziyalı vətəndaşın pozulmuş hüquqlarının bərpası həyata keçəcəkdir.
 
Hörmətli Mehriban xanım!
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti məsələnin həlli yolunu aramaqdansa, cənab Prezidentə və Sizə ünvanladığımız müraciətlərdən hiddətlənərək Vidadi Hüseynovu ailəsinə məktub yazaraq əsassız məlumatlarla şantaj edərək onu susdurmağa çalışırlar. Vidadi Hüseynovun təhlükəsizliyinin nəzarətdə saxlanması üçün əlaqədar orqanlara göstəriş verməyinizi, məsələnin araşdırılmasının Təhsil Nazirliyindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Dövlət Əmək Müfəttişliyinə yönəldilməsini xahiş edirik.
 
Qoşma: 09 vərəqdə; İmzalar siyahısı əlavə olunur (321 nəfər)