​ADPU-nun gənc prorektoru vəzifəsindən azad olundu – UNİVERSİTETDƏ CİDDİ PROBLEMLƏR AŞKARLANIB

Baxış sayı:
14596

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Səməndər oğlu Mehdiyev vəzifəsindən azad olunub. Muxalifet.az xəbər verir ki, bu haqda universitet daxilindəki etibarlı mənbələrdən informasiya daxil olub. Mənbənin sözlərinə görə, Ümid Mehdiyevin prorektor vəzifəsindən uzaqlaşdırılması son vaxtlar ADPU daxilində aparılan yoxlamalar nəticəsində kifayət qədər maliyyə yeyintisinin aşkarlanması ilə əlaqələndirilir. Yəni bütün sənədlərdə universitetin maliyyə işlərinə cavabdeh şəxs olan Ü.Mehdiyevin imzası olduğundan, rektor Cəfər Cəfərov onu vəzifəsində saxlaya bilməyib. Bununla belə, rektor öz qohumunun, bibisinin nəvəsi olduğu bildirilən gənc prorektorun tamamilə “vurulması”na imkan verməyib və onu özünün müşavir vəzifəsinə təyin edib. Qeyd edək ki, Ümid Mehdiyev Azərbaycanın ən gənc prorektoru olaraq medianın diqqət mərkəzinə düşmüşdü. Çünki o, ali məktəbi bitirər-bitirməz belə bir yüksək vəzifəyə təyin olunmuşdu. Həmin vaxt ADPU daxilində belə söz-söhbət gəzirdi ki, rektor Cəfər Cəfərov özü ilə yanaşı, hakimiyyətdə yüksək səlahiyyət sahibi olan məmurlardan birinin qohumu olan Ümid Mehdiyevi bu vəzifəyə gətirməklə, əslində özünü sığortalamaq niyyətində olub. Lakin son vaxtlar baş verən proseslər onu göstərir ki, əslində, C.Cəfərov gənc və perspektivli kadr olan Ümid Mehdiyevin əli ilə öz çirkin niyyətlərini həyata keçirmək məqsədilə onu bu vəzifəyə təyin etdirib. Hansı ki, bununla Ü.Mehdiyevin kariyerasına da ciddi zərbə vurub... Xatırladaq ki, Ümid Mehdiyev 2016-cı ildə Silkway şirkətlər qrupunun Silkway Technics şirkətində Logistika və Təchizat Departamentində inventarın baş koordinatoru, 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetində “Dəyər Zəncirinin İdarə edilməsi” fənni üzrə müəllim, 2016-cı ildə ADPU-nin rektorunun köməkçisi, 2017-ci ildən ADPU-nin İnzibati və iqtisadi işlər üzrə prorektoru vəzifələrində çalışıb. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.