ADP xəyanətkarların ən ağır formada cəzalandırılmasını tələb edir

Partiya tarix dərsliyində Dağlıq Qarabağ ərazisinin “Böyük Ermənistan” ərazisi kimi verilməsini milli xəyanət hesab edir
 
Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata əsasən, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə GUAM-a daxil olan ölkələrin Gürcüstanda keçirilən toplanısına münasibət bildirib və bu qurumun yenidən dirçəldiməsini, üzv dövlətlərin bir sıra beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etmə təşəbbüslərini təqdir edib. Üzv dövlətlərin ərazilərində yaşanan münaqişəli problemlərin həllində ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin əsas götürülməsi ilə bağlı səslənən bəyanatları müsbət dəyərləndirən partiya yetkililəri, eyni zamanda Azərbaycan xarici işlər nazirinin bu tədbirdə nəzərdə tutulan idman tədbirlərinin GUAM çərçivəsində keçirilməsi haqda bəyanatını GUAM-ın hədəflərinə daxil olan məsələlərdən kənara çıxan bəyanat kimi qiymətləndirib və əsas hədəfin münaqişələrin yaşandığı bu ölkəllərin münaqişənin baş müəllifi olan Rusiyaya qarşı vahid mövqedən çıxış etmək olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti AŞPA sədri Aqromanın tutduğu vəzifəsindən istefa verməsi ilə bağlı məsələyə münasibət bildirib və bu şəxsin uzun müdddət AŞPA ilə Azərbaycan arasında demokratik münasibətlərin gəlişməsinə mənfi təsir göstərməsini, antidemokratik mövqe sərgiləməsini, avtoritar rejimlərin müdafiəçisi rolunda çıxış etməsini qeyd edib və bu quruma seçiləcək yeni sədrin demokratik dəyərlərə sadiq, demokratiyaya münasibətdə ikili standartlardan kənar və  korrupsioner rejimlərlə işbirliyindən uzaq bir rəhbərin seçilməsinin vacibliyini diqqətə çatdırıb.
Demokratlar son vaxtlar Azərbaycanın Avropa Şurası tərkibindən çıxması ilə bağlı hakimiyyət nümayəndələrinin səsləndirdiyi bəyanatlara münasibət bildirib və bu cür bəyanatların, xarici siyasətimizin əsas prioritetlərinə daxil olan Alantik məkana inteqrasiya, iqtisadi, siyasi münasibətlərin Avropa standarlarına uyğun qurulması istiqamətlərinə zidd olduğunu, milli maraqlarımızla uzlaşmadığını, Respublikanı beynəlxalq aləmdən təcrid edə biləcəyini, Rusiyanın ölkəmiz üzərində basqısının daha amansız formada davam edəcəyini narahatlıqla qəbul edib və hakimiyyət nümayəndələrini bu cür təklənmə siyasətinə sürükləyən bəyanatlardan uzaq olmağa və Avropaya inteqrasiya istiqamətində başladılan siyasətə sadiq olmağa çağırıb.
İdarə Heyəti rusdilli məktəblər üçün nəzərdə tutulan kütləvi nəşrə gedən tarix kitablarında tərtib edilən xəritələrdə bir çox Azərbaycan ərazilərinin, o cümlədən Dağlıq Qarabağ ərazisinin “Böyük Ermənistan” ərazisi kimi verilməsini milli xəyanət adlandırıb və bu cür səhlənkar və məsuliyyətsiz addımları ermənilərin “dənizdən dənizə” kimi sərsəm ideyalarının gerçəkləşməsinə xidmət edən fakt kimi dəyərləndirib və Respublika Prokurorluğunu bu işdə əli olan, məqsədyönlü şəkildə vətənə xəyanət edən şəxsləri ən ağır formada cəzalandırmağa çağırıb.
İdarə Heyəti son vaxtlar gündəlik təlabat mallarının, o cümlədən kərə yağının qiymətinin pik həddə çatmasından ciddi narahat olduğunu bildirib və bu cür astronomik qiymət artımının arxasında ölkədə tüğyan edən korrupsiya və rüşvət faktorlarının, monopoliyanın, talançılıq siyasətinin durduğunu qeyd edib və hakimiyyəti onsuzda işsizlik, yoxsulluq içində yaşayan əhalini qiymət artımı ilə üz-üzə qoymaq siyasətindən əl götürməyə, qiymətlər üzərində dövlət nəzarətini gücləndirməyə və əhalinin sosial həyatının yaxşılaşdırılması istiqamətində təcili tədbirlər görməyə çağırıb.
İdarə Heyəti son günlər güclü yağışlar nəticəsində Bakı və ondan kənar rayonlarda yaranmış acınacaqlı vəziyyətə münasibət bildirib və milyardlarla vəsaitin hesabına başa gələn yolların, körpülərin bir-iki günlük yağış seli ilə dağıdılmasının, sıradan çıxmasının əsas səbəbnin həmin vəsaitləri təyinatı üzrə deyil korrupsiya və rüşvətxorluq yolu ilə mənimsəyən məmurların ölkəyə vurduğu iqtisadi zərbə olduğunu diqqətə çatdırıb.
ADP İdarə Heyəti bundan sonra orta məktəblərin öz hesabına maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi əməkdaşlarının səsləndirdiyi bəyanatları qətiyyətlə pisləyib və bu cür yanlış yanaşmanı təhsil hüququna qəsd, antikonstitusion addım, təhsildən yayınma, ölkədə savadsızlaşdırılmaya yol açan hərəkət kimi dəyərləndirib və hakimiyyət orqanlarını təhsildən uzaq olan şəxslər tərəfindən bu cür bəyanatlar səsləndirməsinə dərhal adekvat reaksiya verməyə çağırıb.
İdarə Heyəti partiya sədrinin birinci müavini Həsrət Rüstəmovun 23 sentyabr tarixli mitinqində iştirakına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından işdən azad edilməsinə, o cümlədən bir çox vətəndaşlarla bağlı baş vermiş anoloji hallara da münasibət bildirib. İdarə Heyəti mitinqdə iştiraka görə Həsrət Rüstəmovun və başqalarının işdən azad edilməsini siyasi sifarişlə həyata keçirilən qanunsuz qərar adlandırıb. İdarə Heyəti hesab edib ki, ölkədə baş alıb gedən korrupsiya hallarına vətəndaşların öz konstitusion hüquqlarından qanun çərçivəsidə istifadə edərək etiraz etməsinə görə onların hakimiyyət orqanları tərəfindən cəzalandırılması korrupsiyanın dövlət siyasətinin tərkib hissəsi olduğunu və korrupsiyanın ən yüksək səviyyədə dövlət tərəfindən himayə olunduğunu göstərir. İdarə Heyəti bir daha ADP sədrinin birinci müavini Həsrət Rüstəmovun qeyri-qanuni və siyasi sifarişlə işdən azad edilməsini qətiyyətlə pisləyib, Səhiyyə Nazirliyini və ölkə başçısını H.Rüstəmovun işdən azad edilməsi faktına münasibət bildirməyə çağırıb.
İdarə Heyəti 7 oktyabr etiraz aksiyasının nəticələrinə münasibət bildirib və bir çox insanların mitinqdən əvvəl polis bölmələrinə çağırılaraq təzyiq altında izahatlar alınmasına, önların özlərinə, yaxın və uzaq qohumlarına basqılar edilməsinə, bir çoxlarının əmək qanunvericiliyinə zidd olaraq və siyasi motivlərlə işdən çıxarılmasına baxmayaraq bu mitinqin daha geniş formatda keçirilməsini diqqətə çatdırıb və hakmiyyəti mitinqlərdə iştiraka görə cəza tədbirlərinə əl atmaq siyasətindən uzaq durmağa çağırıb.

Muxalifet.az