​ADP üzvünün yaxınları təqib olunur

Elşad Allahverdiyevin qaynı saxta narkotik ittihamı ilə 4 il 6 ay müddətinə həbs edilib

Bir neçə ay öncə ölkəni tərk etmək məcburiyyətində qalan ADP üzvü, mətbuatda tənqidi yazıları ilə tanınan Elşad Allahverdiyevin yaxınlarına təzyiq olunur.
Bu haqda Muxalifet.az-a verilən məlumata görə, hakimiyyət əleyhinə yazdığı məqalələrlə bağlı dəfələrlə təqib olunan E.Allahverdiyev ölkəni tərk etdikdən sonra, indi də yaxınları hədəfə alınıb. Belə demək olar ki, rejim mənsubları E.Allahverdiyevin “qisasını” onun doğmalarından almağa çalışır.
Bu səbəbdən də Elşad Allahverdiyevin ölkəni tərk etməsinə baxmayaraq, dəfələrlə onun yaşadığı mənzilə gəlib axtarış aparıblar. Onlar ilk öncə E.Allahverdiyevin harada olması ilə maraqlanıblar, daha sonra isə açıq şəkildə bildiriblər ki, Elşad hakimiyyət əleyhinə yazılarını dayandırmasa, yaxınlarının “başı ağrıyacaq”.
Bu təhdidlərdən az müddət sonra isə onun qaynı Mahmudov Eldar Əli oğlu saxta narkotik ittihamı ilə 4 il 6 ay müddətinə həbs edilib.
Bir sözlə, hakimiyyət ənənəvi olaraq mühacirətdə olan müxalifətçilərin ailə üzvlərinə və yaxınlarına qarşı təzyiqləri davam etdirməkdədir. Təsadüfi deyil ki, bundan öncə də bəzi müxalif fəalların yaxınlarını, hətta valideynlərini, bac-qardaşlarını onlardan imtina etməyə məcbur ediblər.