ADP üzvü olan gənc fəal döyüldü

Hakimiyyətin ölkədə yürütdüyü antixalq siyasətini son zamanlar mətbuatda yazıları ilə tənqid edən ADP-çi gənc Anar Hüseynov dünən axşam saatlarında naməlum şəxslərin hücumuna məruz qalaraq döyülüb.
Belə ki, A.Hüseynov axşam saatlarında Gəncə şəhərində yaşadığı ünvana gələrkən tanımadığı 2 nəfər naməlum qadınlar ona yaxınlaşaraq nəyə görə mətbuatda dövlətin və dövlət başçısının ünvanına tənqidi yazılar yazdığını, insanlar arasında dövlətə qarşı nifrət oyatdığını soruşmuşlar. ADP-çi gənc mətbuatda dövlətin deyil, hakimiyyətin əleyhinə yazılar yazdığını deyərək, ölkədə baş verən ictimai-siyasi hadisələrlə bağlı mövqe bildirmək və yazı yazmaq onun hüququ olduğunu, buna görə kiməsə hesabat verməli olmadığını bildirmiş və həmin şəxslərin kimliyini soruşmuşdur. Həmin şəxslər isə A.Hüseynovu nalayiq ifadələrlə təhqir ediblər.
Onların bu hərəkətlərinə reaksiya verən ADP-çi gəncə qarşı həmin şəxslər hücum edərək döyməyə başlamış, A.Hüseynovu, onun təmsil olunduğu təşkilatı və rəhbərliyini təhqir edərək bildiriblər ki, mətbuatda hakimiyyətin ünvanına sərt yazılarını davam etdirəcəyi və insanlar arasında hakimiyyətə qarşı nifrət hissi aşılayan məqalələri yazacağı halda başına oyun açacağıq, digər dostların kimi səni də şərləyib türməyə soxacağıq, hansısa dövlət orqanına şikayət etməyin də səni xilas etməyəcək. Onlar həmçinin ADP-çi gəncin təmsil olunduğu partiyadan istefa verməyi tələb ediblər. Baş vermiş hadisənin səs-küyünə ətrafda olan insanlar gələrək ADP-çi gənci həmin şəxslərin zorakılığından müdafiə ediblər. Hadisə yerinə toplaşan insanların çoxluğunu görən həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşmışlar. Hava şəraiti qaranlıq olduğuna görə həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmayıb.
 
Muxalifet.az