ADP “Turan”a qarşı təzyiqləri pislədi - BƏYANAT

Partiya hakimiyyəti “Turan” İnformasiya Agentliyinə qarşı açılmış cinayət işinin durdurulması yönündə ciddi tədbirlər görməyə çağırıb
 
Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi dəyişiklər əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə Rusiya prezideti V.Putinin Gürcüstanının yurisdiksiyasına daxil olan Abxaziya ərazisinə səfərinə münasibət bildirib. Qeyd edilib ki, bu səfərin arxasında faktiki olaraq separatçı rejimin Rusiya tərəfindən dəstəklənməsi durur ki, bu da beynəlxalq hüququn ölkələrini ərazi bütövlüyünün qorunması ilə bağlı vacib prinsipinin kobud şəkildə pozulması anlamına gəlir. Partiya rəsmiləri V.Putinin Gürcüstanın ərazi bütövlüyü və suvereniyinə sayqısızlıq nümunəsi olan bu səfərini qətiyyətlə pisləyib və hakimiyyəti beynəlxalq səviyyədə separatizmin əleyhinə yönəlik verilən qərarların qəbulunda aktiv iştirak etməyə çağırıb.
İdarə Heyəti son vaxtlar cəbhə bölgəsində yaranan gərginliklərdən, erməni silahlı qüvvələrinin Tovuz ərazisində dinc sakinlərə atəş açmasından ciddi narahat olduğunu bildirib. Dağlıq Qarabağ ərazisindən tam kənar bir ərazidə bu hücumların təşkil edilməsinin arxasında Rusiyanın imperiya siyasətinin durduğuna diqqət çəkən partiya rəsmiləri bu cür təcavüzkar hücumları Ermənistanın işğal siyasətinin davamı kimi qiymətləndirib və hakimiyyəti düşmənin susdurulması, ordumuz tərəfindən ona layiqli cavab verilməsi istiqamətində radikal addımlar atmağa çağırıb.
İdarə Heyəti “Turan” İnformasiya Agentliyinə vergidən yayınma adı altında cinayət işi açılması faktından ciddi narahat olduğunu bildirib və ölkənin ilk alternativ informasiya mərkəzlərindən olan, azad mətbatın formalaşmasında layiqli xidmət göstərən bir KİV orqanına qarşı göstərilən bu basqını azad fikrə, söz, mətbuat azadlığına, insanların alternativ informasiya almaq hüququna qarşı repressiv addım kimi dəyərləndirib, bu cür cinayət işlərinin sırf siyasi mötivlər üzərində qurulduğunu diqqətə çatdırıb və hakimiyyəti “Turan” İnformasiya Agentliyinə qarşı açılmış cinayət işinin durdurulması yönündə ciddi tədbirlər görməyə çağırıb.
İdarə Heyəti ABŞ-ın Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra Rusiyanın separatçı rejimlərlə işbirliyinin gücləndirilməsi, postsovet məkanına daxil olan ölkələri təhdid altında saxlamaq cəhdləri, İranda türkdilli soydaşlarımıza qarşı təqiblərin artırılması, parlamentdə soydaşlarımızın milli, mədəni, sosial problemlərinin qaldırımasında aktivlik göstərən türkdilli fraksiyasının ləğv edilməsi faktından ciddi narahat olduğunu bildirib və beynəlxalq təşkilatları adı çəkilən ölkələrin beynəlxalq hüquqla bir araya gəlməyən hərəkətlərinə qarşı səylərini birləşdirməyə çağırıb. 

Muxalifet.az