ADP ölkənin böhrandan xilas olma yollarını AÇIQLADI

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə yaranmış gərgin sosial-iqtisadi vəziyyət, manatın məznnəsinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkə əhalisinin iqtisadi böhranla üz-üzə qalması, hakimiyyətin yaranmış böhrandan çıxmaq üçün göstərdiyi çabalar, bütövlükdə iqtisadi sistemimizin çöküşünə aparan bir sıra iqtisadi-siyasi amillər müzakirə obyekti olub və bir sıra təkliflər irəli sürülüb.
İdarə Heyəti belə hesab edir ki, hakimiyyətin sosial-iqtisadi böhranla bağlı atdığı addımlar mövcud vəziyyətdən xilas olmaq üçün adekvat reaksiyalar deyil və istər əmək haqlarının cüzi artımı, istərsə də özəlləşdirmə istiqamətində edilən cəhdlər əsaslı dəyişikliklər yarada bilməz.
İdarə Heyəti 1993-cü ildən başlayaraq sənaye müəssisələrinin özəlləşdirilməsinin düzgün istiqamətdə və səmərəli aparılmamasını, bu islahatların rentabelli olmamasını, dövlətin iqtisadi həyatında müsbət dəyişiklilər yaratmadığını, əksinə dünya təcrübəsinə söykənməyən bu özəlləşmənin milli iqtisadiyata böyük ziyan vurduğunu nəzərə alaraq həmin müəssisələrin yenidən milliləşdirilməsini zəruri hesab edib.
İdarə Heyəti həmçinin manatın məzənnəsinin devalvasiyaya uğraması nəticəsində ölkə prezidentinin əhalininin müəyyən kəsiminin əmək haqlarının az miqdarda artırılması ilə bağlı sərəncam verməsini istər Konstitusiya, istərsə də vətəndaşlar arasında ədalətsiz bölgü aparılması baxımından məqbul hesab etməyib və bu məsələnin Nazirlər Kabinetinin hazırladığı iqtisadi proqramla tənzimlənməsinin daha effektli və qanunauyğun olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti hakimiyyətin yaranmış sosial-iqtisadi böhrandan çıxış yollarından biri kimi strateji obyektlərin özəlləşdirilməsi barədə səsləndirdiyi bəyanatların  millətimiz üçün zərərli olduğunu bildirib və bundan əvvəl aparılan özəlləşdirmələrin ortaya qoyduğu itkilər göz qabağında ikən yenidən su, kommunikasiya, elektrik, neft sektoru kimi strateji sahələrin özəlləşdirilməsinin yol verilməz olduğunu diqqətə çatdırıb.
Muxalifet.az