ADP fəalı mitinqdən sonra döyüldü

Elnur Nəbiyevdən mitinqlərə qoşulmamaq tələb edilib
 
Milli Şuranın 11 sentyabr 2016-cı il tarixdə “Talana son!” və “Monarxiyaya yox!” şüarı altında keçirdiyi mitinqdə aktiv iştirak etdiyinə və aksiya zamanı hakimiyyətin ünvanına radikal şüarlar səsləndirdiyinə görə, ADP fəalı Elnur Nəbiyev aksiyadan sonra naməlum şəxslər tərəfindən döyülüb.
Belə ki, E.Nəbiyev aksiya başa çatdıqdan sonra axşam saatlarında yaşadığı ünvana piyada getdiyi zaman 2 nəfər idmançı görkəmli şəxsin hücumuna məruz qalıb. Həmin şəxslər onu mitinqə qatıldığına və aksiya zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirdiyinə görə, nalayiq ifadələrlə təhqir etməyə başlayıblar. Onların bu hərəkətlərinə reaksiya verən ADP fəalına qarşı həmin şəxslər hücum edərək döyməyə başlamış, onu təhqir edərək bildiriblər ki, aksiyalara qoşulacağın halda başına oyun açacağıq, digər dostların kimi səni də şərləyib türməyə soxacağıq. Onlar həmçinin ADP fəalından mitinqlərə qoşulmamağı və təmsil olunduğu partiyadan istefa verməyi tələb ediblər.
Baş vermiş hadisənin səs-küyünə ətrafda olan insanlar gələrək ADP fəalını həmin şəxslərin zorakılığından xilas ediblər. Hadisə yerinə toplaşan insanların çoxluğunu görən həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşıblar. Hava şəraiti qaranlıq olduğuna görə həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmayıb.
ADP fəalına qarşı törədilən zorakılıq sözsüz ki, hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilib. Çünki, ölkədə olan mövcud rejim zaman-zaman müxalifət düşərgəsinin aktiv üzvlərinə, o cümlədən ADP fəallarına qarşı bu cür iyrənc metodlardan istifadə edib. Xatırladaq ki, E.Nəbiyev siyasi fəaliyyəti ilə bağlı zaman-zaman hakimiyyət orqanlarının təqib, təzyiq və zorakılıqları ilə üzləşib. E.Nəbiyevə qarşı törədilən bu özbaşınalıq sözsüz ki, onun siyasi fəaliyyəti və müxalifətin təşkil etdiyi aksiyalarda aktiv iştirakı ilə bağlıdır. Hakimiyyət orqanlarının müxalif fəallara qarşı bu cür qanunsuz və özbaşına hərəkətlərinin məqsədi insanlarda xof yaratmaq onları siyasi fəaliyyətdən, mübarizədən və mitinqlərə qatılmaqdan çəkindirməkdir. Bu cür metodlar effekt verməyəndə isə müxalifətçi fəalların ya cibinə narkotik atır ya evindən silah “çıxarır” ya da başqa bir qondarma və saxta ittihamla həbsə atır. Necə ki, bu gün yüzlərlə müxalifət fəalı hakimiyyətin qondarma, saxta ittihamları ilə türmələrdə çürüyür.